"Konstitusiya ilə ziddiyyət təşkil edən beynəlxalq qanunların icrasının qarşısı alanacaq"
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Rafael Cəbrayılov "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanun layihəsinin hazırlanması proseduruna başlayıb. Yeni qanun layihəsinin mahiyyəti və digər məsələlərlə bağlı Rafael Cəbrayılovun "Üç nöqtə"yə müsahibəsini təqdim edirik.
- Rafael müəllim, Konstitusiya qanunu ilə qanununun hansı fərqi var? Qanun layihəsini niyə təqdim etmədiniz?
- Bu, hələlik bir ideyadır. Konstitusiyaya təklif olunan bu əlavə həcmcə çox kiçik olsa da, mahiyyətcə böyük hüququ yükü olan bir lavihə olacaq. Millət vəkili olaraq qanunvericilik təşəbbüsü hüququmdan istifadə edərək belə bir sənədi hazırlamışam. Çünki bu sənəd Konstitusiya qanunu layihəsi olduğu üçün onun müzakirəyə çıxarılmasına ən azı 63 millət vəkilinin razılığı olmalıdır. Plenar iclasda isə bu layihə ən azı 95 səs çoxluğu ilə qəbul olunmalıdır və 6 aydan sonra yenidən səsverməyə çıxarılmalıdır. Çünki Konstitusiyaya yeni bir əlavəni nəzərdə tutan Konstitusiya qanunundan söhbət gedir. Konstitusiya qanunu isə bildiyiniz kimi, Konstitusiyanın tərkib hissəsidir. Mən deputat həmkarlarımla da bu məsələ ilə bağlı fərdi qaydada söhbətlər etmişəm və onlar da ilkin razılıqlarını bildiriblər. Yəni, onların ən azı 63-nün dəstəyini alandan sonra bu sənədi geniş müzakirələrə çıxarmaq və sonda plenar iclasa təqdim etmək mümkün olacaq.
- Hansı zərurətdən bu qanunun qəbuluna eytiyac var?
- Azərbaycan dövləti hüquqi demokratik bir dövlət kimi insan hüquq və azadlıqlarının müdafiəsini, onların prioritetliyini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi seçib. Konstitusiyamızın maddələrinin təxminən üçdə bir hissəsi birbaşa olaraq məhz insan hüquq və azadlıqlarının təsbiti barədədir. Bununla bağlı Milli Məclis 2001-ci ilin sonunda əsas insan hüquq və azadlıqlarının qorunmasına dair Beynəlxalq Konvensiyayanı ratifikasiya etmiş, 2002-ci ilin aprel ayından isə rəsmi olaraq həmin Konvensiyanın üzvü olmuşuq. Ancaq əfsuslar olsun ki, bəzən görürsən, insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsi adı altında dövlətlərarası qərar çıxaran orqanların milli maraqlarımıza uyğun olmayan qərarları olur. Tamamilə humanizmlə yoğrulmuş insan hüquq və azadlıqlarının qorunması kimi bir təsisat bəzən iyrənc bir siyasi təsir vasitəsinə çevrilir. Belə demək mümkünsə, ikili standartlar burada da özünü göstərir, hüquq müstəvisinə çıxır. Ona görə də həmin qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımdan Azərbaycanda icra olunmasının mümkünlüyünun yoxlanılması və belə bir səlahiyyətin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsininə verilməsi zəruridir. Konstitusiya Məhkəməsinin səlahiyyətləri isə Konstitusiyanın 130-cu maddəsində sadalanır. Belə ki, Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissənə yeni bəndin əlavə olunması, yəni, Konstitusiya Məhkəməsinə bu yeni səlahiyyətin verilməsini nəzərdə tutan əlavənin edilməsidir. Məqsədimiz Azərbaycanın konstitusiyon dəyərlərini qoruyub saxlamaqla konstitusiya ilə ziddiyyət təşkil edən beynəlxalq qanunların Azərbaycanda icrasının qarşısını almaqdır. Bununla da biz ikili standatların hüquq müstəvisi üzərinə gətilməsinin qarşısını ala bilərik. Burada başqa heç bir digər məqsəd güdülmür və bəzilərinin də iddia etdiyi kimi, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən geri çəkilmir. Yəni, bizim əsla dövlətlərarası müqavilələrin iyerarxik mövqeyini dəyişmək fikrimiz yoxdur. Qoşulduğumuz konvensiya və müqavilələri təftiş eləmək fikrindən də uzağıq. Məqsədimiz beynəlxalq dövlətlərarası orqanların Azərbaycan Konstitusiyasına uyğun olmayan qərarlarının məcburən icrasının qarşısını almaq, Azərbaycanın Konstitusiya dəyərlərini qoruyub saxlamaqdır. Çünki Konstitusiya bizim üçün mühüm aktdır. Konstitusiya Azərbaycan xalqının hüquqi-siyasi iradəsinin ifadəsidir və ondan üstün heç bir hüquqi sənəd yoxdur. Təbii ki, dövlətlərarası orqanların da qəbul etdiyi hansısa qərar Azərbaycan xalqının bu hüquqi-siyasi iradəsindən üstün ola bilməz. Yəni bu qanunun gələcək üçün nəzərdə tutulub, geriyə qüvvəsi yoxdur.
- Rafael müəllim ikili standartlardan ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır. Əgər yadınızdadırsa "Evrovision" və Avropa Oyunları ərəfəsində Avropa Parlamenti Azərbaycanda demokratiyanın və söz azadlığının olmadığı və insan hüquqlarının pozulması haqqında qərarlar qəbul etdilər. Hər zaman Azərbaycanın uğurları gündəmə gələndə belə qərəzli qərarlar qəbul olunur. Bu barədə nə deyə bilərsiniz?
- Düzdür. Həmin orqanların qərarı imperativ xarakter daşımır. Onların qərarlarının icrası Azərbaycan üçün məcburi deyil, bu qərarlar bəyənat və tövsiyə xarakterlidir. Amma elə orqanlar var ki onların qərarlarının icrası məcburidir. Məsələn, Avropa İnsan Haqları Məhkəməsinin və yaxud ola bilər ki gələcədə dövlətlərarası yaradıla biləcək orqanın qərarları imperativ xarakter daşıyacaq. Bizim isə Azərbaycanın qoşulduğu Konvensiya və müqavilə öhdəliyindən yayınmaq fikrimiz yoxdur. Sadəcə olaraq bu qərarların hansı dövlətlərarası orqanın qəbul etməsindən asılı olmayaraq əgər Azərbaycan Konstitusiyasına ziddirsə və ziddiyyəti yoxlaya biləcək orqan Konstitusiya Məhkəməsidir ki, ona da belə bir hüququn verilməsi lazımdır.
- Bizim Konstitusiya məkkəməsi haqqında qanunumuz var. Elə həmin qanuna dəyişiklik etməklə bu səlahiyyəti Konstitusiya məhkəməsinə vermək olmazdırmı?
- Konstitusiya Məhkəməsinin səlahiyyətləri Konstitusiya Məhkəməsi haqqında qanununmuzda deyil, birbaşa Konstitusiyanın 130-cu maddəsində sadalanır. Ona görə də, Konstitusiya Məhkəməsinə bu səlahiyyəti vermək üçün mütləq şəkildə Konstitusiyanın 130-cu maddəsinə əlavə edilməlidir. Konstitusiyaya əlavələr də Konstitusiya qanunları vasitəsilə edilir.
- Rafael müəllim bəs bu məsələ ilə bağlı beynəlxalq təcrübə necədir?
- Əvvəla onu deyim ki,əsas insan hüquq və azadlıqları barədə Konvensiyanın müddəalarının Avropa insan hüquqları məhkməsi tərəfindən təfsirindən yayınan və onu icra etməyən ölkələr var. Əfsuslar olsunki, onlar ikili standartlara məruz qalmırlar. Məsələn, Böyük Britaniya. Bu ölkə həmin Konvensiyanın tələblərinə baxmayaraq məhkumlara seçki hüququ verməkdən qəti imtina edir. Rusiya da azadlıqdan məhrum etmə qismində cəza çəkən insanların seçki hüququnu tanımır. Bu ölkə Konstitusiya Məhkəməsinə belə bir hüququ keçən ildən verib. Bildiyimiz kimi, Azərbaycan məhkumlara da seçki hüququndan istifadə etmə hüququnu verir və bu hüquq Konstitusiya ilə tanınıb. Beynəlxalq öhdəliklərin icrası ilə bağlı Azərbaycan bir çox ölkələrə nümunə ola biləcək dövlətdir. Amma sizin də qeyd etdiyiniz kimi, ikili standartlardan çox əziyyət çəkirik və biz bu addımı atmaqda haqlıyıq. Baxın, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin Təhlükəsizlik şurasının 4 məlum qətnaməsi hələ də icra edilmir. Baxmayaraq ki, bu orqanların qərarlarının icrası məcburidir. Avropa İnsan Haqları məhkəməsi ilə bağlıda belə bir faktlar göstərə bilərik. Hansı ki, bu orqanın da qərarlarının icrası məcburidir. Bildiyiniz kimi Çıraqovlar və qeyrilərinin şikayət ərizəsi ilə bağlı işə Avropa Məhkəməsinə ərizə daxil olandan 10 il sonra qərar qəbul etdi. Dilqəm Əsgərovo və Şahbaz Quliyevin şikayət ərizələri də bu yaxınlarda icraata qəbul edib, hələ də işə baxılmayıb. Amma “məsləhət olsaydı” bu orqanlar dərhal qərar qəbul edər və qərarın mürəkkəbi qurumamış icrasına başlayardıllar. İnsan hüquq və azadlıqlarının müdafisəsi kimi həssas bir məsləyə belə münasibət olarmı? Bir daha vurğulamaq istəyirəm ki, Konstitusiyaya təklif etdiyimiz bu əlavə kiməsə qarşı yönəlməyib, sadəcə xalqımızın ən üstün siyasi-hüquqi iradəsinin ifadəsi olan Konstitusiya dəyərlərimizi qorumaqdır. Hər hansı bir dövlətlərarası orqanın qərarının Konstitusiyaya uyğun olmadığı halda Azərbaycanda icrasına imkan verməməkdir. Əslində bu elə bir yenilik də deyil. Konsitutusiyanın ali hüquqi qüvvəyə malik olması elə Konstitusiyamızın özündə təsbit olunub.
Elməddin