Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq.
Daha qlobal miqyasda baxılarsa, Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən, dövlət xadimlərindən biridir. Dünyanın məşhur simalarının onun barəsində necə heyranlıqla, ehtiramla danışdıqlarının canlı şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Onun keçdiyi böyük ömür yolu zaman və məkan anlayışına sığmır. Bu barədə çox yazılıb, çox deyilib. Odur ki, diqqəti Heydər Əliyevin xalqına bağışladığı ömrün ayrı-ayrı məqamlarını, tarixi anları əks etdirən fotoşəkillərə yönəltmək istərdik.
AZƏRTAC-ın arxivində qorunub saxlanılan çoxsaylı fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər öncəyə çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənir, xatirələrə dalırıq.
Sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba
Heydər Əliyev hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb, istirahət nə olduğunu bilməyib. Yaşlı nəslin yadında olar: onun Prezident Aparatındakı iş otağının işığı bəzən gecə yarısınadək sönmürdü. İnanılmazdır: bu qədər iş-gücün qabağında ailəsinə necə vaxt ayırırdı? Buna fotoşəkillər şahidlik edir: biz Heydər Əliyevi ailə üzvləri arasında, övladlarının, nəvələrinin əhatəsində görürük. Sanki bu tarixi fotolar dil açaraq Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata, mehriban baba olduğundan xəbər verir. Oğlunun və qızının gözündə o, dünyanın ən yaxşı atası, nəvələrinin gözündə dünyanın ən yaxşı babası idi.
Azərbaycan intibahının müəllifi və gələcəyimizin parlaq mayakı
Heydər Əliyev respublikaya rəhbər təyin olunana qədər Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri sayılırdı. Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyevin birinci katib seçilməsi həyat ritmini büsbütün dəyişdi: ölkədə indiyədək görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar - "Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı tikildi, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı.
Bu illər haqlı olaraq, Azərbaycanın intibah dövrü kimi səciyyələndirilir. O, yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də gələcəyimizin parlaq mayakıdır.
Heydər Əliyev bu gün də davam edən ənənənin əsasını qoydu. O, bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı.
Aşağıdakı fotolar özündə həmin anları yaşadır, bizi xəyalən o illərə qaytarır.
Siyasət kəhkəşanının sönməz ulduzu
Siyasət aləmində ulduz kimi parlayan Heydər Əliyev Siyasi Büronun üzvü seçildi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Yaşlı nəsil bu hadisələrin Azərbaycanda necə böyük sevinclə qarşılandığını yaxşı xatırlayır. Azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması qürurverici hadisə idi. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Moskvada olarkən gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.
Vətənin ağır günlər keçirməsinə biganə qala bilməyən Ulu Öndər 1990-cı illərin əvvəllərində Azərbaycana qayıtdı. Ölkənin siyasi rəhbərliyi onun Bakıya gəlməsinə imkan vermədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu və ümidlə qarşıladığı, Ulu Öndərin Naxçıvan həyatının bəzi məqamları əksini tapıb.
Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. İyirmi beş il əvvəl burada dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın sonrakı taleyində həlledici rol oyandı.
Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Dünya liderləri ilə çoxsaylı görüşləri xarici siyasətin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayır, sözünü eşidirdilər. Bunu həmin görüşlər zamanı çəkilmiş fotolardan da görmək mümkündür.
Heydər Əliyev əfsanələri reallığa çevirdi
Dövlət müstəqilliyinin bərpasının ilk illəri olduqca ağır keçirdi. Ölkədə baş qaldırmış xaos və anarxiya, hakimiyyət çəkişmələri, nəhayət vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı uçuruma sürükləyirdi. 1993-cü ildə siyasi və iqtisadi böhran kuliminasiya nöqtəsinə çatdı. Yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın gözü Naxçıvana, Heydər Əliyevə dikilmişdi. Hamı bu fikirdə idi ki, ölkəni fəlakətdən yalnız bu müdrik insan qurtara bilər.
Azərbaycan xalqı, xüsusən ziyalılar onu təkidlə Bakıya çağırır, ölkəyə rəhbərlik etməsini istəyirdi. Heydər Əliyev qayıtdı: ölkənin taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını üzərinə götürdü. Bu böyük şəxsiyyət Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan salamat çıxararaq, sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Həmin vaxtlar ölkə iqtisadiyyatında dərin böhran yaşanırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım gəlirdi. Müdrik siyasətçi və dövlət xadimi olan Heydər Əliyev bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev "Amoko”, "BP”, "Yunokal”, "LUKoyl”, "Statoyl”, "Ekson”, "İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı. Bu inamın əsasında təbii ki, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğunu yəqin ki, çoxları xatırlayır: onun gözləri gülür, əlini neftə batıraraq üzünə çəkir və bu tarixi an fotoobyektivin yaddaşına həkk olunur.
Sonra üç dəniz əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri, onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngin olmaqla yanaşı, həmçinin milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə səciyyəvidir. Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə eyni vaxtda nizami ordu yaradılması istiqamətində də aramsız səylər göstərirdi. Onun cəbhə bölgələrinə səfərləri, ön xətdə əsgərlərlə görüşləri böyük ruh yüksəkliyi yaradır, düşmən hücumlarının qarşısının alınmasına vəsilə olurdu.
Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.
Heydər Əliyev: Mən İlham Əliyevə özüm qədər inanıram
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Ulu Öndər həyatının son günlərində xalqa müraciətində belə yazırdı: Mən İlham Əliyevə özüm qədər inanıram. Əminliklə bildirirdi ki, İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq.
Zaman Ulu Öndərin bu inamında yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Xalq-iqtidar birliyi Azərbaycanı yeni zəfərlərə doğru aparır.
O elə bir zirvədir ki...
Uca zirvələr uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham bunun əyani göstəricisidir. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Bu anlar da fotolarda əbədiləşir. Onlara baxdıqca tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti sonsuz və əbədidir...