İcra başçısının qızını sevən dilənçi oğlan

İcra başçısının qızını sevən dilənçi oğlan

Aqil ABBAS

Qırmızı işıq yanır. O dəqiqə maşının şüşəsini 14-15 yaşlarında bir uşaq döyür:

- Əmi, sən Həzrət Abbas, bir çörək pulu ver.

Əlimi cibimə atıramboşduBu biri cibimə atıramo da boşdu.

Uşaq yenə yalvarır:

- Əmi, sən Quran, bir çörək pulu ver.

Əlimi bu biri cibimə atanadək yaşıl işıq, maşın tərpənir. Az qala maşını tutub saxlamaq istəyən uşaq hiss eləyirəm ki, ürəyində yeddi mərtəbəli bir söyüş söyür. Maşını yolun kənarında saxladıram. Əlimlə uşağı çağırıram, uşaq elə sevinə-sevinə yüyürür ki, elə bil Qarabağı almışıq, onun muştuluğunu verəcəm.

Cibimdə məmmədəmin olmur. Bir şirvan çıxarıram.

- Al, oğul.

Əvvəl-əvvəl almaq istəmir. Şirvana baxır, elə bil həyatında birinci dəfədi görür, geri çəkilir.

- Al, ay oğul.

- Məni aldadırsan.

Şirvanı zorla əlinə basıram. Bu vaxt ikinci bir uşaq da yüyürür.

- Əmi, saa qurban olum, maa da ver.

Elə bilirəm ki, indicə şirvan verdiyim uşaq qısqanıb onu qovacaq. Amma qovmur, deyəsən, əminin ürəyini hiss eləyir, deyir:

- Əmi, nolar, ona da ver dana.

Bir şirvan da o biri uşağa verirəm.

- Adın nədi?

- Aqil.

Çox pis təsadüfdü, lap pis təsadüfdü. O biri uşaq özünü öldürür:

- Əmi, mənim də adım Cəfərdi.

- Əmi sizə bir qonaqlıq versə nətəhər olar?

Cəfər adlı uşaq deyir:

- Ə, Aqil, gəl gedək, birdən adam oğrusu olar.

- Ə, bunun geyimini-gecimini görmürsən? Gəl gedək, onsuz da büyünkü pulumuzu çıxarmışıx.

Arxa qapını açıram. Keçib otururlar. Cəfər deyir:

- Uyda, şüşəsinin plyonkalarına bax.

İş yoldaşıma üz tuturam:

- Əbülfət, maşını sür tanış kababxanaların birinə.

Əbülfət gülümsəyir və üz tutur tanış kababxanaların birinə. Cəfər deyir:

- Əbülfət əmi (elə bil Əbülfət müəllimi yüz ildi tanıyırmış), Rəmişin kaseti var?

- Yox.

- Bə Qədir Rüstəmovun?

- O da yoxdu.

- Mən də elə bilirdim bunlar qarabağlıdı.

Əbülfət Arif Babayevin kasetini qoyur, ikisi də çəpik çalır.

- Qarabağlıymışlar.

Bu körpə balalar elə bilirlər ki, Rəmişə, Qədir Rüstəmova və ya Arif Babayevə yalnız qarabağlılar qulaq asır.

Kababxanada hörmətlə qarşılayırlar:

- Aqil müəllim, xoş gəlmisiniz.

Keçirik. Kimsə arxamızca gələn uşaqlara təpinib geri qaytarmaq istəyir. Deyirəm ki, mənnəndilər.

Oturmuşuq. Mənəm, Əbülfət Mədətoğludu, Aqildi və Cəfərdi.

- Nə yemək istəyirsiniz?

Cəfər deyir:

- Kabaf.

Süfrəni düzəldirlər. Aqil soruşur:

- Əmi, sənin adın nədi?

- Mənim də adım Aqildi.

- Zarafat eləyirsən?

- Yox, doğrudan deyirəm.

- Aqil əmi, bunlar çığırtma bişirə bilir?

Müxtəlif cür çığırtmalar var, Qarabağda isə yalnız çığırtma ona deyirlər ki, onu çolpadan bişirsinlər. Yəni toyuqdan da, xoruzdan da çığırtma var. Amma əsl çığırtma çolpadan olanda dadlı olur. Çolpa da

bilirsiniz də cücədən bir az böyük, yəni hələ nə toyuqdu, nə xoruz, zarafatla desək, hələ özünü tanımayıb.

- Bişirə bilirlər.

- Onda deynən bir çolpa çığırtsınlar da.

Xahiş eləyirəm ki, bir çolpa çığırtması bişirsinlər. Sözün düzü bu, mənim də ən çox sevdiyim yeməkdi.

Aqil də, Cəfər də motal pendirindən adama bir dürmək düzəldirlər. Elə iştahla yeyirlər ki. Aqildən soruşuram:

- Neçənci sinifdə oxuyursan?

- Səkkizdə. Amma məktəbə getmirəm.

- Niyə?

- Həm kitab-dəftərim yoxdu, həm də uşaqlardan utanıram.

- Niyə utanırsan?

- Utanıram dana,- deyib köhnə, cırıq pencəyini göstərir, - bunnan gedim?

- Atan var?

- Yox, ermənilər öldürüblər.

Cəfər deyir:

- Aqilin atası böyük adamıydı ey,... zammaq idi (rayonun da adını deyir, amma mən yazmaq istəmirəm, yəni filan rayonda zavmaq idi). Cibimizi doldururdu kanfetnən bütün məktəvə paylıyırdıx.

- Bacın, qardaşın var?

- İki bajım var. Məndən balacadılar.

- Niyə dilənirsən?

- Əmi, biz o dilənçilərdən deyiliy ey. Gəlirik bir-iki saat evin çörək pulunu çıxardırıx, sora çıxıf gedirih.

Kabab gəlir. Mane olmuram. Şirin-şirin yeməyə başlayırıq. Əbülfət Mədətoğlu fikirlidi.

- Əbülfət, çörəyini ye.

Görürəm şair dolub. Çox könülsüz-könülsüz bir tikə götürür, amma yemir, midilənir.

- Əbülfət, bəlkə adama bir əlli vuraq?

- Yaman olar...

Sözünün dalını demir. Əlli-əlli süzürük, uşaqların da stəkanlarına "Kola" tökürük. Aqilə deyirəm:

- Bəlkə, bir sağlıq deyəsən?

Stəkanı qaldırıb deyir:

- Əmi, sənin sağlığına. Sən yaxşı kişiyə oxşuyursan.

Hiss eləyirəm ki, yaltaqlanır. Mənim sağlığıma vururuq. Çığırtma gəlir. Ofisiant istəyir boşqablara çəksin, uşaqlar ona aman vermir. Özləri xoşladıqları tikələri seçirlər, sonar da elə mənim kimi,

çəngəlsiz-filansız əlləri ilə başlayırlar yeməyə.

Aqil soruşur:

- Əmi, sənin oğlun var?

- Var.

- Velsipeddəri var?

- Yoxdu.

- Niyə almırsan?

- Yekədilər ey, institutda oxuyurlar.

- Uşaq vaxtı almışdın?

- Almışdım.

- ... da (yenə rayonun adını çəkir, yazmaq istəmirəm) mənim də vardı. Özü də şkolnu. Qəttəzəydi, ispislərini də kraskalamışdım.

Cəfər deyir:

- Hamımız sürürdük. Hələ bir dəfə də sürəndə yıxıldım, budey, bu qolum qırıldı. Apardılar Hadı əminin yanına. O sağaltdı. Hadı əmini tanıyırsan?

Hadı əmi Qarabağın ən məşhur sınıqçısıdı. Hazırda Bakıda yaşayır. Və yenə sınığı ən yaxşı cərrahdan gözəl və tez müalicə edir. Uşaq vaxtı futbol oynayanda mən də yıxılmışdım, əlim çıxmışdı. Aparmışdılar Hadı

əminin yanına. Bir-iki il öncə xırda bir qəzaya düşmüşdük, oğlumun iki qabırğası çatlamışdı. İstədim həkimə aparam, eşitdim ki, qardaşıynan gedib Hadı əmini tapıblar. Hadı əminin o ilahi əlləri də dəyəndən sonra iki-üç günün içində uşağın o ağrı-acısı getdi.

- Tanıyıram.

Əbülfət deyir:

- Müəllim, bəlkə bir əlli-əlli də gedək, yoxsa ürəyim partlayacaq.

Əlli-əlli süzürük, uşaqlar da kolalarını süzürlər. Aqil deyir:

- Əmi, olar bir sağlıq da deyim?

- Deynən.

- Əmi, bunu da içək sənin sağlığına?

- Yox, bunu da içək sizin sağlığınıza. Bütün balaların sağlığına. Olar?

- Ağsaqqalsan dana, deyirsən, niyə olmur!?

Zarafatlaşıram:

- Aqil, qızın var?

- Deyirəm on beş yaşım var, deyir qızın var?

- Ə, heylə demirəm ey, yəni deyirəm sevdiyin qız var?

Cəfərə baxır. Cəfər deyir:

- Varıdı.

- O da səni sevir?

- Yox, sevmir, hamma məni çox istiyir. Məytəvə gedəndən-gedənə görürəm.

- Niyə sevmir?

- Onun dədəsinin beemvesi var, bir dənə də sənin maşınınnan.

- Beemvesi olan adam sevmir?

- Yox, dana. Neynir məni?

- Düz eləyir də, dilənçini kim sevər? Məsələn, o beemvedə keçir, sən də svetoforda durub bi məmməd istəyirsən.

Aqil ciddiləşir:

- Olar, bir siqaret çəkim?

- Yox, olmaz.

Cəfər Aqili dürtmələyir:

- Ə, adam böyüyün yanında siqaret çəkər?

- Ə, bu böyük döyül, yaxşı kişidi.

- Olmaz. Sualıma cavab vermədin.

- Onun da dədəsi dilənçidi. Mən adamlardan bir məmməd istəyirəm, o, iki məmməd. Özü də hər ay iki məmməd də mən verirəm.

İndi də mən təəccüblənirəm. Əbülfət Mədətoğlu da təəccüblənir:

- Nə təhər yəni ayda da iki məmməd sən verirsən? Qızını sevirsən ona görə? Bir də, dilənçinin iki maşını olar?

- Yox əşi, qızını sevdiyimə görə yox. Veririk dana, dilənçidən dilənçiyə pay düşür.

Yenə ciddi soruşuram və doğrudan məni maraqlandırır:

- Zarafat edirsən?

- Vallah, zarafat etmirəm. Onun da dədəsi dilənçidi. Özü də ayda iki məmməd mən verirəm, iki məmməd anam, hərəyə iki məmməd də bacılarım. Əvvəllər bir məmməd verirdik, indi iki olub.

Bayaq maşının pəncərəsini döyüb "Əmi, saa qurban olum, bir məmməd ver" deyən uşaqdan əsər-əlamət qalmayıb. Qarşımda alnını qırışdırıb ürəyi siqaret istəyən, amma çəkə bilməyən, yaşından on il böyük bir

cavan oturub. Və mənə elə gəlir ki, bu dəqiqə bir siqaret çəkmək ona bu ləziz yeməklərdən yüz dəfə xoşdu.

- Götür bir siqaret çək.

- Yox, çəkmirəm, əmi, sağ ol.

- Axı onda məni başa salmadın, o nə təhər dilənçidi ki, iki maşını var

- Əmi, mənim diləndiyimi bir mənə pul verənlər bilir, bir də bəzi adamlar. Amma onun diləndiyini bütün rayon bilir. Prezident Aparatında da bilirlər.

Quşu göydə tuturam. Amma danışdırmaq istəyirəm.

- Nə təhər, yəni bütün rayon bilir?

- Bütün rayon bilir dana. İcra başçısıdı. Əvvəllər bizim çörək pulunnan bir məmməd tuturdular ki, başçıya verəcəyik, sonra prezident çörək pulunu artıranda sonra iki məmməd tutmağa başladılar. O da dilənçidi dana. Mən genə heç olmasa pulu olanlara əl açıram, amma o, bizə əl açır. Bir məmmədə möhtac olanlara əl açır. Əmi, bu ölkədə hamı dilənir. İntəhası biz yazıqların adı bədnamdı. Əmi, bir söz desəm məni döyməzsən?

- Yox, oğul, səni niyə döyürəm? Görürsən səninlə dost olmaq istədim, səni kababxanaya gətirdim, hərənizə bir şirvan pul verdim.

- Dordan döyməzsən?

- Döymərəm, sözünü de.

- Əmi, vallah, sən də dilənirsən.

Cəfər deyir:

- Ə, oğraş-oğraş danışma. Kişi bizə yaxşılıq eləyir. Səfehin biri səfeh. Özü də mən bu kişini tanıyıram.

İndi də Cəfərdən soruşuram:

- Hardan, oğul?

- Səni tilivizerdə görmüşəm. Özü də çox görmüşəm. İndi yadıma düşdü.

- Yox, oğul, səhv salırsan.

Aqil əlini-əlinə vurur:

- Ooy, mən də görmüşəm. Qədir Rüstəmovdan danışırdı. Vay dədəm, vay, deyirəm ə, bu kişi nə yaxşı kişidi ey.

Söhbəti özümdən uzaqlaşdırmaq istəyirəm:

- Bəs, niyə o dilənçinin qızını sevirsən?

- Sevirəm dana. Yekələndə alajam.

- Bəs, deyirsən o səni sevmir axı?

- Yekələndə böyüy adam olajam, sevəjək.

- Nə təhər böyük adam olassan, məktəbə getmirsən?

- Seyid Lazım ağanın cəddi, evdə oxuyuram. Düz səhərə qədər. Nolsun məytəvə getmirəm.

- Nə oxuyursan?

- Dərsdərimi də, kitabları da, kimi istəyirsən onu.

- Onda bir-iki şair adı çək görüm.

- Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Ramiz Rövşən.

- Ramiz Rövşən kimdi?

- Buy, Ramiz Rövşəni tanımır ey, şayirdi dana, heç tilivizorda görməmisən?

- Onun hansı kitabını oxumusan?

- Kitavının adını deyə bilmərəm, amma şeyirlərini deyim.

- Bəs, yazıçılardan kimi tanıyırsan?

- Cəlil Məmmədquluzadəni, Haqverdiyevi, Nəriman Nərimanovu, Anarı, Elçini, Şoloxovu, Dostoyevskini.

- Dostoyevski kimdi?

- Buy, Dostoyevskini tanımır ə, bu? Bax, yekə kitavlar var.

Cəfər deyir:

- Əmi, düz deyir.Yaman oxuyur ey, şeyir də yazır.

- Onda bir şer oxusun qulaq asaq.

Şer oxuyur.

Şuşa şəhid şəhərim...

Şeri bütöv oxuyur. Şerin müəllifini tanıyıram. Amma özümü bilməməzliyə qoyuram:

- Gözəl şeirdi, yaxşı yazmısan.

- Mən yazmamışam ey, bir şuşalı var ey, Kərim Kərimli, onunkudu.

Əlimi atıb uşağı bağrıma basıram, oğlum kimi. Və özümdən asılı olmayaraq gözlərim dolur. Bunu uşaqlar da hiss eləyir.

- Bir dənə də öz şeirini oxu da, nolar?

Oxuyur.

Yenə də baş çəkim Ağdama gərək,

Qarqarın suları ağ dama gərək.

Bu yerin qədrini bilməyənlərin,

Qara gözlərinə ağ dama gərək.

Yenə müəllifi tanıyıram, amma özümü onda qoymuram:

- Qəşəng yazmısan.

- Mənim döyül ha, Ağa Laçınındı.

- Bəs, öz şeirini oxumayacaqsan?

Cəfər dürtmələyir:

- Ə, oxu dana.

- Bir kuplet oxuyuram.

Başlayır oxumağa:

Hər axşam atalar qayıdar evə,

Bizim atamızsa çox uzaqdadı.

Hamının atası süfrə başında,

Bizim atamızsa Qarabağdadı.

Sonra uşaq hönkürdü. Əbülfət də hönkürdü, mən də hönkürdüm. Beləcə bir tikə çörək almışdım uşaqlara, zəhərə-zəhrimara döndü. Eləcə də hərəsinə bir şirvan vermişdim, hərəsini də on şirvanlıq, yüz şirvanlıq, bir milyon şirvanlıq ağlatdım.

Day söhbət kəsildi. Durub yeməkxanadan çıxdıq. Əbülfətdən xahiş elədim ki, velosiped satılan mağazaların birinin qabağında saxlasın. Bu uşaqların hərəsinə bir velosiped almaq istəyirdim. Maşından

düşdük. Dedim:

- Gəlin, hərənizə bir velosiped alacam.

Qarşımda artıq bayaqkı dilənən uşaqlar deyildi, qarşımda artıq bayaq "əmi, sən Həzrət Abbas, bir məmməd ver" deyən uşaqlar deyildi, təmiz başqa uşaqlar idi. Ağıllı, hər şeyi qanan, hər şeyi bilən və mənim kimi əmilərə nifrət edən uşaqlar dayanmışdı qarşımda.

- Əmi, bizə velsipet lazım deyil. Bizə Ağdam lazımdı, bizə evimiz-eşiyimiz lazımdı. Bizə Qarabağ lazımdı. Onu da almağa sənin güjün çatmaz. Get, əmi, get arağını iç...

Və əllərini yelləyib çıxıb getdilər...

 

1998-ci il


Xəbər 11194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR