10 gündən sonra-sentyabrın 1-də parlament seçkilərinə rəsmi start veriləcək. Hakimiyyətin Qərblə və beynəlxalq təşkilatlarla münasibətlərinin kəskinləşməsi dövrünə təsadüf edən 1 noyabr parlament seçkilərinin legitimlik məsələsi indidən ciddi suallar doğurur.
Aktual.az xəbər verir ki, “Yeni Müsavat”ın bu mövzuda hazırladığı yazıda bildirilir ki, Avropa Parlamenti seçkiyə müşahidəçi göndərməməyə qərar verib. Eyni zamanda parlamentarilərin də müstəqil şəkildə müşahidə missiyasını yerinə yetirməsini qadağan etməsi iqtidar üçün arzuolunmaz vəziyyət yaradıb.
Elə bu səbəbdəndir ki, hakimiyyət müşahidə missiyası göndərilməsi üçün ATƏT-ə müraciət edib. Halbuki ATƏT-lə də hakimiyyət arasında münasibətlər kəskindir. Hətta o səviyyədədir ki, iqtidar ATƏT-in Bakı ofisinin fəaliyyətinə qadağa qoyub. Seçkilərə müşahidə missiyası göndərəcəyi barədə hələ bir neçə ay əvvəldən qərar verən Avropa Şurası ilə də münasibətlər gərgindir. Rəsmi Bakı hətta AŞ və AŞ PA üzvlüyündən çıxmaq haqqında ultimatum xarakterli bəyanatlar da verib. Belə bir əlverişsiz beynəlxalq siyasi şəraitdə MDB-nin müşahidə missiyası və üçüncü dərəcəli ölkələrdən göndərilən müşahidəçilərlə seçkiləri keçirmək və parlamentin legitimliyin tanıtmaq qeyri-mümkündür.
Son günlər Bakıdakı Qərb ölkələri səfirləri müxalifət partiyaları ilə təmaslarını nəzərəçarpacaq səviyyədə artırıb. ABŞ, Böyük Britaniya səfiri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri müxalifət liderləri görüşüb. Postsovet məkanında ən uzunömürlü siyasi güc olan Azərbaycan müxalifəti indi çox dağınıq və zəif olsa da, Qərbin diqqətindədir. Diplomatik mənbələrdən aldığımız xəbərlərə görə, ABŞ və Avropa Birliyi Bakıdakı səfirlikləri vasitəsilə seçki ərəfəsi yaranmış durumu təhlil edirlər. İddialara görə, bu təmaslar daha çox müxalifəti noyabr seçkilərində iştirak etməyə razı salmağa hesablanıb.
Qərbin siyasi texnoloqları boykot taktikasını çoxdan köhnəlmiş və effektsiz sayır. Bu baxımdan müxalifətlə təmaslarda seçkidə iştirak ritorikasının üstünlük təşkil etdiyi aydındır. Amma görüşlərlə bağlı sensasion məlumat budur ki, ABŞ və Avropa Birliyi müxalifətlə təmaslarda seçkidə iştirakı bu dəfə əvvəlki kimi israrla istəmir, onların yaranmış siyasi vəziyyətdə boykot taktikasına üstünlük verə biləcəyini anlaşıqlı qarşılayır. İddialara görə, buna səbəb Qərbin iqtidarla seçkilərlə bağlı anlaşa bilməsidir. Yəni hakimiyyət əsas müxalifətin parlamentdə təmsilçiliyinə razılıq verməyib.
Xatırladaq ki, 2005-ci il parlament seçkilərində elə bir situasiya yaranmışdı ki, beynəlxalq təşkilatlar işə qarışmalı oldu. Hətta bəzi partiya sədrləri dəfələrlə açıqlama verdilər ki, Avropa Şurasının və ATƏT-in nümayəndələri müxalifətə (o zaman Müsavat, AXCP və ADP-nin yaratdığı “Azadlıq” blokuna) hakimiyyətin parlamentdə fraksiya yaradacaq sayda-25 deputat yeri verməsinə razı olduğu təklifini çatdırıblar. Müxalifət partiyalarının rəhbərləri isə təklifi qəbul etməyiblər və parlamentin ən azı 70 faizini götürəcək sayda namizədlərinin deputat seçiləcəyini deyiblər. Son nəticədə isə iqtidar “Azadlıq” blokundan cəmi 5 nəfərin qələbəsini tanıdı...
2015-ci il parlament seçkiləri ərəfəsi müxalifət 10 il əvvəlki gücündən 10 dəfə itirib. İndi müxalifət daha bərbad durumdadır və boykota meyllənməsi həm də daxili resursların, o cümlədən insan faktorunun tükənməsi ilə izah edilə bilər. Qərb bu halda müxalifəti yalnız reanimasiya edə bilər ki, hətta indi bu da iqtidarda qıcıq və narazılıq doğurur.
Bəzi iqtidar mediasında Qərbin bu seçkilərdən Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə edəcəyi və ölkədə qarışıqlıq yaratmaq istəyi barədə iddialar da güman ki, bu səbəbdən artıb. Hətta hakimiyyət “narıncı inqilab” və “5-ci kolon” mövzusunu yenidən ən yüksək səviyyədə gündəmə gətirib. İş o yerə çatıb ki, Qərb ölkələri səfirləri müxalifətlə təmas qurduqdan sonra balans yaratmaq üçün hakimiyyətə loyal partiyalarla da görüşmək zorunda qalır. Bəzi ekspertlər hesab edir ki, rəsmi Bakı seçki ərəfəsi “narıncı inqilab” və “5-ci kolon” mövzusunu yenidən aktuallaşdırması Qərb ölkələri səfirlərinin müxalifətlə təmaslarına bir növ reaksiyasıdır.
Bununla belə, hakimiyyət fərqindədir ki, seçkilər ənənəvi qaydada keçiriləcəksə, nəticələri beynəlxalq aləmdə qəbul etmək asan olmayacaq. Bu baxımdan hakimiyyət parlamentin legitimlik problemini həll etmək üçün yollar axtarır.
Xəbərlərə görə, YAP-ın bu seçkilərdə ilk dəfə 125 dairədən namizəd irəli sürməsi, hər rayon təşkilatında seçki qərargahları yaratması Qərbin diqqətini cəlb etmək, hakim partiyanın cəmiyyətdə ən fəal və Mili Məclisdə real güc olduğunu göstərməyə hesablanıb. Hakimiyyət bütün seçki məntəqələrin də tam müşahidə kameraları quraşdırıb ki, bunu da seçkilərin obyektiv keçirilməsinə sübut kimi qəbul etdirmək niyyətindədir. Belə xəbərlər də var ki, Prezident Administrasiyasından bütün şəhər və rayonlar rəhbərlərinə xüsusi tapşırıq verilib ki, seçkilərə qatılmaq istəyən bir müxalifətçinin burnu qanamamalı, təbliğat kampaniyalarına maneə yaradılmamalıdır.
Böyük ehtimalla iqtidar bəzi konstruktiv müxalifətçilər qrupunun (məsələn, iqtidarla danışıqlarda iştirak edən partiya sədrlərinin.) parlamentə düşməsinə şərait yaratmaqla Milli Məclisin legitimlik məsələsini həll etməyə ümid edir. Belə bir əməkdaşlığın təsirini artırmaq üçün məhkəmələri sürətlə yekunlaşan bir sıra siyasi məhbusların azadlığa buraxılacağı da gündəmdədir.