Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Bakı Konfransının iştirakçıları Bəyanat qəbul ediblər.
Aktual.az APA-ya istinadən xəbər verir ki, məlumatına görə, bəyanatda qeyd edilir ki, İslam dini haqqında yalnış rəy formalaşdırmaq cəhdləri narahatlıq doğurur: “Biz jurnalistlər təəssüflə qeyd edirik ki, qərbin islamafob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən, qərəzli formada təqdim edir. Buna görə də beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yalnış təsəvvür yaranır. İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur. Yaranmış vəziyyət müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasının, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi informasiya sahəsində də qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib”.
Bəyanatda nəzərə çatdırılıb ki, 2012-ci ildə Qabonun paytaxtı Libervil şəhərində İƏT-ə üzv ölkələrinin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə qərarlar qəbul edilib. 2014-cü il dekabrın 3-də Tehranda keçirilən növbəti toplantına İƏT-ə üzv ölkələrinin Jurnalistlər Assosasiyasının yaradılması barədə təkliflər səsləndirilib və bu, müsbət qarşılanıb: “Biz Bakı şəhərində keçirilın konfransın iştirakçıları İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılmasını dəstəklədiyimizi bəyan edirik. Bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasına, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransının təşkili üçün İƏT katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik”.