Bakıda hamilə qadını döyən kişi istintaqa cəlb olundu.
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğundan Aktual.az-a daxil olan məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.