Son devalvasiyadan sonra ölkədə bir çox malların qiyməti süni olaraq qaldırılıb.
Xüsusilə də rayonlarda un tapmaq çətinləşib. Unun həm qiyməti qalxıb, həm də satışı demək olar dayandırılıb.
Bununla bağlı deputat Fəzail Ağamalı ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham edib.
Bu məsələyə deputat Araz Əlizadə Ölkə.Az-da münasibət bildirib:
"Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Obyktiv səbəb məlumdur, manatın devalvasiyası. Subyektiv səbəb isə bizim biznesmenlərin vətəndaş yox, qarətçi olmalarıdır. Biznesmenlərimiz qazanmaq yox, oğurlamaq, çapıb talamaq istəyirlər. Bizim biznesmenlərdə nə vətənpərvərlik var, nə də biznes mədəniyyəti. Küçələrdə mağazaların üstünə yazıblar 70% endirim. Gör bunlar o malın üstünə nə qədər pul qoyublar ki, hələ indi 70% aşağı satırlar. Zərərə heç kəs işləməz.
Azərbaycanda buğda, dənli bitki istehsalı normal vəziyyətdədir. Biz özümüzü təmin edə bilirik. Bu cəhətdən təhlükəsizlik təmin olunub. Unu da öz dəyirmanlarımızda üyüdürük. Onda sual olunur ki, niyə unun qiyməti qalxmalıdır?
Əfsuslar olsun ki, o iki deputat həmkarımı tanımıram, üzdən belə tanımaram. Necə ola bilir ki, ölkədə iki nəfər, özü də deputat, unu inhisarında saxlayır. Prezident İlham Əliyev bildirdi ki, inhisarçılığa son qoyulmalıdır. Ona görə də, bu inhisara da son qoyulmalıdır. Buğda dövlətin strateji ehtiyatıdır. Dövlətin bildiyim qədər buğda və un ehtiyyatı var. Ona görə də, dövlət burada məsuliyyəti öz üzərinə götürməlidir".
Qeyd edək ki, süni qiymət artımı ilə bağlı reydlər keçirilir. Süni qiymət artımı edən sahibkarlar dərhal cərimələnir.
// Aktual.az