Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri Yusifzadə İbrahim Yusif oğlu da var.
İbrahim Yusifzadə Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Aktual.az İbrahim Yusifzadənin tərcümeyi-halını təqdim edir: "Yusifzadə İbrahim Yusif oğlu 10 iyun 1947-ci ildə anadan olub. 1954-cü ildə Yardımlı rayonunun Şıxlar kənd məktəbinin birinci sinfinə qəbul olunub. 1962-1966 –cı illərdə Zaqatalada Pedoqoji Texnikumunda oxuyub. 1967-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültədən məzun olub. Əmək fəaliyyətinə 1966-cı ildə Yardımlı rayonu Şıxlar kəndində müəllim kimi başlayıb. 1967-ci ildə ailə həyatı qurub.
1968-ci idə komsomol işinə irəli çəkilib. Yardımlı rayon Komsomol Komitəsinin şöbə müdirliyindən 1-ci katib vəzifəsinə qədər yüksəlib. 5 il rayon Komsomol Komitəsinin sədri olub. 1975-77-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasında dövlət quruculuğu və politologiya ixtisası üzrə təhsil alıb. 1977-ci ildən Yardımlı rayon Partiya Komitəsinin təşkilat şöbəsində işləməyə başlayıb. 1979-82-ci illərdə Yardımlı rayon Xalq Nəzarəti Komitəsinin sədri olub. 1982-1989-cu illərdə rayon Mədəniyyət şöbəsinə rəhbərlik edib. 1989-cu ildə Abşeron rayon Partiya Komitəsində partiya Komissiyasının sədri vəzifəsinə təyin olunub. 1991-ci ildən Milli Məclisdə işləyir.
2005-ci ildən Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2007-ci il sərəncamı ilə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2-ci dərəcə dövlət müşaviridir.
Aktual.az