Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.
Nazirlikdən bildirilib ki, eyni zamanda, fasilələr iş vaxtına daxil edilməlidir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.