“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında məhkumların sosial-məişət şəraitinin gərgin olması, o cümlədən ayrı-ayrı müəssisələrdə etirazların baş verməsi ilə bağlı məlumatlar həqiqətdən uzaqdır”.
Aktual.az-ın məlumatına görə, bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında maddi-məişət şəraiti, o cümlədən qida rasionu qanunvericiliyin tələblərinə uyğundur vә lazım olan səviyyədədir. Müəssisələrin qış mövsümünə hazırlığı ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülüb, xüsusi kontingentin saxlanılması, qidalanması, istiliyin təmin edilməsi, su, qaz, işıq təminatı ilə bağlı heç bir çətinlik yaşanmır. Xüsusi kontingentin yaşayış təminatı ilə bağlı bütün ərzaq, geyim və digər sosial xidmətlər dövlət xərcləri hesabına həyata keçirilir:
“Məhbusların saxlanması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan digər hüquqlardan tam istifadə etmələri Azərbaycan Respublikası Prezidentinin 06.02.2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı dəfələrlə yaxşılaşıb.
Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı regionlarda bir qrup həmfikirlərinin iştirakı ilə təşkil etdikləri qanunsuz aksiyalar fonunda, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin aksiyaların miqyasını və təsirini genişləndirməyə səy göstərirlər.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qohumlarının və ictimaiyyətin nəzərinə çatdırılır ki, təqsirləndirilən şəxslərin və məhkumların hüquqları və qanuni mənafeyi dövlətimizin cəza-icra siyasətinə uyğun olaraq bütün sahələrdə tam qorunur”.
Aktual.az