Həbsdə özünə od vuran zabitin xanımı: "O öldürməyib!"

Həbsdə özünə od vuran zabitin xanımı:

Bu ilin yayında dəhşətli şəkildə qətlə yetirilən 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın ölümü ilə bağlı şok gəlişmələr var. Qətllə bağlı şübhəli şəxs qismində saxlanılan mərhumun keçmiş həyat yoldaşı, sabiq polis zabiti Samir Əliyevin hazırkı arvadı Zəminə Əliyeva "Yeni Müsavat"a heç yerdə deyilməyən müdhiş faktlar açıqlayıb.

Z.Əliyeva bildirib ki, həyat yoldaşının həbs müddəti növbəti dəfə artırılıb və hələ də bu müddət ərzində heç bir istintaq işi aparılmayıb: "Mən Samir Əliyevin həm də hüquqi nümayəndəsiyəm. Onun əvəzindən sənədlərə imza da ata bilərəm. Ona görə də, hüquqi nümayəndəsi kimi "Yeni Müsavat"a üz tutdum.

Xahiş edirəm ki, hər şeyi olduğu kimi işıqlandırın. Hadisə 2015-ci il iyunun 25-də axşam saatlarında baş verib. Həmin gün yoldaşım əvvəlki ailəsindən olan övladlarını bizə gətirmişdi. Gecə evlərinə aparanda görüb ki, keçmiş həyat yoldaşı Natəvan Əliyeva evdə yoxdur. Həmin gecədən o, itkin düşüb. Hətta onun itkin düşməsi ilə bağlı Samir ərizə ilə polisə müraciət edib. Onunla sıx əlaqələri olmasa da, ondan olan 3 övladına görə münasibətləri normal idi. Hər ikisi könüllü sürətdə ərizə ilə müraciət edib ayrılıblar. Çünki ortada üç övlad var idi. İyulun 26-da yoldaşımı Xətai Polis İdarəsinə çağırdılar. Həmin gün o, evə gəlmədi. Gecə mənə yazdı ki, izahat alırlar, gec olacaq, sən yat. Gecə saat 3-də qapı döyüldü və soruşanda dedilər ki, aç qapını Samirdir. Açanda gördüm ki, mülkü geyimli şəxslərdir. Dedilər ki, polisə getməlisiniz. Dedim ki, 7 aylıq körpəm var. Samirə xəbər edəndə o, bərk əsəbiləşdi. Gecə bizi bölməyə apardılar. Səhər saatlarında evə buraxdılar. Bir gün yoldaşımdan xəbər tutmadım. İyunun 27-də yoldaşımı azad etdilər. Ondan sonra rayona getdik. Amma yoldaşım tez qayıtmalı oldu. Ondan sonra əlaqəmiz kəsildi. Mənə əvvəl yazmışdı ki, qadın meyiti tapılıb, ona baxmağa gedirəm.

Meyit Xızıdan tapıldığına görə rayonun polis idarəsi ilə əlaqə saxladıq. Dedilər ki, Samir burdadır. Orada məni 10-12 saat saxladılar. Açıqca deyirlər ki, yoldaşın adam öldürüb, boynunuza alın. İşi baş müstəntiq Aslan İbrahimov aparırdı. O, Natəvanın iyunun 25-də Samir tərəfindən öldürülməsi ilə bağlı məhkəməyə təqdimat verib. Amma iyulun əvvəlindəki ekspert rəyində qətlin 5 gün əvvəl törədildiyi göstərilib. Bu da təsadüf edir iyunun 28-nə. Bax bu qədər ziddiyyətli məqamlar var. İyulun 8-də Samiri tutdular. Həmin ayın 16-na qədər ona dəhşətli işgəncələr verdilər. Çoxu deyiləsi deyil.

 Deyiblər ki, ya boynuna al, ya da de ki atam öldürüb. Natəvanın itkin düşdüyü gecə yoldaşımın evdə olduğunu təsdiqləyən insanlar var. Evimizin hər tərəfli kameradır. Bundan əlavə, telefon zəngləri var. Bunların heç birini istintaq araşdırmır. Bizi də polis idarəsində şantaj etdilər ki, evdən götürdüyümüz şəkilləri, diskdə olanları internetdə yayacağıq. İstintaqa aidiyyatı olmayan məsələlər idi. Açıqca dedilər ki, yoldaşın səni aldadıb, Natəvanı öldürüb. İyulun 19-da yoldaşım zəng etdi ki Kürdəxanıdakı istintaq təcridxanasındayam. Ekspertizanın birinci rəyində qətldə Samirin əlinin olması sübut olunmur. Təzədən ekspertizaya göndərdilər".

Şikayətçi hazırda həyat yoldaşı ilə əlaqə saxlaya bilmədiyini qeyd etdi. O, Samirin polis idarəsində özünü yandırmasından danışdı: "Samir həbs olunduğu ilk vaxtlar əlaqə saxlaya bilirdik. Sonra bunu da kəsdilər. Görüş belə vermirlər. Keçən ay onun həbs müddətini 4 ay da artırdılar. Həmin gün qəflətən qışqırtı eşitdim. Sonra məlum oldu ki, Samir özünə od vurub. Bu barədə bütün mətbuat yazdı. Körpə uşaqla yollarda qalmışam. Yoldaşım keçmiş polis zabitidir. Araşdırma aparılsa, onun dövlət üçün nələr etdiyi üzə çıxar. Amma indi cinayətkar kimi həbsdədir. Özü ərizəsi ilə 2014-cü ilin yanvar ayında işdən çıxdı. Natəvanın öldürülməsi ilə bağlı heç bir versiyamız yoxdur. O, itkin düşdüyü gecə evə gəlib, rəfiqəsi ilə danışıb və sonra itkin düşüb. Samir ondan olan uşaqları ilə daim görüşürdü. Natəvanla boşanandan sonra kəskin münasibətləri olmayıb. Bunu təsdiq edəcək əlimdə şəkillər var. Uşaqların ad günündə, 8 martda çəkilib. Sadəcə münasibətləri alınmayıb. Ayrılandan sonra aralarında heç bir narazılıq yaranmayıb. İndiyə qədər çox aidiyyatı orqanlara müraciət etmişəm. Amma görünən odur ki, ərim hələ də həbsdədir. Bir ildir ki, Samirlə evliyəm, onun mərhumla heç vaxt narazılığının şahidi olmamışam".

Z.Əliyava mətbuata Samir Əliyevin müraciət ünvanladığını bildirdi: "Mediaya hansı məlumat gəlirsə, dərc olunur. Yazılır ki, guya Samir Natəvanı xüsusi amansızlıqla öldürüb və boynuna alıb. Samir deyir ki, heç bir günahım olmadan neçə aydır həbsdəyəm. Mətbuatdan xahiş edir ki, araşdırma aparıb sonra yazsınlar, onun həyatını məhv etməsinlər. Obyektiv nə varsa, yazmalarını xahiş edir. İstintaq çalışır ki, qətli kiminsə boynuna qoysun. Samir deyir ki, həbsdə olduğu neçə ayda bir dəfə də olsun istintaq işi aparılmayıb. Hazırda anaları öldürülən üç övlad eyni zamanda atasız qalıblar. Bu, onlara əlavə işgəncə verir. Həmin uşaqları yaxşı saxlamağa çalışırıq. Haqqımda sosial şəbəkələrdə də sərt yazılar yazırlar. Axı mənim nə günahım var? Əvvəlki ailəsi ilə ayrılandan sonra biz evlənmişik. Günahı üzərimə atmaq istəyirlər. Bəzi mətbuat orqanları haqqımda əsassız və araşdırmadan istənilən fikirlər yürüdüblər, guya mənə görə Samir və Natəvan ayrılıblar. Ancaq belə deyil Samirin müraciəti tezliklə mətbuata yayılacaq. Orada hər şey var".

Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub.

Xəbər 12035 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR