“Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin ATƏT-in Minsk qrupu həmsədrlərinin BMT Daimi Şurasında çıxışına cavab bəyanatında deyilir.
Bildirilir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının həmsədrlər üçün müəyyən etdiyi mandat və tapşırıqlar əsasında qurulan sülh prosesinin tərəfdarıdır, lakin danışıqlar naminə danışıqlar aparmaq istəmir:
“Əgər ATƏT-in bu münaqişənin sülh yolu ilə həllində marağı varsa, bizim nümayəndəlik ATƏT-ə üzv ölkələri və Minsk qrupunun həmsədrlərini vasitəçilər üçün olan təlimatları nəzərə almağa çağırıblar. Birincisi, ATƏT-in Minsk qrupu həmsədrləri öz fəaliyyətlərini ciddi şəkildə onların mandatını müəyyən edən BMT TŞ-nin müvafiq qətnamələri, 1994-cü ilATƏT Budapeşt sammitinin qərarları və BMT xartiyası əsasında qurmalıdırlar. İkincisi, həmsədrlər gecikmə olmadan Böyük Sülh Sazişi istiqamətində danışıqlar üzrə səylərini artırmalıdırlar. Üçüncüsü, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa məcbur edilməli və həmsədrlər bu ölkəni sülh maraqları naminə “status-kvo”dan əl çəkməyə məcbur etməlidir. Dördüncüsü, həmsədrlər sülh prosesini inhisara almaq cəhdlərindən və bu prosesin irəli aparılmasına yönəlik təşəbbüslərin qarşısını almaqdan imtina etməlidirlər. Həmsədrlərin münaqişənin həllinə təşəbbüs göstərən digər beynəlxalq qurumlara və ikitərəfli təşəbbüslərə konstruktiv yanaşmasına ehtiyac var və onların təkliflərin verdiyi imkanlardan yararlana bilərlər. Həmsədrlər daha da aktivləşməli və danışıqlar prosesinə qarşı olan bütün maneələrin qarşısını almalıdırlar. Beşincisi, Azərbaycanın ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək cəhdləri ilə bağlı narahatlıqlar ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən nəzərə alınmalıdır. Çünki oradakı vəziyyət birbaşa olaraq münaqişənin həlli perspektivinə təsir edir. Həmsədrlər Ermənistanı həmin ərazidə təxribatlar törətmək fikrindən yayındırmalıdır, çünki bu, sülh prosesinə zərərlidir”.
Bəyanatda deyilir ki, yuxarıda sadalanan çətinliklərə baxmayaraq, Azərbaycanın bu danışıqların nəticə verəcəyi ilə bağlı ümidləri Azərbaycan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradəsinin olmasını göstərir: “Azərbaycan münaqişənin humanitar, hərbi, siyasi, iqtisadi və sosial nəticələrinin aradan qaldırılması və tez bir zamanda siyasi həllinin tapılmasında ən çox marağı olan tərəfdir. Ölkəmiz 1988-ci ildən didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpasını istəyir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına riayət olunmaqla həll edilməlidir. Biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq. Nə qədər tez Ermənistan bunu anlasa, münaqişə o qədər tez həll olunacaq və regiondakı ölkələr bunun verdiyi əməkdaşlıq və iqtisadi inkişafın perspektivlərindən yararlana biləcəklər. Bu kontekstdə biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü səbirsizliklə gözləyirik və ümid edirik ki, bu görüş münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqları irəliləməsi üçün əsas olacaq”