Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
Aktual.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək, nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək, bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək, eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə də cərimələr müəyyənləşir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Xəbər 45 dəfə oxunub.