İlham Əliyev Ankarada dünyaya mesaj verdi

İlham Əliyev Ankarada dünyaya mesaj verdi

“Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz bu dəhşətli terror aktını qətiyyətlə qınayırıq və türk xalqının yanındayıq. Birliyimiz əbədi, sarsılmazdır”.

Bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan və Türkiyə yaxşı və ağır günlərdə daim bir-birinin yanındadır: “Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir”.

“Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir” deyə prezident əlavə edib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Ankarada Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. O xatırladıb ki, ötən il Türkiyə “G-20” toplantısına Azərbaycanı dəvət edib: “Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”.

Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”.

Xəbər 617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR