Həmsədrlərin tapdığı yeganə yol odur ki, Bakı və Yerevan özü razılığa gəlsin - PA rəsmisi

Həmsədrlərin tapdığı yeganə yol odur ki, Bakı və Yerevan özü razılığa gəlsin  - PA rəsmisi

“Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, münaqişə həllini tapmır. Beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir”. 

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışında deyib.

N.Məmmədovun fikrincə, iş o yerə çatıb ki, ABŞ dövlət katibi dünyaya guya mesaj verir ki, liderlər münaqişənin həllinə hazır deyillər:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar. Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin.

Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır”.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Qarabağ münaqişəsindən danışarkən Xocalı soyqırımını kənara qoymaq olmaz: “Ermənistan olmayan soyqırımını dünyaya guya həqiqətən törədilmiş kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımıdır. Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ-ın bir sıra ştatı Xocalı soyqırımını tanıyıb”.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR