Sumqayıt Apellyasiya Məhkəməndə Abşeron rayon sakini Mirazad Mirəliyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, Mirazad Mirəliyev qaynı Fəxrəddin Baloğlanovun icarəyə götürüb işlətdiyi Hökməli-Qobu yolunun kənarında yerləşən, "Vişnəlik” adlanan çayxanada Telman Səfərəliyevlə birgə 2013-cü ildən başlayaraq torpaq alqı-satqısında vasitəçiliklə məşğul olub. Lakin 2014-cü ildə Fəxrəddinlə aralarında narazılıq yarandığından, Telmanla həmin çayxanadan çıxıb, yolun əks tərəfində yerləşən,
bacısı oğluna məxsus bir otaqlı tikilidən ofis kimi istifadə edərək, öz fəaliyyətlərini orada davam etdiriblər. O vaxtdan etibarən Baloğlanovun qohumu Mürvət Səfərov yanına gələn müştərilərin və həmkəndlilərinin yanında onu söyüb, təhqir edib və hədələyib.
Aprelin 22-i saat 12 radələrində müştərilərlə söhbət edərkən, növbəti dəfə kənardan Mürvət əl işarələri ilə Mirazadı hədələyib. Bundan əsəbləşən Mirəliyev, ona qarşı kobud davranışının səbəbini soruşmaq üçün Fəxrəddinin çayxanasına gəlib. Mürvətin qohumu Malik Səfərəliyevlə oturub çay içdiyini görüb, onlarla bir masada əyləşib və Səfərovdan nə üçün onu söydüyünü soruşub. Cavab olaraq sonuncu "yaxşı edirəm, dur, burdan rədd ol” deyib, pencəyinin cibindən bıçaq çıxarıb, onu hədələyib. Ayağa qalxaraq, əlbəyaxa olublar.
Mürvət Mirazadın ağız nahiyəsinə yumruqla vurub, ardınca bıçaqla onu sol bud nahiyəsindən yaralayıb. Səfərov növbəti zərbəni endirmək istəyərkən Mirəliyev, stoldalı çayniki götürüb onun sol qulaq nahiyəsinə vurub və çayxanadan çıxıb. Malik Səfərəliyev və digər şəxs Mürvəti sakitləşdirmək istəsələrdə, sonuncu onların əlindən çıxıb Mirazad tərəfə gedib. Buna görə Mirəliyev daim cibində gəzdirdiyi məişət təyinatlı qatlanan cib bıçağını çıxararaq, Səfərovun döş qəfəsi nahiyəsinə bir necə zərbə vurub. Bununla da, onu qəsdən öldürüb.
2014-cü il oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mirəliyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti, prokuror isə apellyasiya protesti verib.
Sumqayıt Apellyasiya Məhkəməsi M.Mirəliyevin əməlini CM-nin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə ) maddəsinə tövsif edib və ona 2 il cəza təyin edib.
Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 2015-ci il noyabrın 4-də Ali Məhkəmə protesti təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yeni apellyasiya baxışına qaytarıb.
Bu dəfə işi araşdıran Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilsin.
Xəbər 1185 dəfə oxunub.