"Hasarları təcili şəkildə sökmək lazımdır!"


"Kütləvi turizmin bir növü olan çimərlik turizmini inkişaf etdirməklə Azərbaycana gələn turistlərin sayını dəfələrlə artırmaq olar".

Aktual.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, çimərlik turizminin inkişafı üçün Xəzər sahili ərazilərdə, xüsusilə Abşeron yarımadasında, regionlardan isə Nabranda əlverişli şərait var.

M.Ağakərimov qeyd edib ki, Azərbaycanda yay mövsümündə - 3-4 ay ərzində Xəzər dənizində çimmək mümkündür: "Bu müddətdə turistləri Azərbaycana dəvət etməklə Rusiyadan və digər dövlətlərdən ölkəmizə gələn turistlərin sayını artırmaq olar".

AzTA rəsmisi hesab edir ki, Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Xəzər dənizinin sahillərində turistlərin dincəlməsi üçün şərait yaratmaq lazımdır: "Burada sanitar-gigiyenik qaydalara əməl edilməli, lazımi infrastruktur yaradılmalıdır".

M.Ağakərimov hesab edir ki, çimərlik turizminin təşkilinə bələdiyyələr və müvafiq qurumlar daha ciddi şəkildə diqqət yetirməlidirlər: "Biz çox istərdik ki, Türkiyə, İspaniya, İtaliya, Fransa kimi çoxlu turistlər qəbul edək. Çox təəssüf ki, bu iş hələ də ləng gedir, çimərliklər hasara alınır, yollar bağlanılır. Məgər müvafiq qurumlar, bələdiyyələr bunu görmürlər?! Təbii ekoloji nöqteyi-nəzərdən də dəniz sahillərini hasarlamaq düzgün deyil. Dənizin havası, mehi, yodu insanlar üçün çox faydalıdır. Çimərlikləri hasarlamaq insanları da narazı salır, bu hasarları təcili şəkildə sökmək, turizmi inkişaf etdirmək lazımdır. Turizm Azərbaycan üçün prioritet sahədir".

Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR