Jurnalist Rasim Əliyevin ölümü və olayda adı hallanan futbolçu Cavid Hüseynovun həbsi ciddi rezonans doğurdu.
Bəziləri Cavid Hüseynovun bu məsələdə günahsız olduğunu desələr də, əks qənaətdə olanlar, onun əməlinə hüquqi qiymət verilməsinin vacibliyini iddia edənlər də oldu.
Fakt ondan ibarətdir ki, Cavid Hüseynov hazırda həbsdədir və deyəsən “bu xəmir hələ çox su aparacaq”.
Aktual.az bu dəfə müxtəlif illərdə həbsdə yatmış idmançılardan, daha doğrusu azərbaycanlı idmançılardan bəhs edəcək.
Öncədən qeyd edək ki, idmançıların adının kriminal olaylarda hallanması adiləşib və dünyanın müxtəlif ölkələrində hər il onlarla tanınmış idmançı həbs olunur. Bu sırada Mayk Tayson, Eduard Streltsov, Oskar Pistorius və s. kimi məşhurlar var.
2011-ci ilin avqustunda Dzüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan Müseyib Cəfərov 30 yaşlı Taleh Məmmədovu qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunmuşdu.
Boks yığmamızın parlaq nümayəndələrindən olan Ramal Amanovun Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərovla birgə həbsi böyük səs-küyə səbəb olmuşdu.
Qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədov qanunsuz silah gəzdirməkdə ittiham olunaraq, Şəki rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi.
İkiqat dünya çempionu Canpolad Budaqov məhbəs həyatı görmüş idmançılardandır. O, polisi öldürməkdə və müxtəlif cinayət əməllərində ittiham olunub.
Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov də həbsxana həyatı görüb. Adı müxtəlif kriminal qruplaşmalarla işbirliyində çəkilən idmançı onda öncə möhtəşəm qələbələrlə adını tarixə yazdırmağı bacarmışdı.
Adnan, Aktual.az