Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, V. Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə,  V. Cəlalov özgənin əmlakını qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək, silahı ondan alıb və qaytarmayıb. Zərərçəkmiş isə buna görə polisə şikayət edib.
 
Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı İmperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.
 
V. Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
 

Aktual.az

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR