Yay fəslinin əvəzedilməz qidalarından biri də dondurmadır. 7-dən 77-yə hər kəsin sevimlisi olan dondurma həm bədənə və ruha sərinlik verir, həm də əhval-ruhiyyəni yüksəldir. Bu da təsadüfi deyil. Çünki dondurmanın tərkibində olan ərzaqların tərkibində kofein var, bu da əhval-ruhiyyəni yüksəltməyə xidmət edir. Lakin hər kəs dondurmanı alıb ləzzətlə yeyə bilmir. Xüsusən də pəhriz saxlayanlar və arıqlamaq istəyənlər dondurma yeməkdən çəkinirlər. Dondurmanın çox kalorili olduğunu düşünənlər artıq çəki almamaq üçün bu ləzzətli qidadan imtina edirlər. Bəs görəsən, dondurma yemək həqiqətənmi insanı kökəldir?
Aktual.az bildirir ki, lent.az bu suala cavab tapmaq üçün dietoloq Tutu Zeynalovaya müraciət edib.
T. Zeynalova deyir ki, əslində, dondurmanı miqdarında, qədərində qəbul etmək lazımdır. Sözsüz ki, burada dondurmanın tərkibi də vacibdir: "Dondurmanın tərkibində süd, yumurta, şəkər var, bəzən kakao və yağ olur. Önəmli olan dondurma yediyiniz gün dondurmanın tərkibində olan ərzaqları rasiondan çıxarmaq və ya azaltmaqdır. Məsələn, həmin gün rasionumuzdan bir stəkan süd, çörək, yağ qrupundan olan qidaları azaltmalıyıq ki, dondurma bizə çəki olaraq geri qayıtmasın. Amma dondurmanı həyatımızdan tamamilə çıxarmaq lazım deyil. Çünki hər birimiz onu sevirik".
Dietoloqun sözlərinə görə, dondurmanın kalorisi də düşünülən kimi çox deyil. Eyni zamanda, dondurmanın kalorisi onun növündən asılıdır: "Məsələn, şokoladlı dondurma digərlərilə müqayisədə kalorilidir. Sadə dondurmanın kalorisi isə daha azdır. Meyvədən də asılı olaraq tərkibindəki kalori dəyəri dəyişir. 100 qram şokoladlı dondurma təxminən 215-220 kaloridir. Ümumiyyətlə isə, orta hesabla dondurmanın kalorisi 180-200 olur. 100 qramlıq dondurmanı bir ara yeməyi olaraq yemək olar".
Təbii ki, hər gün dondurma yemək də məsləhət deyil. Lakin çəkisi az olan insanlar rahatlıqla istədikləri qədər dondurma yeyə bilərlər. T. Zeynalova hətta pəhriz siyahısına dondurma saldığını da açıqladı: "Əzələ kütləsini artırmaq istəyən insanlara da müxtəlif dondurmalı kokteyllər tərtib edirik. Gündəmdə olan əsas məsələlərdən biri də dondurmanın pəhriz proqramlarında yer alıb-almamasıdır. Mən bu sualı müsbət cavablandırıram. Şəxsən öz pasientlərimin pəhriz siyahısına həftədə bir dəfə dondurma yazıram. Lakin həmin gün, qeyd etdiyim kimi, çörəyin dilimlərini, yağın porsiyasını azaldırıq ki, dondurma artıq çəki olaraq geri qayıtmasın".
Dietoloq bir daha vurğulayır ki, pəhriz heç də sevdiyimiz yeməklərdən və qidalardan imtina etmək anlamına gəlmir. Bu baxımdan pəhriz saxlasanız da, dondurmadan imtina etməyin.
O ki qaldı uşaqların dondurma yeməyinə, onları da sevdikləri qidadan məhrum etmək lazım deyil. Amma gün ərzində 100 qramı keçməmək şərtilə dondurmanın dadına baxa bilərlər: "Valideynlər uşaqlara daha çox soyuqdəyməyə görə dondurma yeməyə qadağa qoyurlar. Lakin həkimlər tərəfindən "uşaqlar dondurma yeməsin", - deyə göstəriş yoxdur. Hər uşaq eyni deyil. Elə uşaqlar var ki, immun sistemi zəifdir, tez-tez soyuq dəyir, soyuğa həssasdırlar, ona görə də onlara daha az dondurma yemək tövsiyə edirik. Lakin indi tibb inkişaf edib. Hətta boğaz əti kəsildikdən dərhal sonra soyuducu effekt üçün dondurma verirlər".
Təbii ki, ev şəraitində də asanlıqla dondurma hazırlaya bilərsiniz. Onların da kalorisi tərkibindən asılıdır. Dondurmaya qatılacaq südün yağlılıq dərəcəsi önəmlidir. Süd yağlı olduqca dondurmanın da kalorisi artır. Əgər hazırlayacağınız dondurmanın içərisinə yağ, üstəlik yağlı süd, şokolad, karamel, qoz-fındıq qatsanız, təbii ki, kalorisi artacaq. Lakin qətiyyən "dondurma çox kalorilidir", - deyib bu sevimli qidadan vaz keçməyin.