Huzur arayanları gözləyən sirli məkan (“Qənirə Paşayeva ilə addım-addım Yaponiya” 4-cü yazı)

Huzur arayanları gözləyən sirli məkan (“Qənirə Paşayeva ilə addım-addım Yaponiya” 4-cü yazı)

 

Uzun gecədə
Suyun səsiylə gəlir
Düşündüklərim
Bir az öncə Gochikunun şeirini, o möhtəşəm haikunu söylədim pıçıltı ilə öz-özümə. Gecənin dərinliklərindəki səssizlik oteldəki otağıma da köçmüşdü.

 

Yaponiyanın tarixi paytaxtı və məncə ən gözəl şəhəri Kiyoto ilə bütün günü baş-başa qalmış, onu daha da yaxından tanımışdıq. Yorğunluğuma ramən yuxu sanki məndən küсmüşdü. Otel otağının pəncərəsindən gecənin səssizliyini və gözəlliyini seyr edə-edə dəlicəсиня sevdiyim yapon şeirinin inciləri keçməyə başladı əvvəlcə qəlbimdən, sonra da dodaqlarımın pıçıltısına dönüşdü. Deyəsən japon şeirinin qaynaqları ilə sıx ünsiyyət idi bu duyğuları dilə gətirən. Nə qədər haqlı imiş bu fikirlərin sahibi: "Yapon şerinin qaynağı insan ürəyidir... Çiçəklər arasında oxuyan bülbülü, göldəki qurbağanın bağırtısını duyub da şeir yazmayan ola bilərmi? Şeir səy göstərmədən yeri və göyü hərəkət etdirir, görünməyən şeytanı və tanrıları mərhəmətə gətirir, qadın ilə kişi arasında gözəl bağlar qurur və sərt döyüşçülərin ürəklərini mülayimləşdirir”.
Yaponiyada bilinən ən qədim və geniş yayılmış şeir antologiyası Manyoshudur. Bunun 8-ci əsrin ikinci yarısında yaradıldığı təxmin edilməkdədir. 20 kitabda toplanan təqribən 4500 şeir, sadə xalq nümayəndələrindən, əsgər, yapon imperatoruna qədər geniş bir kütlə tərəfindən qələmə alınmışdır. Şeirləri ilk олараг kimin toplaması məlum olmasa da, son halını verən şəxsin Omono Yakamochi olduğu məlumdur. Bu şeirlərin 4200-ü vaka, geri qalanları isə nagauta formasındadır.
Yapon poeziyasının Qərb poeziyasından əsas fərqi odur ki şairlər ilham pərisi, ya da ilahi varlıqlardan mədət ummazlar, çünki Yaponiyadakı hər şey kimi, şeir də tanrılarla birlikdə doğmuşdur. Sənətdə xariqüladə güclər yer alır və bunlar insan bacarığının kənarında deyil, insanla birlikdədir. Tsurayuki şeirlə təsəlli olunan durumlardan bəzilərinə bu örnəkləri verir: "İlk bahar səhərində açmış çiçəkləri görüncə, payızda tökülən bir yarpağın yerə çatmasında çıxardığı səsi duyunca, çox sevildiyini düşünürkən, gözardı edilincə”. Bu hallar yapon şeirinin təməl mövzularıdı və heç biri ilham pərisinə ehtiyac duymaz.
Arada bir buludlanır göy,
Beləliklə dincəlmək fürsəti tapır
Aya baxmaqdan yorulanlar.
Mən də Matsuo Bashōya bu haikunu yazdıran gecəyə bənzəyən bir gecədəydim. Aya baxa-baxa xəyallanmışdım. Duyğularım sel olub daha da qabarırdı sanki... Bu gecənin yuxusuzluğunu görüb oturub yazmaq qərarına gəldim. Kyotonu bu dəfə mənim gözlərimlə görmənizi istədim.
Yaponiyanın Kansai bölgəsində yer alan Kyoto Yaponiyanın 7-ci böyük şəhəridir. Kyoto 794-1868-ci illər arasında Heian dövründə Qədim imperiyanın paytaxtı olmuşdur. 800-cü ildə Heian dönəmində "Barış və dinclik paytaxtı” adını alaraq təqribən 11 əsr başkənd missiyasını davam etdirmişdir.
Kyota Yaponiya turizmini ayaqda saxlayan əsas şəhərlərindən biridir. Tarixi mirasa sahib çıxmış, горумуш və eyni zamanda tarixi qoxusu, məbədləri, sarayları, möhtəşəm mənzərələri, baxçaları yazda açan sakura ağacları ilə ziyarətçilərinə umduqlarından daha artığını vəd etməkdədir. Kyoto Yaponiyanın ən gözəl şəhəri seçilmiş ecazkar, əsrarəngiz bir şəhəridir. Bunu getdiyim 60-da artıq ölkəyə əsaslanaraq deyirəm. Gəziləcək yerləri, məbədləri, küçələri, parkları ilə sanki bir filmin içərisinə düşdüyünüz bir şəhərdir. Dalbadal dünyanın ən yaxşı şəhəri seçilmiş Kyoto Yaponiyada mütləq görülməsi lazım olan şəhərlərin başında gəlir. Görmədən dönmək olmaz.
Yaponiyanın bütün şəhərlərində olduğu kimi Kyotoda hər kəsin üzü gülür. İşləri çox çətin olan insanların belə üzlərindəн, gözlərindəн təbəssüm əksik olmur. İnsana sanki huzur verir üzdəki bu isti gülümsəmələr...
Səmimi insanlar şəhəri Kyoto ölkənin uzun illərdir mədəniyyət paytaxtıdır. Hətta yapon dilində "paytaxtların paytaxtı” mənasını verir. 1100 ildən artıq paytaxt olmuş, 1.5 milyon əhslisi olan bu şəhər, sadəcə, tarixi bir şəhər deyil, eyni zamanda maliyyə şəhəridir. Eyni zamanda tarixin izlərini, qədim abidələri özəlliklə Gion bölgəsində qorumağı bacaran Kyoto dünyada ən çox qeyşaya ev sahibliyi etməklə yanaşı, 2 mindən artıq məbədin olduğu və Yaponiyanın tarixi anlamda bayrağını daşıyan bir şəhərdir. Ən önəmlisi də bu qədər uzun zaman paytaxt olan bu şəhər bu qədim tikilələri o qədər gözəl və yaxşı şəkildə qorumağı bacarmışdır ki, dünyada örnək şəhərlərdən biri hesab edilə bilər. Şəhər o qədər füsunkar tarixi gözəlliklərə sahibdir ki, ABŞ bura atom bombası atmaq və hava bombardmanı etmək planlarını ləğv etmişdir.
Kyoto şəhərinin çevrəsi hər biri dəniz səviyyəsindən 1000 metr yüksəklikdə olan Hiqaşiyama, Kitayama və Nişiyama dağları ilə əhatəlidir. Buрада nə az-nə çox, düz 17 bölgə UNESCO Dünya Miras Siyahısında yer alıb. Kioto Dünya Miras Siyahısına düşənlər: Kamowakeikazuchi-jinja (Kamigamo məbədi),Kamomioya-jinja (Shimogamo məbədi), Kyo-o-gokoku-ji (To-ji), Kiyomizu-dera,Enryaku-ji,Daigo-ji,Ninna-ji,Byodo-in,Ujigami-jinja,Kozan-ji,Saiho-ji,Tenryu-ji,Rokuon-ji,Jisho-ji, Ryoan-ji, Hongan-ji, Nijo-jo. Buralara yolunuz düşsə «2.000 məbəddən hansını gəzim?» - deyə düşünsəniz dərin araşdırma aparmağa gərək yoxdur. Юncə UNESCO siyahısında yer alanları ziyarət etməyinizi tövsiyə edə bilərəm.
Qədim Kyotonun qurulmasında qədim Çin paytaxtı Xian örnək alınmışdır. Mərkəzi o qədər düzənli bir şəkildə planlanmışdır ki, bütün əsas yollar paralel, ya da dik şəkildə qurulmuşdur. Ara küçələr də ana yollara və ya çaya görə qurulmuşdur. Burda azmaq mümkün deyil. Yalnızca dağlara yaxınlaşdıqca ideal düzənlik bir az dəyişir. Əslində 3 yanı dağlarla əhatəli, Kamo çayının sahilində yerləşən bir şəhərdir Kyoto. Şəhər çay boyu dağlarla əhatələndiyindən bir çanaq şəklində olduğunu deyə bilərik. Bu təbii strateji mövqe bir müdafiə və izolasiyanı təmin etmiş və şəhərin özünəməxsusluğunu qoruyub saxlamasına səbəb olmuşdur.
Şəhərin mərkəzi İmperator sarayının ətrafında yerləşir. Şimalında cənubuna nisbətən yaşıllıqlar daha çoxdur. Burada əhali sıxlığı daha azdır və təbiəti möhtəşəmdir. İmperator sarayının cənubu ilə Kyoto stansiyası arasında qalan bölgə şəhərin eyni zamanda iş və ticarət mərkəzidir. Кйота tipik bir yapon şəhəridir. Hər yer müasir insanlarla və həyat tərzi ilə əhatə olunub. Amma hər nə olursa-olsun, şəhər hər bir detalı ilə sizə tarixini göstərməkdən geri qalmır. Bir başqa xüsusiyyəti də Yaponiya ənənsinin əksinə olaraq bəzi küçələri adlandırılmışdlr. Şəhərin hər yerində bir məbəd, bir abidə, bir hekayə qarşınıza çıxır. Bu şəhərdə bina sayının yarısının məbəd olduğunu düşünə bilərsiniz. Halbuki məbədlərin sayı, sadəcə, 2000-ə qədərdir.
Tarixini, coğrafiyasını geniş yazdım deyəsən. Amma yazılmayacaq bir şəhər deyil. Çoxlu sayda fəlakətlər, savaşlar, yanğınlar ilə üzləşməsinə baxmayaraq, bu qədər özünü qoruyub saxlaya bilmiş bu şəhər çox nadir ola bilər. İnanmazsınız, amma şəhər çox məşhur bir açıq hava muzeyidir. Məbədlər, saraylar, çayxanalar, parklar, bağçalar... Saymaqla bitmir. Yenə saymadan bitməyəcək bir çox özəl yerlər var.
Qiyməti bilinməyən xəzinələrin və əmsalsız ənənələrin beşiyi olan bu qədim paytaxt yüz illərdir pozulmadan günümüzə qədər gəlib çatmışdır. Köklü bir keçmişə sahib məbədlər və sakit küçələr uzun zamandır düşüncələrinizə özlədiyiniz Yaponiya imicindən başqa bir şey oyandırmaz...
ay qərbə uzanarkən
şərqə çəkilir
kölgəsi çiçəklərin

Buson haqlıdır. Çiçəklərin ən gözəl kölgəsi bu yerlərdədir sanki…
Kyotonun mərkəzində sadəliyi ilə yapon memarlığının zirvəsini təmsil edən Kyoto İmperator Sarayı yerləşir. Yanında daha zəngin bəzədilmiş və Tokugawa Shogunun şəhərə etdiyi nadir ziyarətləri zamanı qalmağa üstünlük verdiyi Nijo Qalası yerləşir. Shijo-Kawaramachi yaxınlığındakı Gion Köşəsi ənənəvi sənətlərə və teatra şahid olmaq üçün vaz keçilməz bir məkandır. Qədim növ restoranlar bölgəyə fərqli gözəllik verir. Higashiyama bölgəsində 1001 zər naxışlı taxta Kannon (Mərhəmət Tanrıısı) heykəli ilə məşhur Sanjusangendo Məbədi yerləşir. Kiyomizu Məbədi şəhərin panoram mənzərəsinə uzanan dərin bir vadidə yerləşən geniş və taxtadan olan verandası ilə məşhurdur. Ginkakuji Məbədi (Gümüş Köşk) həm zərif memarlığı, həm дя möhtəşəm bağça peyzajları ilə məşhurdur.
Qərbi Kyotadadı Katsura İmperator Villası ənənəvi yapon memarlığı və bağça peyzajının ən gözəl örnəklərindən biri olaraq qəbul edilir. Shugakuin İmperator Villası isə 17-ci əsrdə Tokugava şoğunluğu (söqunluğu) tərəfindən İmperator Go-Mizuno üçün tikilmişdir. Burada hər tərəf çiçəklərlə bəzəklidir.
qoparsam bir türlü,
qoparmasam bir türlü…
ah, bu menekşə !

Naoja kimi mən də eyni tərəddüdü yaşayıram. O qədər ki qoparmaq istəyirəm, amma üzmək də istəmirəm bu gözəlliyi…
Kyotonun mərkəzindən yalnızca 20 dəqiqə uzalıqdakı Arashiyama səmtində saysız-hesabsız məşhur məbəd və dükan yerləşir. Bölgə özəlliklə də gözəl havalarda piyada dolaşmaq və velosipedlə gəzmək üçün idealdır. Qərbi Kyotada turistlərin mütləq görməsi lazım olan yerlərdən ikisi - Kinkakuji və Ryoanji Məbədidir. Kinkakuji Məbədi və ya Altın məbəd yalnız daşlar və bəyaz qumla bəzədilmiş məşhur Ryoanji Məbədi ilə tam bir təzad təşkil edir. Burada elə qəribə bir aura var ki sanki qəlbinizə sevgi seli daxil olur. Düşünmək üçün elə qəribə səssizlik var ki...
«Qəlbinizin şəfqətlə dola bilməsi üçün öncə zehninizin azad olması gərəkdir» - deyir yaponların sevimli Zen fəlsəfəsi. Fərqində olmaq hər anın süurla və dolu-dolu yaşanmasını təmin edən gerçək bir möcüzədir. Hər nəfəsin, hər hərəkətin və halın, hər duyğu və düşüncənin, qısası, özümüzlə bağlı və əlaqəli hər şeyin fərqində olmalıyıq. Buddaya görə insanın yaşayıb- yaşamaması o insanın fərqində oluб-olmamasına bağlıdır. Yəni həyat və ölüm gerçəkdə tamamilə bir fərqindəlik məsələsidir. Meditasiya həm bədənin, həm də ruhun qidasıdır. Dağınıq zehndən doğru zehnə və ən nəhayət, doğru zehndən müdrikliyə gedən yoldur.
Bu gün həm baxmaq həm də görmək üçün gözəl bir gün oldu. Baxmaq və görmək başqa-başqa şeylərdir deyirdi Hz. Mevlana. Hər kəs baxar amma az insan görər.
Bu gün həm də düşünmək və səssizliyin söylədiklərini dinləmə üçün gözəl bir gün oldu. Sabah yeni bir günə oyana bilmək. Gerçəkdən də, bundan gözəl nə ola bilər ki... Və yeni bir şeylər söyləməyə hazır olmaq... Yazını bitirəndə Bashonu heyran edən səssizliyin səsi gəlirdi və onu dinləmək üçün yazımı da burada bitirirəm...
Səssizlik…
Qayaların arasına yayılır
Avqust böcəyinin səsi
(Ardı var)

Qənirə Paşayeva

Millət vəkili,Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü











 

Xəbər 3292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR