Azərbaycan Nazirlər Kabineti “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edib.
Aktual.az “Report”a istinadən xəbər verir ki, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, qayda sənədinin 4-cü (“Müsahibə” adlanır) hissəsi ləğv edilib. Yəni, imtahandan sonra müsahibənin keçirilməsi ləğv olunub. Bundan əvvəl, müsahibələrin keçirilməsi məqsədi ilə Sertifikasiya Şurası müxtəlif tibb və əczaçılıq ixtisasları üzrə İxtisas komissiyalarını təşkil edirdi.
Sənədə əsasən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyasını Səhiyyə Nazirliyi həyata keçirir. Məhz bu məqsədlə nazirlik yanında Sertifikasiya Şurası fəaliyyət göstərir.
Qaydaya edilən əlavə ilə Şuranın vəzifələri müəyyənləşib. Şura səhiyyə mütəxəssislərinin sertifikasiyasının aparılmasını təşkil edir, sertifikasiya imtahanlarının suallar toplusunu təsdiqləyir, sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyənləşdirir, sertifikasiya imtahanlarının yekunu üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir. Şura bundan əlavə, sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır.
Səhiyyə mütəxəssislərinin sertifikasiyası aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilir. Səhiyyə mütəxəssisləri test və klinik (təcrübi) tapşırıq hissələrindən ibarət suallar vasitəsilə sertifikasiya imtahanına cəlb edilirlər.
Sertifikasiya imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə sms göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır.
imtahana cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.
Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi və yaddaş kitabçası verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. İmtahana buraxılış vərəqəsinə şəxsin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.
İmtahana gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
İmtahanın keçirilməsini təmin etmək məqsədi ilə Sertifikasiya Şurası imtahan rəhbərini və imtahan nəzarətçilərini təyin edir. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır.
Sertifikasiya imtahanında yol verilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikasiya Şurası tərəfindən müəyyən olunur və yaddaş kitabçasına daxil edilir.
Şəxs sertifikasiya imtahanının keçirilmə qaydalarını pozduqda imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Sertifikasiya Şurası tərəfindən ləğv edilir.
Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya Şurası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir.
Sertifikasiya Şurası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.
İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 sualdan ibarət olan sual vərəqəsində qeyd olunur. Sual vərəqəsinə daxil edilən sualların mürəkkəblik üzrə proporsiyası Sertifikasiya Şurası tərəfindən müəyyən edilir.
İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. Klinik tapşırıq hissəsi üzrə sualların məzmunu test imtahanında verilən sualların məzmunundan fərqlənməlidir.
Sertifikasiya Şurası imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 gün müddətində bəyan edir.
İmtahanın nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.
Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.