Rusiya Federasiyasının Həştərxan vilayətində mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə həyata keçirilmiş bir sıra tədbirlərin yekunu olaraq cari ilin 10 may tarixində tədbir təşkil olunub.
Aktual.az xəbər verir ki, mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, "Həştərxan şəhər" bələdiyyəsinin administrasiya rəhbəri Oleq Polumordvinov, Həştərxanın Kirov rayonunun başçısı İqor Redkin, Həştərxan şəhəri Administrasiyasının idarə rəisi İrina Kazantseva-Ivanova, Şəhər Dumasının deputatı Əli Ömərov, Həştərxanın fəxri vətəndaşı Ədalət Hüseynov, Heydər Əliyev adına məktəbin direktoru Tatyana Tixomirova, məktəbin müəllim və məktəb tələbələri, Azərbaycan diasporunun nümayəndələri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.
Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında mərhum prezidentin əvəzsiz rolundan danışılıb.
Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.