“Dağlıq Qarabağ problemi SSRİ-dən qalmış bir problemdir və Rusiya da SSRİ-nin hüquqi varisidir. Hüquqi varis kimi Rusiya bu məsələnin həll olunmasında daha çox maraqlı olmalıdır”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın münaqişənin həllində aktivliyini davam etdirəcəyi barədə İrəvanda səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. O, fikrini belə davam etdirib:
`Çox təəssüf ki, bu günə qədər bir nəticə əldə olunmayıb Rusiyanın xarici işlər naziri Bakıda olanda da, Yerevanda olanda da bəyanat verdi. Əgər onlar bu məsələnin yerindən tərpənməsinə köməklik göstərmək istəyirlərsə, bu daha yaxşıdır. Amma biz məsələnin köklü surətdə həll olunmasını istəyirik. Bütövlükdə Dağlıq Qarabağ və ona bitişik rayonlarda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını istəyirik`.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müqabilində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə iddialara gəlincə Z.Əsgərov: `Heç kim Azərbaycan ilə şərt dili ilə danışa bilməz. Biz dəfələrlə bəyan etmişik, heç kim Azərbaycan ilə şərt dilində danışmasın, heç kim bizə şərt qoymasın. Azərbaycanın haqqı var ki, suverenliyini və ərazi bütövlüyünü bərpa etsin. O başqa məsələdir ki, Azərbaycan hansı təşkilatlarla hansı formada əməkdaşlıq edəcək. Əgər əməkdaşlıq bizim milli və dövlət maraqlarımıza cavab verəcəksə, buna baxmaq olar`.