Abşeron Rayon Məhkəməsinin hakimi Habil Əhmədovun fəaliyyəti ilə bağlı narazılıqlar artıq fərdi şikayət səviyyəsini çoxdan aşıb. İddialara görə, onun adı rayon ictimaiyyətində ədalətli və qərəzsiz hakim obrazı ilə deyil, sifarişli qərarlar, qanunların seçmə tətbiqi, tərəflər arasında açıq-aşkar balans pozuntusu və "öncədən müəyyən edilmiş” nəticələrlə assosiasiya olunur.
Məhz buna görə də Abşeron rayonunda müxtəlif mülki və iqtisadi mübahisələr üzrə məhkəməyə üz tutan vətəndaşların əhəmiyyətli bir qismi Habil Əhmədovun icraatında olan işlərə böyük etimadsızlıqla yanaşdıqlarını bildirir, onu "ədalətsiz hakim” kimi xarakterizə edirlər.
Son dövrlərdə "AAAF-İNŞAAT” MMC-nin inşa etdiyi bina ilə bağlı məhkəmə işləri bu narazılıqların mərkəzinə çevrilib. Xırdalan şəhəri, 26-cı məhəllə, M. Hüseynzadə küçəsində yerləşən 4A saylı 12 mərtəbəli yaşayış binasının, eləcə də ərazidəki digər binaların zirzəmi sahələri ətrafında yaranmış mübahisələr üzrə çıxarılan qərarlar ciddi suallar doğurur. Söhbət binaların zirzəmi hissələrini vicdanlı alıcı kimi vergilərini ödəyərək "AAAF-İNŞAAT” MMC-dən qanuni müqavilələrlə alan şəxslərin deyil, şübhəli sənədlər və birtərəfli yanaşma ilə müəyyən qrupların xeyrinə rəsmiləşdirilməsindən gedir. Yəni vətəndaşın öz halal vəsaiti ilə aldığı mülkiyyət məhkəmə yolu ilə mənimsənilmək təhlükəsi altındadır.
İddialara görə, hakimin mövqeyi faktiki vəziyyəti və mülkiyyət hüququnu deyil, demək olar ki, bütün instansiyalarda uduzduğu halda Abşeron Məhkəməsində "istədiyini alan” Coşqun Şahmahmud oğlu Mahmudovun maraqlarını nəzərə alır. Zirzəmi sahələrinin binanın ayrılmaz tərkib hissəsi və özəlləşdirilmiş mülkiyyət predmeti olması barədə qanunvericiliyin açıq müddəaları, eləcə də illərlə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Buna baxmayaraq, əks qərarların çıxarılması adi hüquqi mübahisədən çox, "sifarişli qərar” təsiri bağışlayır. Bu isə zərərçəkən tərəflərdə belə bir təəssürat yaradır: qanun yalnız kağız üzərindədir, praktikada isə öncədən müəyyən olunmuş nəticəyə uyğun "sübut seçimi” tətbiq edilir.
Narazılıqlar bununla bitmir. Şikayətlərdə vurğulanır ki, proseslərin bir qismi şəffaflıqdan uzaq, iştirakçıların xəbəri olmadan aparılan "gizli baxışlar”, tərəflərə vaxtında təqdim olunmayan məktublar və aktlarla müşayiət olunub. Xüsusilə Coşqun Mahmudovun maraqlarına uyğun tərtib edildiyi iddia olunan şübhəli məktubların obyektiv araşdırılmadan "əsas sübut” kimi qəbul olunması haqlı hiddət doğurur.
Hakimin zirzəmini "texniki bina ərazisi” kimi qələmə verməsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi sənədlərini görməzdən gəlməsi və mülkiyyət sahibinin xəbəri olmadan əraziyə gizli baxış keçirməsi Habil Əhmədovun məsələyə qərəzli yanaşmasının bariz göstəricisidir.
Rayonda Habil Əhmədovun adı ilə bağlı digər şikayətlər də mövcuddur. Vəkil Elvin Yusifov hakimin iddianı baxılmamış saxlamasını qərəzli addım kimi qiymətləndirib. Həmçinin "ATE HÜQUQ MƏRKƏZİ” MMC-nin direktoru Telman Əzimov Ədliyyə Nazirliyinə ünvanladığı şikayətdə bildirib:
"Hakim Habil Əhmədov qanunda nəzərdə tutulmayan tələblərə istinad edərək süründürməçiliyə yol vermişdir. Bu, hakimin ya qanunları bilmədiyini, ya da onlara məhəl qoymadığını göstərir”.
Bu faktlar Abşeronda ümumi bir rəy formalaşdırıb: Habil Əhmədov hüququn aliliyini şəxsi və ya kənar maraqlara qurban verən bir hakim kimi qəbul edilir. Bu cür hallar təkcə bir hakimin reputasiyasına deyil, bütövlükdə məhkəmə sisteminə inamı sarsıdır. İnsanlar məhkəməyə gedərkən haqqın bərpa olunacağına deyil, "qərarın əvvəlcədən müəyyən edilib-edilmədiyinə” şübhə ilə yanaşırlar. Abşeronda ədalətin bərpası üçün bu qərarlar ciddi şəkildə araşdırılmalı və obyektiv qiymətləndirilməlidir.
Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. (Yenicag.az)