Tarif Şurası enerji tariflərinin qiymətlərini qaldırdıqdan sonra müxtəlif sahələrdə bahalaşma müşahidə olunur.
Bəzi xidmət sahələrində qiymət artımı artıq baş verib, bəzilərində isə bahalaşmanın olacağı istisna deyil. Təbii qaz və işığın tariflərinin bahalaşması hotel və restoranlarda da qiymətlərin artacağından xəbər verir.
Aktual.az xəbər verir ki, Fins.az-ın suallarını cavablandıran Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirdi.
M.Ağakərimov qeyd edib ki, xüsusən də restoran xidmətlərində bahalaşma olacaq:
"Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur.
Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq”.
Hotellərin qiymət artırmasına gəlincə isə AzTA nümayəndəsi artıq hotellərin Yeni il bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini bildirib.
O, hotellərin, qiymət siyasətinə Yeni ildən sonrakı aylarda baxacaqlarını qeyd edib. Lakin ekspert bəzi hotellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.
Hotel rəsmilərinə gəlincə, onlar da enerji tariflərinin bahalaşmasından sonra xidmətlərin bahalaşmasının qaçılmaz olduğunu bildiriblər.
Lənkəranda yerləşən hotellərdən birinin direktoru qeyd edib ki, hazırda hoteldə heç bir xidmətin qiymətində dəyişiklik olmadığını, amma 2017-ci ildən sonra, çox güman ki, qiymətlərin arta biləcəyini bildirib. R.Əzizov hazırda bazarın analiz edildiyini və yeni ildən uyğun qiymətlərin təklif ediləcəyini deyib.
Bakıda yerləşən hotellərdən birinin meneceri isə qiymətləri artırmağa tələsmədiklərini və buna səbəb kimi hotel bazarında rəqabətin böyük olmasını göstərib.
Amma hotel rəsmisi pulsuz xidmətlərin ləğv olunacağını və işçi heyətində də ixtisarların ola biləcəyini qeyd edib.
Qubada yerləşən hotelin administratorunun sözlərinə görə, enerji tariflərinin bahalaşması onların işlərinə mənfi təsir edir: "Hər ay ən azı 1500 manat təbii qaza və işığa pul ödəyirik, bahalaşmadan sonra daha çox ödəməli olacağıq. V.Kamil xərcləri azaltmaq üçün işçiləri ixtisar edəcəklərini, həmçinin hotelin təklif etdiyi qiymətlərə yenidən baxılacağını deyib.
Xəbər 485 dəfə oxunub.