Respublika Şahmat Klubunda 16 yaşlı oğlanlar arasında keçirilən Bakı birinciliyi sona çatıb.
18 şahmatçının yarışdığı turnir maraqlı və gərgin keçib. Bu turnirdə gənc şahmatçılar həm də Azərbaycan çempionatının finalına üç vəsiqə uğrunda mübarizə aparıblar.
Yarışda gərgin mübarizə üçüncü yer uğrunda baş tutub, çünki turnirin sonuna iki tur qalmış liderlər – Altay Eynullayev və Atilla Eynullayev rəqiblərindən bir xal irəlidə olublar. Nəticədə üçüncü yeri 4 nömrəli RIOEUGİŞM-in şagirdi Emil Mehrəliyev qazanıb. Emil məşqçi Orxan Abdulovun yetirməsidir.
Bakı Birinciliyinin ilk iki medalı isə Eynullayev qardaşlarına qismət olub. Yarışın gümüş mükafatı Atilla Eynullayevin, qızıl isə Altay Eynullayevin aktivinə yazılıb. Hər iki qardaş 3 nömrəli RIOEUGİŞM-in yetirmələridir və məşqçi Rasim Əliyevin rəhbərliyi altında şahmatın sirlərini öyrənirlər.
Xatırladaq ki, Altay və Atilla Eynullayev qardaşları ötən il də eyni nəticəni 14 yaşlılar arasında keçirilən Bakı birinciliyində qazanmışdılar.
Xəbər 481 dəfə oxunub.