Hücum xəttində 1-2 nəfərimiz olsa, pis olmazdı

Hücum xəttində 1-2 nəfərimiz olsa, pis olmazdı
  • İDMAN

"Qalib gəlmək istəyirdik, amma alınmadı. Komandanın gücünü bilirdik, hələ məğlub olmayıblar".

Aktual.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində Fransa "Monako"su ilə (1:1) oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, oyun haqda bunları bildirib:

"Oyunun demək olar ki, 10 dəqiqəsini əldən verdik və bu müddətdə də qapımızda qol gördük. Oyunda sürət, mübarizə var, futbolçularımdan razı qaldım. Meydanda yaxşı komanda gördüm. Onlara heç bir irad bildirmədim. Sadəcə rəqibə də dəyər vermək lazımdır. Bu bərabərlik üçün özünü sığortalamaq deyil. Oyun 1:0 hesabı ilə davam etsə idi dəyişiklik olacaqdı. Amma riskə getmək istəmədim. Ola bilərdi ki, irəlidə futbolçular bir-birlərini tam anlamasınlar. Amma hücum xəttində 1-2 nəfərimiz olsa, pis olmazdı. Qarşıda iki oyunumuz qalıb və bunlara hazırlaşacağıq. Bu gün azarkeşlərimizə qiymət versək, 5+ deyərdim. Komanda adından azarkeşlərə təşəkkür edirəm".

Baş məşqçi itirilən 2 xalı belə dəyərləndirib: "Hər qazanılan xaldan razı qalmışam. Ümumi oyuna baxdıqda bəlkə də doğrudur. Hər iki tərəf çox istəkli idi. Belə komandaya qarşı bu nəticə pis alınmadı. Amma bu gün meydana qalib gəlmək üçün çıxmışdıq".

Q.Qurbanov qrup mərhələsindən çıxmaq şanslarını belə dəyərləndirib: "Qrupa düşəndə fikirləşirdik ki, 1-2 xal yığsaq, yaxşıdır. Ancaq indi 4 xalımız var. Çalışırıq ki, belə rəqiblərlə başabaş mübarizə aparaq və öz oyunumuzu quraq. Bəzi səhvlərimiz oldu, amma ümumilikdə normaldır. Hansı rəqib gəlirsə, "daha güclüdür" deyirik və bunlara hazır olmalıyıq. Rəqib qapısına o qədər də zərbə vura bilmirdik. Çünki rəqibi də diqqətə almaq lazımdır. Zərbəyə bir o qədər də imkan vermirlər və qolun daha çox vurulduğu hissədə daha sıx oynayırlar".

O, qapıçı İbrahim Şehiçin çıxışını isə belə dəyərləndirib: "Razı qaldım. Oyun ərzində diqqət, motivasiya vardı. Ancaq qol epizodunda topa əli ilə də çıxa bilərdi. Ola bilər ki, oyunçu sürətlə gəlirdi deyə ayağı ilə tez çatacağını düşündü”.

Aktual.az

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR