Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vladimir Babayevin (1970-ci il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il martın 16-da Lökbatan qəsəbəsində Vladimir Babayev tanışı Serqey Naumovun evində yeyib-içərkən, aralarında yaranmış mübahisə zamanı Sərdar Zamanova (1968-ci il təv.) əl və ayaqla xəsarətlər yetirib, daha sonra isə əlinə keçən mətbəx bıçağı ilə sonuncunun boğaz nahiyyəsinə zərbə vurub. Nəticədə S.Zamanov kəskin qanitirmədən hadisə yerində ölüb, az sonra isə daxil olan məlumatla əlaqədar Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları həmin ünvana gələrək Babayevi saxlayıblar. Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə prosesində Vladimir Babayev ittiham üzrə özünü təqsirli hesab edərək, ifadəsində mərhumla 3 ilə yaxın tanış olduğunu bildirib. Onlar birlikdə avtoservisdə işləyiblər, işdən sonra tez-tez spirtli içki qəbul ediblər. Həmin gün iş az olduğuna görə, o Sərdarla birlikdə servisdən çıxaraq, kafeyə gediblər və orada bir şüşə araq içiblər. Təxminən saat 21 radələrində Serqey ona zəng edərək, harada olduğunu soruşanda, o deyib ki kafedədir. Naumov evinə gəlməyi təklif edib və yol üstü araq almağı tapşırıb. Serqeyin evinin yanındakı marketdən araq və pivə alıb, yuxarı qalxıblar. Aldıqları içkiləri içəndən sonra Vladimir Sərdara 5 manat verib və yenə də içki almağa göndərib. Üstündən 10 dəqiqə keçəndən sonra Zamanov əli boş qayıdıb, "araq haradadır?" sualına cavab verib ki "bilmirəm". Ardınca deyib ki, pulu itirib. Bundan Babayev hiddətlənib və əl-ayaqla ona zərbələr vurmağa başlayıb, sonuncu demək olar ki, müqavimət göstərməyib. Serqey onu sakitləşdirməyə çalışıb, amma Vladimir heç cür sakitləşə bilməyib ki, Sərdar belə səhlənkardır və buna görə masanın üzərindən kəsici aləti alaraq, onu vurub. Zamanov divana uzanaraq, xırıldamağa başlayıb, Serqey təcili tibbi yardım stansiyasına xəbər verib və əski ilə qanın qarşısını almağa çalışıb.
Babayevin sözlərinə görə, hadisədən sonra o qaçmayıb, evə gələn tibb işçiləri Sərdarın ölümünü müəyyən edəndən sonra polis əməkdaşlarının gəlişini gözəyib.
Zərərçəkən Vasif Zamanov məhkəmədən təqsirləndirilən şəxsə müvafiq qaydada cəza təyin olunmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbər 720 dəfə oxunub.