Aktual.az oxu.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Apellyasiya Məhkəməsində Yevlax rayon sakini Məhəmməd Əliyevin (1983-cü il təv.) CM-nin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ötən il oktyabrın 15-də Məhəmməd Əliyev Ayşən Gülüşova (1992-ci il təv.) ilə ailə həyatı qurub, öz anası ilə birgə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, M.Əliyev küçəsi, 36, mənzil 21 ünvanında yaşayıblar.
Həmin ilin dekabrnda Türkiyəyə gediblər, təxminən 25 gün Türkiyədə qalıb qayıtdıqdan sonra Ayşən onunla yaşamaq istəmdiyini bildirərək, bacısıgilə köçüb. Hamilə vəziyyətində olan Ayşən onunla ayrıldıqdan sonra, barışmaqla bağlı dəfələrlə etmiş olduğu təkliflərinə rədd cavabı aldığına görə qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib.
2015-ci il aprelin 16-da günorta saat 12 radələrində bıçaqla silahlanan Məhəmməd Ayşənin qaldığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsindəki 14 saylı binanın 5№i evinin qarşısına gəlib və sonuncunun mənzildən çölə çıxmasını gözləyib. Gülüşovanın qonşuya keçmək üçün mənzilin qapısını açdığını gördükdə, dərhal yaxınlaşaraq onunla birlikdə mənzilə daxil olub. Ayşənin azyaşlı bacısı oğlu Əliağa İsmayılovun (2006-cı il təv.) gözləri qarşısında ona xüsusi əzab verdiyini dərk edərək, arvadının saçlarından tutub, üstündə gəzdirdiyi bıçaqla boyun və bazu nahiyyələrindən 4 zərbə vurub.
Ardınca sol çənə nahiyyəsinin kəsilmiş yarası kimi kobud çapığın əmələ gəlməsinə və sifətin silinməz dərəcədə eybəcərləşməsində ifadə olunan sağlamlığa ağır zərərmaya aid xəsarətlər yetirib. Qadın özünü ölülüyə vurduğuna görə Məhəmməd onun öldüyünü fikirləşərək buraxıb, orada olan uşağı evdən çıxarmaq üçün qapını açan zaman Ayşən ayağa qalxıb, qəflətən qapıya tərəf qaçıb və hadisə yerindən uzaqlaşıb. Gülüşovanın vaxtında 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq, göstərilən tibbi yardımlar nəticəsində sağ qalması səbəbindən Ayşən Gülüşovanı qəsdən öldürməyə yönəlmiş əməlini Məhəmməd Əliyev iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkən Ayşən Gülüşovanın üzərində 6 ədəd, təqsirləndirilən Məhəmməd Əliyevin bədən səthində isə 19 ədəd kəsilmiş yaralar aşkar edilib. İş üzrə istintaq Suraxanı rayon prokurorluğu tərəfindən aparılıb, istintaqın gedişatında Əliyev özünü təqsirli hesab etməyib.
Məhkəmə prosesində Məhəmməd Əliyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, qeyd edıb ki, onun Ayşən Gülüşovanı öldürmək niyyəti olmayıb, o, sadəcə onu qorxutmaq və Ayşəni onunla barışmağa razı salmaq üçün hadisəni törədib. Onu sözlərinə görə, Ayşənlə aralarında rəsmi nigah olmayıb, birlikdə cəmi 3 ay yaşayıblar. Ayşən evin dəhlizindən mətbəxə tərəf qaçmaq istəyərkən, gödəkçəsinin cibindən qatlanan cib bıçağı ilə onun sifət və boğaz nahiyyəsindən bir neçə xəsarətlər yetirib.
Ayşən koridorda yerə yıxılıb və hərəkətsiz qalıb. Gülüşovanın bacısı oğlu Əliağa da orada olub, bundan sonra o hadisədən qorxduğu üçün ona köməklik göstərməyib və qapıdan çıxıb, gedib. Əliyev bildirib ki, neçə xəsarət yetirdiyini xatırlamır, çünki özündə olmayıb, ora araq içib gəldiyindən, sərxoş olub. Ayşəni vurandan sonra yaşamaq istəmədiyindən əlindəki bıçağı əvvəlcə evdə boğazına və sinəsinə batırıb, sonra da biləyini kəsə-kəsə Suraxanı RPİ-nə yollanıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkən Ayşən Gülüşova bildirib ki, Məhəmmədin keçmiş arvadı ilə olan boşanma işi məhkəmədə olduğu üçün onunla rəsmi nigah bağlaya bilməyib. Onlar evləndikdən sonra Məhəmmədin anasının evində qalıblar, yaşadıqları evdə şərait olmayıb, belə ki, 12-13 nəfər eynu evdə ağır şəraitdə yaşayıb. Bundan başqa, ərinin pis xasiyyətlərini evləndikdən sonra görüb. Gülüşovanın sözlərinə görə, Məhəmmədin onu öldürmək fikri olmayıb, boğazından qan gəldiyini görən yoldaşı qorxub, ordan uzaqlaşıb. Ayşən Məhəmmədə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin Ayşən Gülüşovanı öldürmək məqsədi ilə yox, qorxutmaq üçün ona xəsarətlər yetirmək istəməsi, həmin an özündə olmaması kimi ifadələrini inandırıcı hesab etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 14 il müddətinə azadlıqdan məhrimetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi işi hallarını araşdıraraq şikayəti təmin etməyərək, birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Aktual.az