III Dünya müharibəsi baş verə bilərmi?

III Dünya müharibəsi baş verə bilərmi?

Suriya böhranında dünyanın əsas güc mərkəzlərinin maraqlarının toqquşması və bu qarşıdurmada hərbi gücdən aktiv istifadə edilməsi faktları bəzi ekspertlər tərəfindən III Dünya müharibəsinin baş verə biləcəyi ehtimalının artması kimi dəyərləndirildi.

Öncə III Dünya müharibəsinin baş verməsi üçün səbəblərə nəzər salaq.

Bu müharibə ona görə baş verə bilər ki, dünyanın iki ən böyük hegemon ölkəsi ABŞ və Rusiya Suriyada hərbi əməliyyatlar aparırlar. Üstəlik, onların Suriyada maraqları tamamilə əks qütblüdür. ABŞ Prezident Bəşşar Əsədin getməsini, Rusiya isə qalmasını dəstəkləyir.

Suriyanı Rusiyanın Yaxın Şərq regionunda son “qala”sı hesab etmək olar. Bu səbəbdən Moskva hər vəchlə, o cümlədən, hərbi yolla “qala”sını qorumağa çalışır. Moskvanın qəbul etdiyi yeni hərbi doktrinada Rusiyanın dövlət kimi məhv olması təhlükəsi olarsa, nüvə silahından regional münaqişələrdə tətbiq edilə biləcəyinə dair yeni müddəa yer alıb. Bu, həm NATO-nun Rusiya sərhədlərinə daha da yaxınlaşdığını, həm də regional münaqişələrin qlobal xarakter ala biləcəyini göstərir.

ABŞ üçün isə Suriya ölkənin Yaxın Şərq siyasətində növbəti maneədir. İraq və Əfqanıstandan sonra Əsədin devrilməsi Vaşinqtonun bu regionda irəliləməsi və enerji resurslarına sahib olması üçün əhəmiyyət kəsb edir. Bu baş verməsə, onun Yaxın Şərq siyasəti ən azından ləngiyə bilər.

Üstəlik, Suriya böhranına birbaşa cəlb edilmiş ölkələrin sayı - Türkiyə, Səudiyyə Ərəbistanı, İran - kifayət qədərdir ki, münaqişə dünya müharibəsinə çevrilsin. Bu, həm də rəsmi (NATO – Türkiyə, ABŞ) və sözdə (Rusiya, İran) olan hərbi blokların qarşıdurması anlamına gəlir. Digər tərəfdən, ər-Riyad və Tehran arasında bir sıra məsələlər, o cümlədən, Suriya böhranı üzrə gərgin münasibətlər bölgədə şiə-sünni davasını hərbi müstəviyə keçirə bilər.

Digər vacib məqam isə Suriyanınn çoxetnik və konfesiyyalı (sünni, şiə, xristian) ölkə olmasıdır. Burada ərəblər, türkmanlar, kürdlər, ermənilər yaşayırlar. Onların özləri və himayədarları arasında qarşıdurmanın qlobal toqquşmaya çevrilmək imkanı da var.

Ümumiyyətlə, dünyanın, xüsusilə də Yaxın Şərq regionunun ümumi mənzərəsinə baxsaq görərik ki, dövlətlər maraqlarına nail olmaq üçün getdikcə hərbi gücdən tez-tez istifadə etməyə başlayıblar. ABŞ-dan nümunə alan başda Səudiyyə Ərəbistanı olmaqla koalisiya qüvvələri Yəməndə, Rusiya isə Suriyada hərbi əməliyyatlar aparır. Bəzi dövlətlər isə gizli və ya açıq şəkildə bu və digər tərəfə hərbi yardım göstərirlər. Münaqişə ocağı hətta Avropaya, yəni Ukraynaya belə sıçrayıb. Bu, dünya dövlətlərinin bir-birinə güzəştə getməməkdə nə qədər israrlı olduğunu göstərir.

Bəs III Dünya müharibəsinin baş verməməsinin səbəbləri nə ola bilər?

Nə qədər təəccüblü görünsə də, bir sıra dünya dövlətlərinin nüvə silahına malik olmaları dünya müharibəsinin baş vermə ehtimalını azaldır. Lakin bəzi ekspertlər düşünür ki, nüvə silahı III Dünya müharibəsinin başlama vaxtını tezləşdirir.

Hazırda ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Şimali Koreya, Pakistan və Hindistanın nüvə silahına malik olduğu məlumdur. Qeyri-rəsmi məlumata görə, İsrailin də hərbi arsenalında bu silah mövcuddur.

Nüvə silahının dünya müharibəsinin ənənəvi iştirakçısı olduğu ölkələrdə mövcudluğu qlobal fəlakətin qarşısını alma ehtimalını daha da qüvvətləndirir. Bu silahdan istifadə edən ölkə cavab atəşi ilə məhv edilə biləcəyini yaxşı bilir.

İranın nüvə sazişi ilə bağlı əldə edilən saziş, ABŞ və Rusiya arasında kütləvi qırğın silahlarının məhv edilməsi barədə imzalanan müqavilələr dünya ölkələrinin atom bombası ilə dünya savaşına girməkdən qaçdığını göstərir.

Digər tərəfdən, nüvə silahını tətbiq edəcək siyasi və ya hərbi liderin ağlı ilə bağlı müəyyən problemləri olmalıdır. Əgər Şimali Koreya lideri atom bombasını hələ digər ölkəyə atmayıbsa, bunu başqa ölkənin liderinin etməyəcəyini əminliklə demək olar.

Bundan əlavə, dünya müharibəsinin baş verməsi üçün ya dünyanın hegemon dövlətlərinin təhlükəsizliyi təhdid altında olmalı, ya da onlar arasında birbaşa hərbi münaqişə baş verməlidir. Biz isə bunun nə Suriyada, nə də dünyanın digər regiounda şahidi olmuruq.\trend

Aktual.az

Xəbər 664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR