Sentyabrın 9-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının təsis yığıncağı keçirildi.
Şuranın sədri Azay Quliyev Platformanın yaradılması təşəbbüsünün cəmiyyət üçün əhəmiyyətindən danışaraq bildirdi ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni danışıqlar yolu ilə həll etmək olar. Platforma informasiya əldə etmək, fiksal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclis ilə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, habelə, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsündə vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.
Xatırladaq ki, Ölkə Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsinin icrası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Tədbirdə çıxış edən digər natiqlər belə bir platformanın, dialoqun mühüm önəm kəsb etdiyini söylədilər. Əslində, hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında öz əksini tapır. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Müzakirələrdən sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandum imzalandı.
Platformanın fəaliyyət istiqamətləri sırasında idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi xüsusi yer tutur. Həmçinin, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiqi də mümkün sayılır.
Şübhəsiz, hökumət-QHT münasibətlərinin sivil müstəvidə qurulmasında medianın rolu çox böyük olacaq. Mətbuat və elektron KİV-lər təkcə yeni təşəbbüsün qarşıa qoyduğu hədəflərin nədən ibarət olduğunu cəmiyyət üzvlərinə çatdırmaqla kifayətlənməyəcək, informasiya əldə etmək, şəffaflığın təmini və ictimai iştirakçılıq məsələlərində platforma iştirakçılarının öhdəliklərinin yerinə yetirilməsində birbaşa iştirak edəcək. Əlbəttə, bu sahədə beynəlxalq təcrübənin də öyrənilməsinə ciddi ehtiyac var. Əməkdaşlıq platformasının təsisçiləri çıxışlarında dövlət-vətəndaş cəmiyyəti əlaqələrinin sivil nümunələri ilə bağlı beynəlxalq təşkilatlarla təcrübə mübadiləsinin aparıldığını da diqqətə çatdırdılar.
Yeni əməkdaşlıq platformasını həm də ölkə başçısının sərəncamları və iqtisadi islahatların dərinləşdirilməsi üzrə müəyyən edilən dövlət proqramlarının icrasına nəzarət edən bir struktur kimi qiymətləndirmək olar. Mütəxəssislər qeyd edirlər ki, dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin yerlərdə lazımınca yerinə yetirilməməsi və bürokratik əngəllərin qalmaqda davam etməsi dövlət-QHT münasibətlərində keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Yeni format bu sahədə mövcud problemlərin həllində öz sözünü deyə biləcək. Elektron hökumətin təşviqi və “ASAN Xidmət”in təşəbbüs qrupunda yer alması qurumun fəaliyyətinin həddindən artıq geniş olduğundan xəbər verir. Platforma nəhayət, ölkəmizin üzləşdiyi yeni iqtisadi şəraitdə, xüsusən də, neft qiymətlərinin ucuzlaşdığı, dünya iqtisadi böhranının davam etdiyi bir şəraitdə hökumət-vətəndaş cəmiyyəti münasibətlərində konstruktiv əməkdaşlığın qurulmasına fayda vermək iqtidarındadır. Beləliklə, yeni təşəbbüs
2011-ci ildə əsası qoyulan Açıq Hökumət Tərəfdaşlığı proqramına öz töhfələrini verəcək. Bu isə cəmiyyətdə ictimai dayanıqlığın və həmrəylik elementlərinin artması ilə nəticələnəcək.
Malik/Aktual.az