Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.
Aktual.az modern.az-a istinadən bildirir ki, ilahiyyatçı Elşad Miri açıqlamasında deyib ki, azərbaycanlı zəvvarlara edilən xəbərdarlıq heç də yeni xəbər deyil.
"Bir məsələni nəzərə almaq lazımdır ki, bu, yeni bir qərar deyil. 10 il əvvəl də, 20 il əvvəl də, hətta, keçən il də bu qərar var idi. Bu, ölkənin qəbul etdiyi qayda-qanundur. Ora gələn insanların hər birindən bu qanunlara riayət etməsi ilə bağlı iltizam alınır. Yəni, narkotik maddə, içki gətirilmə, təbliğat xarakterli ədəbiyyat, müxtəlif aksiyalarda iştirak etmələr və sairə. Bunlar yeni bir şey deyil. Həccə yollananların hər birinə bunlar təbliğ olunur.
Ölkənin qayda-qanunları var və o ölkənin də qanunlarına riayət etmək məcburiyyətimiz var. Qaydalara riayət etməyənlər üçün həmişə ölüm hökmü olub".
Elşad Miri xəbərin ajiotaj yaratmasına da münasibət bildirib.
"Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ortaya çıxartdığı bir məsələ deyil. 10 il əvvəl qəzetlərdən birinin manşeti belə idi. Heç demə "ürək sol tərəfdə deyil, tam mərkəzdə imiş". Bu xəbər də belədir".
Xatırladaq ki, QMİ-dən APA-ya verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsinin qəti qadağan olduğu bildirilib. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.
Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.