Alp
dağlarını aşa bilirik, lakin bir mm hündürlüklü hikkəmizdən keçməkdə çətinlik
çəkirik..
Uzun
illərdir öz ömrümü yaşamıram..
Çörəyimizi
neftə batırıb yemişik...
Bədənimizə
qoyulan zaman çarxını-bioloji saatı, hətta ona cavabdehlik daşıyan zülalları da
ixtira etdilər..
Lent.az
saytının "Rəsmilərlə qeyri-rəsmi söhbət” rubrikasının qonağı Sosial Tədqiqatlar
Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucdur.
- Zahid bəy, uzun illərdir sizi heç dəyişmədən görürük. Sanki yaşlanmırsınız,
gənc qalmağınızın sirri var?
- Əgər belə
təsir bağışlayırsa, çox şadıq. Müsahibə müsbət notda balşayır. Əlbəttə var. İnsanın
düşüncə tipi 11 ildən bir dəyişir. Taleyinə təsir edən faktorlar da oradan
qaynaqlanır. Biz gəncliyimizi xüsusilə güzəştsiz, impulsiv və emosional
qərarlarla keçiririk. Əksinə olsaydı, həyat çox rəngsiz görünər və min illər
tarixin axarını dəyişən inqilablar, üsyanlar, yaxud çevrilişlər baş verməz,
standart və rutin mövcudluq dünyanı dözülməz edərdi. Biz 44 yaşa qədər daha
sərt və prinsiplərindən əsla vaz keçməyən birisi kimi görünmüşüksə, indi hər
məsələdə alternativləri daha dərindən axtaran və uzlaşma tapmağa çalışan bir
formaya, texnoloji dillə desək, moda üstünlük veririk. Çevrəmizdə müxtəlif
küsülülük, inciklik, hətta barışmazlıq yaşayanlara münasibətdə indi tez-tez
deyirəm-Alp dağlarını aşa bilirik, lakin bir mm hündürlüklü hikkəmizdən
adlamaqda çətinlik çəkirik. Həyatın qanunları ilə, təbiətlə harmoniyanı itirsən,
ömrünün ritmini əldən qaçıracaqsan. Bax onda zamanla, zəmanə ilə, cəmiyyət və
ətrafla konfliktin başlayacaq, daim konfrontasiya mühitində olacaqsan.
Görürsünüz, el dilində belə bir söz var-filankəs "davakar” adamdır. Ona görə
insanın fiziologiyası ruhu və xarakterinin məhsuluna çevrilir. Elmi kəşflər də
bunu sübut edir. 2017-ci ildə Nobel mükafatı biosaatı, daha doğrusu bədənimizə
qoyulan zaman çarxını-bioloji saatı, hətta ona cavabdehlik daşıyan zülalları da
ixtira etdilər. Orqanizmimiz illik, aylıq, həftəlik və günlük bioloji ritmlərin
üzərində qurulub. Elə bilin, Yer öz oxu və Günəş ətrafında necə dövr edirsə,
bioritmlər də bizim içimizdə o cür fırlanır və hər saniyə ona uyğun maddələr
mübadiləsi yaradır, ürək döyüntülərini təyin edir və idrakımızı,
hərəkətlərimizi fomalaşdırır.
Uşaq ikən
bizə "Ana torpaq” şeirini öyrədəndə mənə qəribə gəlmişdi. Etiraz edib demişdim
ki, mənim anam torpaq deyil, Minədir. 50 yaşda hiss edirsən ki, sən əslində
torpağın bir parçasısan. Təbiətlə, Torpaqla, Vətənlə konfliktə girmək olmaz, Herakl da olsan, uduzacaqsan. Pozitivliyi
qorumağa çalışırıq. Bəzən ətrafımdakılar deyirlər ki, sən bizim ölmüş hüceyrələrimizi,
həyat enerjimizi oyadırsan. Sözlərin energetikasına çox inanıram. Leksikonumuzu
ağır, ruhsuz, zərərli sözlərdən təmizləməliyik. İnsan həm sözdə, həm əməldə
xeyirxah olmalıdır. Bir yaxşı əməlin 40 qapını açdığına dair mifoloji deyimlər
elə-belə yaranmayıb. Bir zamanlar baş
kulinarımız Tahir Əmiraslanov deyirdi ki, sevgi ilə hazırlanan xörəklər daha
dadlı olur, çoxları onu qəbul etmirdilər, lakin bütün canlı aləm harmoniyadadır.
Xeyirlə Şərin savaşı əbədidir və Xeyir həmişə qalib gələcəkdir.
- Kiməsə pisliyiniz dəyib?
-
Heç zaman pislik etməmişəm.
- STM olaraq xalqın narazı qaldığı
bütün məqamlar barədə yuxarı məlumat
çatdırırsınız? Bu qurum dövlətin yoxsa vətəndaşın maraqlarını üstün tutur?
Məsələn bu günlərdə elan edilmiş qiymət artımı insanlarda etiraz yaratdı.
-
Hər iki tərəfin maraqlarını düşünərək araşdırılan mövzularda reallıqları olduğu
kimi əks etdirməyə çalışırıq. Tarixən idarəetmə sistemində sevilməyən iş həqiqəti
söyləməkdir. Problemlərini qoyduğun nazirliklər, qurumlar mütləq səndən narazı
qalır. Bunu 5 ildir şəxsi təcrübəmdə yaşayıram. Ölkə rəhbərinin məsələyə xüsusi
diqqəti bizə kömək olur. O, özü göstəriş verib ki, məlumatı rəngləmədən
çatdırın. Biz elə də etmişik. Ona görə tədqiqat işlərimizin 70 faizi
ictimailəşmir, çünki xidməti istifadə üçündür. Qələbədən sonra insanlarımız
haqlı olaraq "Zəfər süfrəsi” istəyir, qalib xalq tələbləri ilə çıxış edir və
ənənəvi problemləri eyni hərbi həmlə ilə həllini arzulayır. Hər bir vətəndaş 44
günlük təhsil, səhiyyə, məşğulluq və sair fərdi planları cızır. Lakin son 4 ildə
dünya miqyasında pandemiya ilə başlayan və qlobal təhlükəsizlik sisteminin
çöküşü, embarqo və sanksiyalarla davam edən qiymət artımları hər yerdə, o
cümlədən ölkəmizdə narahatlıq doğurur. Zəfər
millətimizindir. Dəmir yurmuğu təşkil edən qollar, biləklər və əllər Ali Baş
Komandan başda olmaq xalqa məxsusdur.
Əlbəttə,
məğlubiyyət dövrünindən fərqli olaraq, hər bir insanımız indi yaxşı yaşamağı
istəməkdə haqlıdır. 44 günlük müharibə qlobal layları tərpətdi, Qarabağ problemi
lokal xarakterli münaqişə olmadığını hamı gördü. Lakin hər birimiz son 30 ilin
hadisələrindən eyni dərəcədə təsirlənmişik-adlar, ttullar və statuslar fərqli
olsa da, hamımız bir damla şəhid ailəsi, qaçqın, köçkün, qarabağlı, göyçəliyik.
Bizim nəslin taleyi bir-birinə çox oxşayır. Sanki bir millət-bir insan ömrü
yaşayır. Əlbəttə, kimsə boğazından kəsib azad edilən ərazilərin daha tez
qurulmasına razı olar, lakin hər bir isan övladı altruist ola bilməz. Yəni, başqasının ömrünü yaşamaq həmişə mümkün olmur.
Deyirik ki, Cənubi Qafqazın iqtisadi potensilanının üçdə ikisi bizdədir,
rəqəmlər də bunu sübut edir, belə olan halda qalib xalqın ermənilərdən və
gürcülərdən 2 dəfə daha yaxşı yaşaması kimi təbii-doğal istəyi formalaşır.
Əlbəttə, dövlət bütün regional və beynəlxalq təhlükələri neytrallaşdıraraq,
millətin sosial-itisadi gələcəyini formalaşdırır. Yəni, Norveçin yerində
olsaydıq, xarici hərbi basqıları neytrallaşdırmaq zərurəti olmazdı. Ona görə,
hər zaman deyirəm-qalib xalqı idarə etmək çətindir. Neft hasilatının aşağı
düşməsi, Rusiya - Ukrayna müharibəsi fonunda ticarət zəncirlərinin qırılması,
yeni dünya savaşı təhlükəsi istənilən hakimiyyətlər qarşısında fərqli çağırışlar
yaradır. İstəmirəm söhbətimiz siyasiləşsin-rubrikanız fərqlidir. Lakin
kollektiv Qərbin Ukraynaya verdiyi silahlarla fərqli miqyasları vurmaq
icazəsindən sonra diqqət edirəm ki, cəmiyyətimizdə bir hərəkətlənmə varmı-yəni,
kimsə investiyasını dayandırır, pul kütləsini ölkədən çıxarırmı. Şükürlər olsun
ki, belə tendensiya yoxdur. Hakan Fidan 3-cü dünya müharibəsi təhlükəsini deyəndən
bir neçə gün keçib, halbuki cənab prezident 2023-cü ildə onun fərqli üsullarla
aparıldığını söyləmişdi. Ona görə, Qarabağ qələbəsini yaşamaq üçün hələ böyük
zaman fürsəti gərəkdir. Son 30 ildə azərbaycanlılar qədər qlobal transformasiyaya
məruz qalan ikinci xalq yoxdur.
- İşləriniz həddən artıq çox
və gərgindir. Özünüzə zaman tapa bilirsiniz?
-
90-cı illərdə ali məktəbin 1-ci kursunda Fəlsəfə dərsi Zaman və Məkanla
başlayırdı. Tələbələr imtahanın gözündən baxıb narazılıq edirdilər-nəyin
hazırlığını edəcəyik, deyə. İndi dünyanı ölçən iki fundamental kateqoriyanın
mənasını 30 ildən sonra daha yaxşı anlayırıq-nə zamanı hiss edirəm, nə də hansı
lokasiyada olduğumuzu. Gündəlik informativ yük o qədər böyükdür ki, öz ömrümüzü
yaşamağa vaxtımız yoxdur. Bir yaxın qohumum deyirdi ki, qohum-əqrəbalar imkan
versəydilər, 6 ay da öz ömrümü yaşayardım. İnanın, dərin həyat məntiqi olan bu
fikir bizə də aiddir- uzun illərdir öz ömrümü yaşamıram.
- İşə yoxsa qohumlara görə?
-
Hər iki mənada.
- İmkanınız olsaydı 20-25 yaşlı Zahidə nə deyərdiniz?
- O qədər tövsiyyələr verərdim ki. Məktəbin ən qaynar
şagirdi idim. Ailədə dörd övlad olmuşuq. Ali məktəbi tək mən oxumuşam. Anası
tərəfindən daim önə çəkilən, tikənin böyüyünü, yeməyin ləzizini haqq edən
məktəbli Zahid üçün yeniyetməlikdə kəndin ən ünlü simalarının öyüdünü
qazanmaqdan, arzusunu-diləyini eşitməkdən böyük xoşbəxtlik ola bilməzdi. Tələbəlik
illərimiz 90-cı illərin qanlı mübarizələrində keçdi, lakin əsla içimizdə
təəssüf hiss yoxdur.
Oğlumun 7 yaşı
olanda, heç bir risqə baxmadan onu avtobusa mindirib ucqar dağ
kəndinə-doğulduğum yurda-nənəsinin yanına göndərmişdim ki, dağ insanlarını,
zəhməti, sadə adamların əlllərinin qabarını, kənd uşaqlarının qaynar mühitini, zəngin təbiəti öz gözləri ilə görsün,
həyat zövqü formalaşsın. Aran adamlarının qəlbinə dəymək istəmirəm. Amma
dağlarda yaşayan insanların həyatı başqa cürdür. Sezardan Napoleona qədər hamısı
uca dağların məhsulduur.
-Ailəniz barədə də bilmək maraqlı olardı.
-27 ilə
yaxındır ailələiyəm-öz qrup yoldaşımla evlənmişəm. O həmişə hesablaşan tərəf
olub, evimizin içinə cəmiyyətin gözü ilə baxmağı bacarıb. Bir müddət işləməyib,
hazırda kitabxanada çalışır. Sadə bir insandır. Biz ailəlikcə həmişə sıradan-rütbəsiz
adamlar içində olmuşuq. Qonşularla yaxşı münasibətlərimiz var. Təmsil etdiyim
bölgədə də insanlarla ünsiyyətdən zövq almışıq. Oğlum böyükdür, qızım kiçik. Övladlarımla
dostam. Hər ikisi Britaniyada ali təhsil alıblar. Oğlum öncə dövlət proqramı
ilə təhsil alırdı, sonra profilini dəyişmək istədi, bu da bizə xeyli problem
yaratdı, çünki mən dövlətin ona ayırdığı
təhsil haqqını geri qaytarmalıydım. Xaricə dövlətin təhsil proqramı ilə getmişdi.
Qızıma qarşı münasibətim bir başqadır. Onu burada açıqlamaq istəmirəm. Britaniyada
bakalavr və magistraturanı başa vurub. Alternativ enerji sahəsi üzrə mütəxəssisdir.
Biz uzun illər çörəyimizi neftə batırıb yemişik, indi ölkə rəhbəri yeni eranı
başlayır-Yerin altını deyil, Göyləri-daimi enerji mənbəyini iqtisadi-sosial və
məişət həyatımıza daxil etməliyik. Lakin asan deyil-təkcə iqtisadiyyatımız və
məişətimiz deyil, bütün yazılarımız, ədəbiyyatımız və elmimiz də neft
təməllidir. Ona görə istədik övladımız yeni sektorda çalışsın. Bir ildir Londonda
alternativ enerji sahəsində işləyir. İpoteka ilə orada ev almağa çalışır. Bunun
üçün məndən maddi dəstək istəyir. Sonra qayıdacağını bildirir-anlaşmışıq.
-Dövlət hesabına təhsil alan gənclərimizin
sonra xaricdə qalmasını nə dərəcədə
doğru hesab edirsiniz? Bu bir az da beyin köçü deyilmi?
-Onlar ölkəyə
qayıtdıqdan sonra Avropa standartları ilə yaşamaq, maaş almaq və bütün ətraf
aləmi total dəyişmək istəyirlər. Fərqli fikir infrastrukturu ilə ölkəni köklü dəyişikliyə
uğratmaq o qədər də asan deyil. 5-6 min dollar maaşla işə başlamaq daha sonralar
böyük ambisiyaları və tələbləri doğurur.
Burada konsensus tapmalıyıq. Çünki elita və bütün idarəetmə sistemində əsas
ağırlıqlı ordu olan milli universistetlərin yetirmələri ilə balans olmasa,
cəmiyyətdə tarazlıq pozular. Dövlət başçısı göstəriş verdi ki, xaricdə qalmaq
istəyən tələbələrimizə mane olmayaq. Çünki dünyada Azərbaycanı təmsil edəcək
ziyalı soydaşlarımıza da ehtiyac var. Qızım söz verib gələcək. Hər halda onun
həyat baxışını anlamağa çalışırıq və "incə diplomatiya”dan özgə metodlar
işləmir.
-Bir
zaman ağır milli dəyərlərimiz var idi. Ata yanında uşağını qucağına almaq, qayınata
yanında deyib-gülmək ayıb sayılırdı. Pərdəli dolanmaq tövsiyə olunurdu. Az öncə
dediniz övladlarınızla dostsunuz? Belə münasibət formasına necə baxırsınız?
-O şəkildə sərt yanaşmanı qəbul etmirəm, bu şəhərdə
mümkün də deyil. Amma müəyyən qaydalar var ki, onlar qalmalıdır. O mübhəmlik də
müqəddəs idi. Atalar çox zaman ya baxışları
ilə danışırdılar, ya da danışmasalar da, onları anlamaq olurdu.
-Özünüzə
kənardan baxanda Zahid Oruc necə insandır deyərdiniz?
-Özü barədə bunları demək nə dərəcədə doğrudur,
bilmirəm. Kənardan baxanda haqqımızda öz baxış bucaqlarından yanlış təsəvvürləri,
mühakimələri açıq görürük. İctimai fikri
ədalətli sayıb-saymamaq hərənin öz işidir. Lakin publik insan millətin
məhkəməsindədir-səni uğurlara görə öyəcəklər, lakin bircə yanlışını
bağışlamayacaqlar. Onun fərqindəyik. Bir dəqiq qənaətim var-mübarizlik anamdan,
sadəlik, insanlara çiyin vermək atamdan gəlir.
-Yenidən
deputat olmaq fikriniz var?
-Əlbəttə var-qeyri-səmimi olmaq istəmirik. Komandada
oldunsa, gərək prinsiplərə əməl edəsən-bizim bir rəhbərimiz var. Qərar necə olacaqsa,
ona uyğun davranacağıq.
-Yaxanızda
deputatın döş nişanını görmədim.
-Mən onu heç
vaxt taxmamışam. Bayrağımıza, simvolumuza ehtiramımız böyükdür. Deyirlər, əvvəl
nişan səni tanıdır, sonra sən nişanı. Mən döş nişanımı evdə bəlli bir yerdə
qoruyub saxlayıram. Nişanı taxmaq mütləq qayda deyil.
- Kənardan heç vaxt gülümsəməyən, çox ciddi, sərt məmur təsiri
buraxırsınız? Gördüm, elə deyilsiniz. Romanik tərəfiniz var?
- Romantizm
çox faydalıdır. Həyat ideallarımızı qurmağa kömək edir. Sırf praqmatik yaşasaq
həyatın dadı olmaz. Qərarqəbuletmə prosesində hədsiz praqmatikəm. Əlbəttə
formul belədir-nəyi istəyirsən arzula, lakin gerçəkliyi unutma. Düşüncələr
materiallaşır, buna inanıram. Romantizmi olmayan rutin yaşayan insan üçün həyat
çox sıxıcı olar. Bayraq meydanımızın tikintisində 232 milyon ədəd daşdan
istifadə olunmuşdu. Cənab Prezident Bərdədə olarkən görüş zamanı dedim ki,
dövlət başçısı adi çay daşından dövlət daşı, bayraq daşı yaratmağı bacarıb. Bu
fikir çox xoşuna gəlmişdi.Təəssüf icraçılar...
- Həddən
artıq elmi danışırsınız, hər fikrə fəlsəfi məna yükləyirsiniz. Çox mütaliəli
insan olduğunuz hiss olunur. Mən yəqin ki, bu söhbəti yazanda dili xeyli
sadələşdirəcəm, oxucu bunu hiss etməyəcək. Hər zaman beləsiniz?
- Bəli.
- Sadə insanlar sizi rahat anlaya bilirlər?
-Sadə insanlarla məişət dilində danışıram..
- Marka, brend geyim həvəskarısınız? Məsələn, Bakı istehsalı olan kostyum geyinirsiniz?
- 90-cı
illərdə Volodarski fabrikinin məhsulları çox yaxşı idi, geyinirdik. Zövqlə və
yaraşanı geyinməyə çalışıram. Brendlərə takılan adamları qınamağın əleyhinəyəm,
zövqlər mühakimə olunmur. Lakin yaxşı geyinmək-"yaraşan ən əla markadır”,
deyimi kimi gəlir mənə.
-Deputatlar arasında bahalı saat, bahalı
ayaqqabı geyinmək dəbdədir.
-Həmkarlarım
barəsində seçki öncəsi danışmaq istəməzdim. Brend geyinməyi sevənlər də var, sevməyənlər
də.
-Milyonçu olsanız bir "Hermes” çantasına 6
milyon dollar pul verədiniz? Və ya bahalı "Rolex” saatına?
-Bunun
üzərində heç vaxt düşünməmişəm. Bilmirəm. İndiki halda fikir bildirə bilmərəm, çünki "almazdım”
desəm, sadə vətəndaşların rəğbətini qazanmağa çalışan obraza işləyərdik və süni
olardı. Onun da öz həvəskarları var.
Kiməsə bunu et, etmə demək doğru olmaz. Adamlar başqasının beynini çiyninə
taxıb hərəkət eləmir. Çox varlı insanlar tanıyıram ki, sadə həyat yaşayırlar.
-Qolunuzdakı saatın qiyməti nə qədərdir?
-Saatın
qiyməti maddi dəyərində deyil, ona sahibinə "zaman gedir” mesajını
verməsindədir-məşhur deyimdir. Qolumdakı saatın qiyməti 2 min manat olar. Onu
da 50 illik yubileyimdə hədiyyə ediblər-hərçənd daha bahalı saatlar almaq
imkanım olub və var. Saatın qiyməti qolumuzu, həyatımızı ucuz və bahalı eləmir.
-El dilində deyirlər böyük başın böyük dərdi
olur. Yəni tanınmış simasansa xərclərin də çoxdur. Düzdür?
-Düzdür. Parlament üzvü ictimaiyyətə çıxırsa,
bəlli standartlara əməl etməlidir. Onun öhdəlikləri, üzərindəki məsuliyyət
fərqlidir. Amma bu əsas vermir biz deyək ki, sadə vətəndaşla parlament üzvü
arasındakı yaşam fərqi qeyri-mütənasib olsun.
-Vəzifəniz olmasa, sadə bir həyata qayıtsanız,
rahat yaşaya bilərsiniz? Tutaq ki, tanınmamış biri, yaşamaq naminə rahatlıqla bağban işləyə bilər...
-Şənbə-bazar
günləri bağda oluram, bağ həyatını sevirəm, qutu evlərə yerləşmirəm, bağbanlıq
xoşuma gəlir. Həyatım əsla köklü, kardinal dəyişməz. Əlbəttə, gəlirlərin azalır,
sənə ictimai münasibət dəyişir, zənglər seyrəlir. İşdən gedən adama "vuruldu” epitetini
ötən on illərin ən ağır mirası adlandırırardım. Onu mediamız, təhsil sistemimiz
və məişətimiz dəyişə bilsə, adamlar kreslodan zirvədən yıxılan kimi getməzlər.
Böyük Cəlilin "çuxam ye” söhbətinin bir əsr yaşı var. İnanın bir çox vəzifədən çıxan
dostlarımızı daim axtarıram. İntellektual bir klubumuz var, orada görüşüb tez-tez
söhbətləşir, fikir mübadiləsi aparırıq. Mən Tereza Ananın fəlsəfəsini çox sevir
və onu tirajlayıram. O deyir, "min dəfə yaxşılıq edəcəksən, unudacaqlar, bir
dəfə edə bilməyəcəksən, yadda saxlayacaqlar”. Demir aa "etməyəcəksən”, deyir, "imkanın
olmayacaq”! Lakin dünya xeyirxahı və məzlumların hamisi Ana Tereza əsil həyat
idealını hamıdan fərqli görərək, əsil şedevr sonluq verir, deyir: "lakin
usanma, davam et"!
Gözəl
deyimdir, eləmi. Bütün divarları ayaqda saxlamalısan ki, həyatımızın
harmoniyası Şuşa kimi özümüzə qayıtsın. Bax sualınızın ilki və yekununu
birləşdirən fikir bu oldu.
Xəbər 330 dəfə oxunub.