Harvard İncəsənət Muzeyi Azərbaycan xalçası ilə bağlı bu səhvi aradan qaldırdı   — RƏSMİ

Harvard İncəsənət Muzeyi Azərbaycan xalçası ilə bağlı bu səhvi aradan qaldırdı    — RƏSMİ

ABŞ-da fəaliyyət göstərən Harvard İncəsənət Muzeylərinin (Harvard Art Museums) veb-saytında rəqəmsal kolleksiyalar bölməsində Qarabağ xalçasının erməni mədəniyyəti kimi təqdim olunması barədə Mədəniyyət Nazirliyinə müraciət daxil olub.

Bu barədə Aktual.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən Harvard İncəsənət Muzeyləri şəbəkəsinin veb-saytındakı rəqəmsal kolleksiyalar bölməsində yer alan həmin "Talış xalçası”nın (Eksponat nömrəsi: 1958.169) toxunulduğu məkanın artıq "Azərbaycan” olaraq düzəldildiyi məlum olub.

"Məsələ ilə bağlı Harvard İncəsənət Muzeyləri şəbəkəsi ilə əlaqə saxlanılmış və muzeyin rəqəmsal kolleksiyalarında səhvən erməni mədəniyyəti nümunəsi kimi təqdim olunmuş 1860-ci illərə aid olan "Talış xalçası”nın toxunduğu məkan bölməsində müvafiq düzəliş olunduğu üçün qarşı tərəfə təşəkkür edilib.

Harvard İncəsənət Muzeylərində qorunan bu "Talış xalçası”nın Azərbaycanda toxunduğu, XIX əsr Azərbaycan mədəniyyəti nümunəsi olduğu və Ermənistanla heç bir əlaqəsi olmadığı qarşı tərəfin bir daha diqqətinə çatdırılmışdır. Əlavə olaraq, həmin xalçanın mənşəyi barədə tarixi arayış elektron poçt vasitəsilə Harvard İncəsənət Muzeylərinə göndərilib.

Məlumat üçün qeyd edək ki, Qarabağ qrupu xalçalarının bədii kompozisiyasını nəbati elementlər, müxtəlif heyvan və quş təsvirləri, həndəsi motivlər təşkil edir. Harvard İncəsənət Muzeyinin kolleksiyasında qorunan həmin Qarabağ xalçası dünyada "Talış xalçası” kimi tanınır. Görkəmli alim, sənətkar, xalça ustası, Azərbaycan Milli Xalça Muzeyinin qurucusu, üç cildlik "Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimovun təsnifatına görə bu xalça məhz Azərbaycan xalçalarının Qarabağ tipinə aiddir.

Eyni zamanda, qarşı tərəfə bu ilin noyabr ayında "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10-cu ildönümü olduğu barədə məlumat verilmişdir.

Harvard İncəsənət Muzeylərində qorunan xalçaların atribusiyasının aparılması ilə bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduğumuz qarşı tərəfə bildirilmişdir.

Qeyd edilməlidir ki, dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması, atribusiyanın aparılması prosesi bugün də davam etdirilməkdədir. 2017-ci ildə Londonun "HALİ Publications Ltd.” nəşriyyatı tərəfindən dərc olunan "Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” (orijinalda "The Stars of Caucasus: Silk Embroideries from Azerbaijan”) kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşr olmuşdur. Həmçinin, "Azərbaycan inciləri dünya muzeylərində” kitabının nəşr olunmasını da bu istiqamətdə görülən ən mühüm işlərdən biri hesab etmək olar.

Azərbaycan xalçaçılıq sənətinin inkişafı və beynəlxalq arenada tanıdılması, dünya muzeylərində qorunub saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq vətəninə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Fransanın Luvr muzeyi və Böyük Britaniyanın Viktoriya və Albert Muzeyi, Britaniya muzeyi və digər muzeylər ilə Mədəniyyət Nazirliyi və nazirliyin aparıcı muzeylərinin əməkdaşlığı bu çərçivədə atılan mühüm addımlardandır", nazirlikdən bildirilib.
Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR