Noyabrın 6-da həyata keçirilmiş əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra Şəmkir Sərhəd Dəstəsinin “Burunqovaq” və «Qazangöl» sərhəd zastavası kompleksləri xidməti istifadəyə verilib.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək şəxsi heyəti təbrik ediblər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib, yeni istifadəyə verilən sərhəd zastavalarının bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib. Samux Rayon İcra Hakimiyyəti tərəfindən sərhəd zastavalarına qiymətli hədiyyələr təqdim edilib.
General-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası komplekslərində yaradılmış şəraitlə tanış olub. Hasara alınmış sərhəd zastavası komplekslərinin yolları təmir edilmiş, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Müasir tələblərə cavab verən sərhəd zastavalarında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxanalar, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, zabit və gizirlər üçün yeni tikilmiş, zəruri mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.
DSX rəisi sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşüb. Yerli sakinlər yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı verdikləri dəstəyə görə sərhədçilərə təşəkkür edərək, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşlarla görüşlərindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.