Hacıların “başdaşı biznesi”nin gizlinləri... - MÜHÜM

Hacıların “başdaşı biznesi”nin gizlinləri...  - MÜHÜM

"Qəbir daşları məsələsi olduqca acınacaqlıdır. Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür". Bunu hələ iki il əvvəl rəsmi dövlət qəzeti "Azərbaycan"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirmişdi.

O qeyd etmişdi ki, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ciddi ehtiyac var. "Bahalı qəbir daşları ilə əlaqədar məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib... İstənilən sivil ölkədə qəbiristanlıqlarla bağlı məsələlər konkret müəyyən edilmiş qaydalarla tənzimlənir. Məsələn, qəbirlərin düzülüşü, onların ölçüləri konkret qaydalar əsasında aparılır. Bu qaydalara əsasən, qəbirlər bir-birindən kəskin fərqlənməməlidir".

Komitə sədri vurğulamışdı ki, hazırda belə layihə üzərində iş gedir.

Aradan iki il keçməsinə baxmayaraq, həmin layihənin aqibətindən heç bir xəbər yoxdu. Səbəb? Demək çətindi. Amma bilinən odu ki, burada bir neçə variantdan danışmaq olar.

Aktual.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Azərbaycanda bahalı, qiyməti bir neçə min manatla ölçülən məzar daşlarını əsasən imkanlı şəxslər - varlı məmurlar və iş adamları qoydururlar. Ola bilsin ki, aidiyyatı qurumlar hələlik onların belə istəklərini önləmək iqtidarında deyillər - əlbəttə, ya zəlzələdən, ya da vəlvələdən!

Başqa bir versiya isə odur ki, ölkəyə fantastik qiyməti olan məzar daşları üçün lazımi materialların gətirilməsində, eləcə də belə məzar daşlarının hazırlanması ilə məşğul olan sexlərin fəaliyyətində hansısa gözəgörünməz qüvvə və ya qüvvələrin mafddi maraqları var.

Bakının müxtəlif hissələrindəki qəbiristanlıqlarda, məsələn, Yasamal, “Qurd qapısı” kimi məşhur məzarlıqlarda qiyməti hətta 7-8 min manatdan başlayan başdaşıları qoyulub. Bundan başqa, devalıvasiyadan əvvəl Ukraynadan gətirilən qara qranitlər ölkəyə təxminən 3 min manata daxil olurdu. Çox geniş yayılan bu qranitlərdən məzar daşları işlənməsi isə sifarişlərə uyğun dəyişirdi. Həmin qiymətlər ən azı 1000-1500 manatdan başlayır, 3-4 min manata qədər yüksəlirdi.

Araşdırmamıza görə, hazırda həmin qiymətlər 2-3 dəfə artıb.

Ən ucuz məzar daşları isə hazırda Daşkəsən və “Gülbaxtı” daşı sayılır - birincinin devalvasiyadan əvvəlki dəyəri 800-900 manatdan, ikinci isə 400-450 manatdan start götürürdü.

Azərbaycana Hindistandan gətirilən məzar daşlarının qiyməti isə daha fantastikdir. Deyilənlərə görə, devalvasiyadan əvvəl, təxminən iki il öncəyədək həmin daşlara ən az 6-7 min manat saymaq lazım imiş.

Qeyd edək ki, Son bir ildə Azərbaycanda xaricdən gətirilən məzar daşlarının 30-40 faiz bahalaşdığı da əldə etdiyimiz məlumatlar arasındadır.

Araşdırma zamanı maraqlı bir bilgi də əldə etdik. Sən demə, imkanlı şəxslərin yaxınlarının qəbirlərinə çəkdikləri fantastik xərclər yalnız məzar daşları ilə məhdudlaşmır. Qəbirlərin ətrafına yüksək keyfiyyətli materialdan, xüsusi dizayn və işləmə ilə hasar çəkilməsinə, yaxud məzarın üzərinə müxtəlif aksessuarlar qoyulmasına görə də kifayət qədər pulundan keçən məmurlarımız, biznesmenlərimiz var. Məsələn, qəbir daşlarının üstünə güldan quraşdırmaq üçün 700-800 manatından keçənlər az deyil, hansı ki, təkcə bu məbləğ Azərbaycanda müəllim və ya həkimin ən azı 3 aylıq maaşıdır.

Qayıdaq Mübariz Qurbanlının yazının əvvəlində haqqında danışdığımız iki il əvvəlki müsahibəsində. Həmin müsahibəsində Komitə sədri onu da deyirdi ki, “İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir. Amma bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlıqlar isə özü-özlüyündə panteona çevriləcək”.

Sual yaranır: bu sadə həqiqət hökumət nümayəndələrinə belə yaxşı məlum olduğu halda, Bakıda bahalı baş daşıların qoyulmasının davam etməsinə səbəb nədir? Bu tendensiyanı aradan qaldırmaq əcəba, kimin və ya kimlərin maraqlarına ziddir?!

Aktual.az

Xəbər 4824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR