Müasir dünyada müharibələr təkcə silahla aparılmır. Bu gün dövlətlərə qarşı ən təhlükəli hücumlardan biri informasiya müharibəsidir. Dezinformasiya artıq qlobal təhlükəyə çevrilib. Onun ən təhlükəli tərəfi isə odur ki, tam yalandan ibarət olmur. Əksinə, bu məlumatların içində müəyyən qədər həqiqət payı olur. Adətən 20–30 faiz həqiqət, qalan hissə isə məqsədli şəkildə qurulan yalan və manipulyasiyadır.
Məhz bu üsulla cəmiyyət aldadılır, dövlətlər hədəfə alınır, ictimai rəy yönləndirilir. Bir faktın ətrafına onlarla yalan əlavə olunur və nəticədə ortaya tamamilə saxta, amma inandırıcı görünən bir "informasiya” çıxarılır. Bu, klassik informasiya müharibəsi texnologiyasıdır.
Azərbaycana qarşı aparılan çirkin kampaniya
Uzun illərdir Azərbaycana qarşı xaricdən idarə olunan informasiya hücumları davam edir. Bu hücumların "qəhrəmanları” zaman-zaman dəyişsə də, dövlətə qarşı səlib yürüşü davam etdirilir. Hazırda isə bu məsələdə fəal Hüseynov qardaşlarıdır. Biz qardaşların sosial şəbəkələr üzərindən yeni nəsil dezinformasiya üsulu ilə Azərbaycan əleyhinə fəaliyyətini müzakirə etmək fikrindən uzağıq.
Bizim mövzumuz ilana zəhər daşıyan kərtənkələlər, dövlətin imtiyazlarından yararlanıb, bir üzü xaricdə olanlardır. Beləki söyüş müxalifətinin yaydığı məlumatların içində elə detallar olur ki, hansısa daxili mənbədən ötürüldüyünü göstərir. Yəni məsələ təkcə xaricdə oturub Azərbaycana qarşı danışmaqdan ibarət deyil. Problem ondadır ki, bu şəxslər həm də Azərbaycanın içindən bəslənilir və bəzi informasiyalar məhz içəridən sızdırılır.
Türklərin məşhur bir atalar sözü var: "Xəyanət içəridə olanda qapı kilid tutmaz.” Bu söz bugünkü vəziyyəti çox dəqiq izah edir.
Dövlətin içində informasiya satanlar
Çox təəssüf ki, Azərbaycan dövlətində çalışan bəzi şəxslərin müxtəlif maraqlar naminə məlumat ötürdüyü barədə faktlar və iddialar zaman-zaman gündəmə gəlir. Bu məlumatlar daha sonra xaricdə Azərbaycana qarşı aparılan kampaniyalarda istifadə olunur.
Belə şəxslər bəzən elə vəzifələrdə otururlar ki, heç kimin onlardan şübhəsi olmur. Amma arxa planda məlumat daşıyıcısı, vasitəçi və ya birbaşa informator kimi fəaliyyət göstərirlər. İnformasiya müharibəsinin ən təhlükəli tərəfi də məhz budur – düşmən bəzən sənin içində olur.
Tovuzdan çıxan qalmaqal: Rəşad Zeynalov xətti
Son dövrlərdə ortaya çıxan məlumatlar isə xüsusilə Tovuz rayonunu və rayon icra hakimiyyətinin birinci müavini Rəşad Zeynalovu gündəmə gətirir. Nə qədər təəcüb doğursa da, Rəşad Zeynalovun Hüseynov qardaşları ilə mütəmadi əlaqə saxlayan və onlara Azərbaycandakı bəzi proseslər barədə məlumat ötürən əsas fiqurlardan biri kimi göstərildiyi iddia olunur.
Bildirilir ki, birinci müavin, təkcə əlaqə saxlamır, həm də müəyyən məsələlərdə həmin şəxslərlə koordinasiyalı şəkildə hərəkət edir. Onun Hüseynov qardaşlarının yaxın çevrəsi ilə mütəmadi ünsiyyətdə olduğu, müxtəlif mövzular üzrə məlumat ötürdüyü barədə ciddi məlumatlar dolaşır.
Rəşad Zeynalovun bu çevrə ilə əlaqələrinin təsadüfi olmadığı da deyilir. Onun həm şəxsi münasibətlər, həm də qohumluq əlaqələri vasitəsilə həmin şəbəkəyə yaxın olduğu vurğulanır. Hüseynovların yaxın qohumu olan Rəşad Zeynalovun Tovuz rayonunun icra başçısı Məmməd Məmmədovla da sonradan qohum olduğu da bu məsələnin daha da diqqət çəkən tərəflərindən biridir.
Tovuzda narazılığın mərkəzində eyni ad
Tovuzdan daxil olan şikayətlərə baxanda isə maraqlı bir mənzərə ortaya çıxır. Rayon sakinlərinin qaldırdığı problemlərin böyük hissəsi birbaşa icra başçısı Məmməd Məmmədov (el arasında "Zəhər Məmməd” kimi də tanınır) və Rəşad Zeynalovun fəaliyyəti ilə əlaqələndirilir. Sosial şəbəkələrdə Qarabağ qazilərindən imkansız ailələrə qədər çoxsaylı şikayətçilər bu ikilidən narazılıqlarını bildirirlər.
Rayonda sosial narazılığın artması, insanların icra hakimiyyətindən şikayətləri və idarəçiliklə bağlı problemlərin dərinləşməsi məhz onun adı ilə bağlanır. Bu narazılıqların ört-basdır edilməsinə cəhd göstərilsə də, vəziyyət artıq gizlədiləcək səviyyədə deyil.
Ən təhlükəli tərəf isə budur: Tovuz kimi strateji rayonda narazılıq yaratmaq və eyni zamanda həmin məlumatların xaricə daşınaraq Azərbaycana qarşı istifadə olunmasına zəmin hazırlamaq açıq-aşkar xəyanət sayılır.
Dövlət üçün ciddi siqnal
Əgər bir məmur həm rayonda narazılıq yaradır, həm də həmin məlumatların Azərbaycana qarşı istifadə olunan kanallara ötürülməsində rol oynayırsa, bu artıq təkcə idarəçilik problemi deyil. Bu, dövlət təhlükəsizliyi məsələsidir.
Bu səbəbdən Rəşad Zeynalov ətrafında dolaşan məlumatlar ciddi şəkildə araşdırılmalıdır. Çünki informasiya müharibəsi dövründə dövlətin içində yerləşən belə "informasiya brokerləri” düşmən üçün ən qiymətli alət sayılır.
Azərbaycanı hədəfə alan informasiya kampaniyalarının qarşısını almaq üçün yalnız xaricdəki təbliğat maşınını ifşa etmək kifayət etmir. Əsas məsələ həmin maşına içəridən yanacaq daşıyanları tapmaqdır. (Yenicag.az)
Xəbər 551 dəfə oxunub.