"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin model layihə mayın sonu, iyunun əvvəlində ölkə rəhbərliyinə təqdim ediləcək".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev jurnalistlər üçün keçirilən təlimdə çıxış edərkən deyib.
Z.Əliyev bildirib ki, model ilk növbədə vətəndaşların maraqlarına xidmət etməlidir: "Gecikmənin obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz gələcəyə baxsaq, daha yaxşı olar. Aidiyyəti üzrə qurumlarla müzakirələr aparılıb və işlər yekunlaşmaq üzrədir. Mayın sonu - iyunun əvvəlində ilkin model layihə ölkə rəhbərliyinə təqdim ediləcək. Yalnız bundan sonra bütün suallar öz cavabını tapmış olacaq".
Z.Əliyev deyib ki, bu ilin sonu, gələn ilin əvvəlindən icbari tibbi sığorta üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır: "Pilot layihə 6-7 ay davam edəcək. Hansı rayonların seçilməsi və işin necə qurulması yaxın gələcəkdə məlum olacaq. Bu işin daha düzgün qurulması üçün ekspertləri də prosesə cəlb etmişik".
Agentlik direktoru əlavə edib ki, icbari tibbi sığortanın tətbiqi zamanı vətəndaş daha az vəsait ödəməklə daha geniş tibbi təminata nail ola biləcək.