Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək.
Aktual.az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb.
Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək.
Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək. Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək; tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək; 2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq; tütün istehlakı 15%-dək azaldılacaq.