“İnter”in və Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin “Qafqazinfo”ya müsahibəsi:
- 3 oyundan sonra yeni komandada ilk dəfə meydana çıxdınız və komandanız qələbə qazandı. Fikirləriniz necədir?
- Fikrimcə, ilk oyunum pis alınmadı. Yaxşı çıxış etdim. Ötən mövsüm aldığım cəzaya görə 3 matçı buraxmalı idim. Məşq edirdim, hazırlaşırdım və cəzamın bitməsini gözləyirdim. Yaxşı oldu hər şey. Ən əsas “İnter” 3-cü dövrədə ilk qələbəsini qazandı. Komandamızda zədəli futbolçular çoxdur. Mirhüseyn Seyidov, Rauf Əliyev kimi oyunçular meydana çıxa bilmir. Vüqar Nadirov da mövsümün ilk yarısında az oynayıb. Hər şey qaydasına düşəcək və “İnter” yoluna davam edir.
- Türkiyədən qayıdandan sonra Azərbaycanda adaptasiya problemi yaşamadız?
- Yox. Öz ölkəmə qayıtmışam və burda uzun illər çıxış etmiş biriyəm. Futbolçuları da tanıyıram. Legionerləri tanımaya bilərəm və bu da elə ciddi problem deyil. Türkiyəyə gedəndə orda da adaptasiya problemi yaşamadım. Çünki mən gənc futbolçu deyiləm. Təcrübəm var və hər vəziyyətdə bundan istifadə etməliyəm. Düzdür, qapıçı üçün 29 yaş elə də çox deyil. Amma mən uşaqlıqdan futbolla məşğul olduğum üçün artıq nə edəcəyimi bilirəm. Hər şeyə hazır oluram. Meydanda işi görməliyəm və bunu edirəm. “İnter”ə də artıq qaynayıb-qarışmışam.
- Adətən sizi çempionluğa iddialı komandalarda görmüşük. “İnter”in birinci olmaq üçün şansı var?
- Xallara baxsaq, elə də az deyil. Digər tərəfdən bu komandanın öz oyun üslubu var. İllərdir ki, eyni sistemdə çıxış edirlər. Taktika fərqlidir. Amma bu o demək deyil ki, çempionluğa oynamırıq. Bunun üçün şansımız da var. Ən azından Avroliqada çıxış etmək fikrindəyik.
- Qış fasiləsindən sonra 3 oyun qələbə qazana bilmədiniz...
- Futbolda belə şeylər normaldır. Gəlin sizə bir şey deyim, “İnter” ötən mövsüm 7 oyun ardıcıl qələbə üzünə həsrət qalmışdı. Amma mövsümün sonunda ikinci pilləni tutdular. Futbolda heç kim heç nədən sığortalanmayıb. “Kəpəz” bu mövsüm Premyer Liqaya gəlsə də, heyətində yaxşı futbolçular var. Məsələn: Bəxtiyar Soltanov, Namiq Ələsgərov kimi oyunçular çıxış edir.
- Türkiyəyə qayıtmaq şansınız var?
- “İnter”lə 6 aylıq müqaviləm var və mövsümün sonuna kimi burdayam. Əslində qış fasiləsində zədədən qayıtdığım üçün yenidən Türkiyəyə yollanmadım. “Karşıyaka”da müəyyən problemlər oldu, oynamadım. Millidə meydana çıxsam da, təcrübə üçün yetmirdi.
- Türkiyə klubu ilə problem yoluna qoyuldu?
- İndi heç bir problem yoxdur.
- Pullarınızı ala bildiniz?
- Yox, pullarımı almadım. “İnter”lə müqaviləm bitəndən sonra düşünəcəyəm.
- Elnur Cəfərov İspaniyanın “Real Ovyedo” klubuna baxışa gedib. Onun haqqında fikirləriniz necədir?
- Bilirsiz, Elnur milli komandanın üzvüdür. Fikrimcə, yığmada oynayan biri baxışa getməməlidir. Bizim də o yaşımız olub. Mən heç vaxt baxışa getməmişəm. Yenə də onun şəxsi işinə qarışmaq istəmirəm. Mən bir vaxtlar deyirdim ki, 24-25 yaşım olana qədər legioner həyatı yaşamasam, daha xaricə getməyəcəm. Amma sonra gördüm ki, elə deyil və getmək lazımdır. Ölkəni yaxşı təmsil etmək lazımdır. Elnur xaricə getməklə düz addım atıb, amma birbaşa baxışa getsəydi, daha yaxşı olardı.
- Millimizin Qazaxıstanla oyunu və Antalyada təlim-məşq toplanışı olacaq. Bu barədə nə deyə bilərsiz?
- Hələ heç nə bəlli deyil. Heyətlər açıqlanandan sonra danışa bilərəm.
- Matçın sonunda “Kəpəz” azarkeşlərinə yaxınlaşıb nəsə dediniz...
- Yox, şirin bir dialoq oldu. Bilirsiz, mən adətən dodağımın altında danışıram və hamı elə bilir ki, onları söyürəm. Amma elə deyil. Adətən dua edirik. O azarkeşlərin içində də tanıdıqlarım var idi. Sadəcə söhbət etdik.
Aktual.az