Məşhur britaniyalı rəssam Lüsyen Freydin “Hamilə qız” rəsmi 16,1 milyon funt sterlinqə (23,2 milyon dollar) satılaraq “Sotheby's” satış evinin Böyük Britaniyanın paytaxtında keçirdiyi müasir incəsənət hərracının əsas lotlarından birinə çevrilib.
Aktual.az AzərTac-a istinadən xəbər verir ki, bunu hərracın təşkilatçılarının rəsmi nümayəndəsi Mari-Beatris Morin bildirib.
Freydin “ən zərif rəsmlərindən” biri sayılan əsər kolleksiyaçılar arasında əsl ajiotaja səbəb olub. Rəsmdə rəssamın hamilə sevgilisi Bernadin Koverli yatmış şəkildə təsvir edilib.
“Sotheby's” satış evinin müasir beynəlxalq incəsənət sahəsi üzrə baş mütəxəssisi Oliver Barkerin sözlərinə görə, qeyri-adi gözəlliyə malik əsər rəssamla onun iki uşağının anası arasında güclü bağlılıq olduğunu nümayiş etdirir.