Yenicə xəstəxanadan evə buraxılan xalq artisti İlhamə Quliyeva səhhəti ilə bağlı “Onlar”a açıqlamalar verib.
Xalq artisti köməkçisinin onu zəhərlədiyini və evini taladığını bildirib:
“Biz canlı insanlarıq, dəmirdən deyilik. Allah mərdimazara lənət etsin! Böyrəyimin biri sıradan çıxmışdı. Mənim həkimim məni yaşatdı. Şükür olsun, böyrəyim bərpa olunub. Evimdə il yarım əzrayıl saxlamışam, sinəmdə ilan bəsləmişəm. İl yarım çörəyimi yeyib, evimdən oğurluqlar edib. Başıma sədəqə olsun, razıyam ki, belə qurtarmışam. O qulluqçu demişdi ki, “Zaman gələcək, mən İlhamə olacağam”. Elə bilirdi, mənim evim onun əlinə keçsə, İlhamə olacaq. Oğru, dələduz, cadu xəstəsidir”.
İlhamə Quliyeva bütün bu işlərin arxasında məşhur xanım sənətçinin dayandığını söyləyib:
“Həmin adam tək deyil. O savadsız qulluqçudan belə işlər çıxmaz. Sadəcə, onu buraxıblar qabağa. Amma o şərəfsizdir ki, onların dediyini edib. Qulluqçusan, get qulluqçuluğunu et. Mən çox yaxşı bilirəm, bir vəhşi qadın onun-bunun evini talamaqla, var-dövlətini talamaqla reketlik edir”.
İ.Quliyeva hələ bundan sonra da 40 il yaşayacağını deyib:
“Mən yaşamasam günahdır. Çünki mənə lazımi qədər hörmət, diqqət var. Ona görə də, mən yaşamalıyam. Məni çox istəyirlər, ölüb getsəm, onlar mənsiz darıxar. Amma mən ölməyəcəyəm, hələ 40 il – 105 yaşınadək yaşayacağam. Bəlkə də çox, kim bilir? Hiss edirəm ki, hələ də yaşamaq lazımdır. Məni istəməyənlər ürəklərində məndən ötrü ölürlər, canları çıxır”.
//Aktual.az