Vətən Vətəndi, bala, bölünən harası var,
Gözümün ağı varsa, gözümün qarası var…
Mən döyüşdən çıxmışam, köksümün yarası var,
Odur yarama məlhəm, yarama bük Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!
Bayraq varsa, sən varsan, bu torpaq var, mən varam,
Onun endiyi yerdə ölmək haramdı, haram.
O Bayrağı qaynayan qanımla suvararam,
Köksümdəki yaramda, bağrımda ək Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!
Zalım, qəvi düşmənə hər zaman sinə gərrəm,
Sabah öz sıramdakı yerimi sənə verrəm.
Mən onda, əziz balam, bu yurdu, səni görrəm,
Başının üstündə tut həmişə dik Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!
O yurdun qibləgahı, o yurdun Məkkəsidi,
Bu can onun əsiri, ruh onun köləsidi,
O Tanrının vergisi, O Haqqın kölgəsidi,-
Odur xalqın düşmənə son sözü, görk Bayrağı,
Bu bir Türk Bayrağıdır, oğlum, bir Türk Bayrağı!..
Xəbər 2456 dəfə oxunub.