“Sabirabad rayonunda intihar edən 15 yaşlı Rahilə Əlicanova əlaçı şagird olub və məktəblə bağlı heç bir problemi olmayıb”.
Aktual.az xəbər verir ki, bu barədə publika.az-a onun təhsil aldığı Kollar kənd orta məktəbinin direktoru Səkinə Ağayeva bildirib.
R. Əlicanovanın çox yaxşı şagird olduğunu və həmişə dərslərə hazır gəldiyini deyən məktəb direktorunun sözlərinə görə, heç kim intiharın səbəbini bilmir:
“Elə indi dəfn mərasimindən gəlirəm, anası da qızının hansı səbəbdən intihar etdiyini bilmir. Bu, məktəblə bağlı deyil. Nə olubsa, evində, ailəsində olub. Rəhilə “5”lə oxuyub, özü də ağıllı, tərbiyəli qız olub. Dünən məktəbdən deyə-gülə evə qayıdıb. Heç bir narazılıq olmayıb. Nümunəvi, yaxşı oxuyan şagird idi. Nə bizim ondan, nə də onun bizdən bir narazılığı var idi. Anasının dediyinə görə, məktəbdən gəlib, yeməyini yeyib. Axşamüstü işıqlar sönüb, hadisə də həmin vaxt qəfildən baş verib. Başa düşə bilmirik ki, nə səbəb ola bilər”.
Onda hər hansı psixoloji problem hiss eləmədiyini deyən direktorun sözlərinə görə, R. Əlicanova ölüm ayağında anasına onu çox istədiyini deyib:
“Uşaqlıqdan deyikli idi, amma hələ nişan olmamışdı, sadəcə adlanmışdı. Başqa heç nə məlum deyil. Anasının sözlərinə görə, gecə bitki dərmanı içəndən sonra həkimə aparıblar. Ancaq onu deyib ki, “ana, mən səni çox istəyirəm”. Elə yolda dünyasını dəyişib. Hər hansı problemi olmasıyla bağlı heç kimə heç nə deməyib”.
S. Ağayevanın sözlərinə görə, bu gün səhər rayon polis şöbəsinin əməkdaşları məktəbə gələrək müəllimləri, uşaqları, sinif nümayəndəsini dindiriblər. Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Qeyd edək ki, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. O, Kollar kənd məktəbinin 9-cu sinif şagirdi olub.
Aktual.az