Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncamın əlavəsindəki yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 635,1 hektar hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər”.
***
Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci və 29.0.10-2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir.
2. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364) 2.3-cü bəndinə "29.0.6-cı,” sözlərindən sonra "29.0.10-1-ci, 29.0.10-2-ci,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
4.1. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci və 29.0.10-2-ci maddələrinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiq etsin;
4.2. "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin”.
Xəbər 273 dəfə oxunub.