Qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Yerevanda deyib.
C.Uorlik qeyd edib ki, problem həmişə açıq müzakirə olunmur: "Regionda yüz minlərlə qaçqın var. Onlara qulaq asmaq lazımdır".
Diplomat deyib ki, qaçqınlara və ölkə daxilində yerini dəyişən şəxslərə öz evlərinə qayıtmaq imkanı verilməlidir.
Amerikalı həmsədr bildirib ki, Minsk Qrupunun həmsədrlərinin oktyabrın 28-də Azərbaycan səfəri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə də görüşəcək.
Pafosdan və mübaliğədən uzaq da olsa, qeyd etməliyəm ki, bu mövqe Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində artıq irəliyə doğru bir addımdır. Əksərən loyal yanaşmalara üstünlük verən ATƏT-in Minsk Qrupu həmsədrləri, deyəsən, münaqişənin həlli prosesindəki danışıqlarda uzun zamanın donmuş "buz"larını əritməyə qərar veriblər.
Əslində, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması prosesi ilə bağlı C.Uorlikin son açıqlaması münaqişənin tənzimlənmə prosesinin elə ana xəttində dayanan məsələlərdəndir. Münaqişənin həllində açar rolunu oynayan vacib detallardan olan bu məqam diqqətdən kənarda qalmamalıdır. Belə ki, diplomatın da xüsusi vurğuladığı kimi, məhz qaçqınların problemlərinə məhəl qoyulmazsa, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq indiki halda mümkünsüz görünür.
Çünki sülh yolu ilə tənzimləmə prosesində torpaqların işğaldan azad edilməsi, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsi gündəmə gələ bilər.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, işğal olunmuş torpaqlar azad olunandan, yurd-yuvalarından didərgin salınmış azərbaycanlılar öz doğma torpaqlarına qayıtdıqdan, ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlara başlamaq olar. Rəsmi Bakının bu konkret və dəyişməz mövqeyini uzun zaman qulaqardı edən həmsədrlər nəhayət ki, Azərbaycanın haqlı mövqeyindən çıxış etməyə qərar verdilər.
Qeyd etməyi vacib hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Ermənistanın işğalçı dövlət kimi real olaraq öz adıyla konkret qabardılmaması üçün dəridən-qabıqdan çıxan ermənipərəst qüvvələr təcavüz faktından qaçdıqları sürəcə, münaqişənin ədalətli həlli də əlçatan olmayacaq. Məhz bu baxımdan xüsusi vurğulamaq yerinə düşər ki, amerikalı həmsədr C.Uorlik mövcud reallıqdan çıxış edərək Azərbaycanın haqlı səsini beynəlxalq aləmə çatdırmağa xidmət edən mövqe tutdu.
Diplomat yaxın dönəmdə Azərbaycana səfəri çərçivəsində Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə də görüşəcəyini deyərək, son yanaşmasındakı ədalətli mövqeyni bir qədər də möhkəmləndirmiş oldu. Regionda yüz minlərlə qaçqının olduğunu deyən diplomat bu insanları dinləməyin lazım olduğunu da qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi aydındır. Bu mövqe açıq, bəlli və dəyişməzdir - Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalı, erməni silahlı bölmələri işğal olunan torpaqları qeyd-şərtsiz tərk etməli, münaqişə nəticəsində ev-eşiyindən didərgin düşənlər öz doğma torpaqlarına geri qayıtmalıdırlar. Bundan sonra isə bölgənin status məsələsi ilə bağlı danışıqlara başlamaq və bundan sonra digər məsələlərlə bağlı müzakirə aparmaq üçün masa arxasına əyləşmək olar.
Bunlardan kənarda səsləndirilən, açıqlanan, iddia edilən mövqe qəbuledilməzdir. Ermənistanın indiki hakimiyyətinin rəsmilərinin sabit olmayan mövqeləri kimi...
Yalanlara söykəndiyindəndir ki, erməni rəhbərlərinin mövqeləri hər zaman havadan asılı qalır.