"Heç kimə məcburən dollarla kredit verilmir" - Oqtay Əsədov


Milli Məclisin növbədənkənar iclasında iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: “Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər”.

Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: “Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: “Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”.

Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: “Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur”.

F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: “Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.

Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.

Xəbər 724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR