Mətbuatda məlumat yayılıb ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət ikinci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək. Ehtiyat edirəm ki, bu yenilik əks effekt verəcək.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ultrasəs müayinəsindən (USM) sonra bəzi ailələr ikinci qız, daha doğrusu, 10 min manat arzusu ilə oğlan döllərini məhv etməyə başlayacaqlar: "Bununla da ölkəmizdə 10 illiklərdən sonra ciddi surətdə oğlan (kişi) qıtlığı yarana bilər. Bu isə öz növbəsində ərə gedə bilməyən qızlar, çatışmayan əsgərlər, yaranmayan ailələr və doğulmayan uşaqlar, mənəviyyat prinsiplərinin pozulması halları deməkdir. Ona görə də ikinci qız olmağa həvəsləndirməyə deyil, cəmiyyətdə maarifləndirməyə daha böyük önəm vermək lazımdır".
Milli.Az-ın xezerxeber.com-a istinadən xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycanda ikinci qızı olan valideynlərə mükafat veriləcək. Yeni doğulan uşaqların nisbətində oğlanların sayının qızları xeyli üstələməsi dövləti belə bir addım atmağa sövq edir. Artıq mükafatın məbləği və verilmə qaydaları ilə bağlı müəyyən təfərrüatlar da məlumdur.
Yeni doğulan qız uşaqlarının sayının azalması dövləti hərəkətə keçirib. Belə ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət 2-ci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək.
Yeni mükafatlandırma sistemi 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na daxil ediləcək. Bildirilib ki, ikinci qız dünyaya gəldikdə onun adına bank hesabı açılır. Təklifdə qız ailələrinə mükafatın ya birdəfəlik, ya da ki mərhələlərlə 18 yaşına kimi verilməsi nəzərdə tutulur.
Nazir açıqlamasında bildirib ki, yeni təkliflərdən biri də abortların ləğvi ilə bağlıdır.