"Ateist filosofların sözlərinə baxsaq, orada həqiqət axtarmaq olar"
Aktual.az bildirir ki, modern.az saytı dini mövzuda silsilə müsahibələrini davam etdirir. Budəfəki həmsöhbətimiz "Məşədi Dadaş" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənlidir. Onunla söhbəti təqdim edirik:
- Sərbəst suallara verilən cavablar müsahibəyə rəng qatır. Ona görə də istəyirəm ki, ilk olaraq gəncliyinizdə sizi dinə çəkən səbəblərdən danışasınız. Sonra teoloji məsələlər barədə sual-cavaba keçərik.
- Mən 1974-cü ildə Bakıda doğulmuşam və burada da böyümüşəm. 189 saylı orta məktəbin rus bölməsini bitirmişəm. Həm məktəbdəki çevrəmdə, həm ailəmdə dinə inam olsa da, dini ayinlər icra olunmurdu. Bu da həmin dövrlə əlaqədar idi. Mən artıq yeniyetməlik dövründən dinə, dini dəyərlərə maraq göstərirdim. Beləcə, 1992-ci ildə ibadət etməyə başlamışam. İş belə gətirdi ki, o zamandan da ictimai fəaliyyətə başladım. Eyni zamanda hamı kimi, təhsilimi davam etdirdim, hərbi xidmətə getdim. Əvvəl Azərbaycan Texniki Universitetində, sonra Bakı Dövlət Universitetində tarix üzrə təhsil aldım. Lakin dini sahədə ictimai fəaliyyətimi dayandırmırdım...
- Səsinizin tonundan belə görürəm ki, ali təhsil aldığınız ixtisaslar üzrə işləməməsiniz.
- Bəli, işləməmişəm. Elə ilahiyyat sahəsi üzrə çalışmışam. Dinə marağım üçün xüsusi bir səbəb xatırlamıram. Sadəcə uşaqlıqdan dinə həvəsim, bağlılığım olub.
- İlahiyyat üzrə heç bir ali təhsiliniz yoxdur. Bu sizdə bir narahatlıq yaratmır ki?
- Heç bir narahatlığım yoxdur. Mən humanitar sahə üzrə, tarixlə bağlı təhsil almışam. Tarix də müəyyən qədər ilahiyyata yaxın sahədir. Ərəb və fars dillərini öyrənmişəm və dini ədəbiyyatı da bu dillər vasitəsi ilə mənimsəmişəm.
- Mən bir neçə il bundan əvvəlin hacı Şahini ilə indiki arasında vizual görünüşdə ciddi fərqlər sezirəm. Əvvəllər geyim tərziniz daha çox şəriət tələbləri çərçivəsində idi, indi isə müasir dəblə ayaqlaşmısınız kimi bir təsir bağışlayırsınız.
- Ümumiyyətlə, dini müasirliyə zidd hesab etmirəm. Din mühafizəkarlıq deyil. Dinin ümumiyyətlə mühafizəkarlıqla hər hansı bir əlaqəsi yoxdur. Geyim tərzim, demək olar ki, dəyişməyib. Sadəcə məsciddə dini ayinləri icra edən zaman xüsusi geyimlər geyinilir. İndi də məsciddə xütbələr oxunan zaman əbada oluram. Əvvəllər də, indi də, adi günlərdə həmişə kostyum, sadə paltarlar geymişəm.
- Sizin illər əvvəlki çağırışlarınızla indikiləri müqayisə edirəm və bu qənaətə gəlirəm ki, köklü fərqlər mövcuddur.
- Dediyiniz məsələlərlə bağlı bəzi iddialarla tanışam. Amma hesab etmirəm ki, mənim mövqeyimdə kəskin fərq olub. Mən həmişə çalışmışam ki, dinimiz dövrün tələbləri çərçivəsində təbliğ olunsun. Bu, zəruri məsələdir. Buna görə də, üslubumda hər hansı bir nəzərəçarpacaq fərqin olduğunu düşünmürəm. Baxışlarımda, ictimai mövqeyimdə köklü dəyişikliklərin baş verdiyini düşünmürəm.
- Qeyd edirsiniz ki, dini müasirliklə uzlaşdırırsınız. Şəxsən mənə görə, yaxşı bir yanaşmadır. Bunu dində islahata çağırış kimi qiymətləndirirəm. Amma halbuki, dində reformalar aparılması birmənalı qarşılanmır. Siz özünüz də belə açıqlamalarınıza görə sərt tənqidlərə tuş gəlirsiniz.
- Dinin özü mahiyyət etibarı ilə zamana uyğunlaşır. Dinin yox, sadəcə olaraq dini düşüncəmizin, dinə yanaşmamızın islahata ciddi ehtiyacı var. Din ilahi bir dəyərdir, amma bəzi insanlar bunu səhv anlayırlar. Əslində din mütərəqqi və insanlığa xidmət göstərən bir dəyərdir. Amma dinə yanaşma zamandan geri qaldıqda xurafata çevrilir, dağıdıcı bir funksiya daşımağa başlayır. Belə düşünürəm ki, biz dini düşüncələrimizi təftiş etməliyik və özümüzə bir çox suallar verməliyik. Sizinlə razıyam ki, dini düşüncələrin islahata ehtiyacının olması barədə fikirlər bəzən maneələrlə üzləşir. Cəmiyyətin bir qismi dəyişikliyi, yeniliyi qəbul etməyə hazır olmur. Lakin dini düşüncədə yaranmış yanlışlıqlardan, xurafatdan azad olmalıyıq.
- Bəzi məsələlər din adı ilə assosiasiya edilir. Məndə isə belə bir sual yaranır: "Quran"ın İlahidən gəldiyinə dair də mübahisəli məqamlar var. Mən bu məqama toxunmuram. Sadəcə bildirmək istəyirəm ki, surələr və onlardakı ayələrdə həmin dövrün ictimai-siyasi atmosferi də öz əksini tapıb. Buna görə də həmin ayələr bugünkü günlə uzlaşmır. Sizcə, mahiyyətini saxlamaq şərti ilə belə ayələrin redaktələrə ehtiyacı varmı?
- Bir daha vurğulamaq istəyirəm ki, din mahiyyət etibarı ilə zamana uyğunlaşıb. İlahi dəyərlər zamanın fövqündə dayanıb. Siz dediyiniz bəzi ayələrin zahiri ilə mahiyyəti arasında fərqlər var. Sadəcə olaraq bu fərqlər aşkar olunub izah edilməlidir. Bəzi ayələr zahirən qəribə səslənə bilər...
- Amma bu cür ayələr çoxdur və bu çoxluq böyük şaxələnmələrə, hətta münaqişələrə gətirib çıxarır.
- Din xadimlərinin də məharəti bundan ibarət olmalıdır ki, zahirən anlaşılmayan, geridəqalmışlıq kimi qəbul edilən dini hökmləri müasir dövrün tələblərinə uyğun izah etsinlər. Yəni, ifadənin arxasında duran mənanı üzə çıxartsınlar. Bunu dedikdə də, ayələrdəki təbii elmlərlə bağlı hansısa nüansları nəzərdə tutmuram. Yaşayış fəlsəfəsinin və düzgün dünyagörüşünün mənalarının açılmasını nəzərdə tuturam. Mən əslində, yeri gəldi-gəlmədi "Quran" ayələrinin təbii elmlər prizmasından təhlil edilməsinin də tərəfdarı deyiləm. Yeri gəldi-gəlmədi "Quran" ayəsinin fizika ya biologiya məsələsi kimi təqdim edilməsinin də əleyhinəyəm. Düzdür,"Quran"da elmi həqiqətlər, müasir dövrün elmi inkişafı ilə uzlaşan ayələr də var. Lakin hədəf bu deyil. Bəzi ayələr isə bizə zahirən primitiv görünür. Onlar əsaslı şəkildə təhlil olunmalı, əsl mesajı insanlara çatdırılmalıdır.
- Dediniz ki, din xadimlərinin məharəti də təzadlı hesab olunan məsələlərə aydınlıq gətirməsidir. Bəs bu məharət kəmiyyətdən keyfiyyətə keçid edə bilirmi? Özünüz də bilirsiniz ki, yenə də yozumlarda, yanaşmalarda fərqlər ortaya çıxır və bu bəzən qarşılıqlı təhqirlərə səbəb olur.
- Biz yenicə müstəqillik qazanmış ölkəyik. Sovet dövründə bizim mənəvi irsimiz məhv edilib. Dini elm sahəsində bir iş görülməmişdi. Azərbaycanda bu istiqamətdə artıq addımlar atılıb. Sizin toxunduğunuz məsələ barədə danışmaq istəyirəm. Fərqli interpretasiyalar ixtilafa səbəb olmamalıdır. Biz fərqli düşüncələrə dözümlü yanaşmağı bacarmalıyıq ki, inkişaf edə bilək. Qurani-Kərim özü bu haqqı insanlara verir. "Dində məcburiyyət yoxdur" ayəsi mövcuddur. Bir şəxs onun kimi düşünməyənlərə qarşı aqressiv davranırsa, bu, təkfirçilikdir. Təəssüf ki, dünyanın hər yerində bu düşüncəli qruplar var. Bu radikal düşüncələrin qarşısı hər vəchlə alınmalıdır. Bu məsələdə ilk növbədə din xadimləri məsuliyyət daşıyırlar.
- "Dində məcburiyyət yoxdur" kimi bir əmr var. Amma... Quranda digər qəbildən olan ayələr var ki, orada İslamdan başqa bir dini qəbul edənlərin axirətdə əzab çəkənlərdən olacağı buyurulur. Bu ziddiyyətlər haradan qaynaqlanır?
- Bu, zahirən ziddiyyət kimi görünür. İnsan seçim azadlığına malikdir. Bundan sonra insan düzgün seçmək üçün lazım olan vasitələrlə təmin edilib. Bu gün Qərbdə də, Şərqdə də dartışılan mövzular həqiqətin mütləq və ya nisbi olması ilə bağlıdır. Qərbdə bu məsələ plüralizm formasında öz həllini tapıb. Yəni, hər bir insanın anladığı onun üçün həqiqətdir. Postmodern dövrdə həqiqət özü nisbi anlayışa çevrilib, yaxşı ilə pisin sərhədləri itib. Postmodern dövrdə nəsə yaxşıdır deyə, iddia etmək doğru hesab olunmur. Deyirlər ki, bu sənin üçün yaxşı, digərləri üçün pis ola bilər. Din isə deyir ki, həqiqət mütləqdir və insanlar ağılları vasitəsi ilə bunu anlaya bilərlər. Amma insanın daxilində həqiqəti anlamağa mane olan amillər var. İnsan özünü təmizlədikcə, haqqı olduğu kimi anlamağa başlayır. Ona görə də, hər bir insan seçdiyi əqidəyə görə Allah qarşısında məsuliyyət daşıyır. İnsanın əqidəsi onun əxlaqının, daxili aləminin güzgüsüdür. Ancaq Allah qarşısında hər hansı bir məsuliyyət daşıyırıqsa, bu, o demək deyil ki, fərqli düşünənlərə qarşı aqressiv davranmalıyıq. Biz əqidəmizə görə Allah qarşısında cavabdehik, bir-birimizn qarşısında yox. Bizim borcumuz budur ki, insanlara sayğı ilə yanaşaq. Allah da siz dediyiniz "əzab veriləcək" dedikdə bilirsiniz nəyi nəzərdə tutur? Məsələ bu qədər sadə deyil ki, kimsə İslamı qəbul etməsə, cəhənnəmdə yanacaq. Əvvəla, insanların şəraiti, doğulduğu, böyüdüyü mühit nəzərə alınmalıdır. Bir insan xristian ölkəsində yaşayırsa, İslam haqqında lazımi məlumatı yoxdursa, öz dininə əməl edirsə, insanlara xeyirxahlıq edirsə, təbii ki, belə adamların hansısa əzaba düçar olacağı barədə ayə yoxdur...
- Sizin sözünüzü kəsməli olacağam. Bəs insanlara o ayələr sadə şəkildə necə çatdırılmalıdır? Mənə elə gəlir ki, ayələr hər yerdə şərhlərlə verilsə, daha yaxşıdır. Siz buna necə baxırsınız?
- Sizinlə tamamilə razıyam. Quranın mətni toxunulmazdır. Amma Qurana yanaşmalar dəyişilməlidir və dəyişilir də. Qurana münasibət dəyişməsə, ilahiyyat elmi inkişaf edə bilməz. Bu baxımdan sizinlə razıyam ki, Quranın ziddiyyətli hesab olunan ayələri kompleks şəkildə təfsir olunmalıdır. Yəni, bir ayənin yanında digər ayə izah edilməlidir. Bəzən Qurandakı ayələrdən birini kontekstdən çıxardığımız zaman yanlış düşüncəyə gedə bilərik. Məsələn, Quranda belə bir ayə var: "Vay olsun namaz qılanların halına". Biz bu ayəni kontekstdən çıxarsaq, deyə bilərik ki, namaz bəyənilməyən bir şeydir. Amma o ayənin ardınca buyurulur: "O namaz qılanlar ki, namazlarına səhlənkar yanaşırlar, özlərini göstərməkdən ötrü ibadət edirlər". Quran təfsiri özü dərin bir elmdir. Quranda islam deyildikdə bütün peyğəmbərlərin təbliğ etdiyi dini dəyərlər nəzərdə tutulur. İslam baxımından həzrəti Musa, həzrəti İsa eyni mənbədən qaynaqlanıb ilahi dəyərləri təbliğ ediblər. Bu təlimlərin təməl dəyərlərində ciddi fərqlər yoxdur. Fərq yalnız zamana görə ibadətin formasında ola bilər. Burada İslam bizim başa düşdüyümüz anlamda işlənmir. İslam - Allaha təslim olmaq deməkdir.
- Tövratı oxumuşam. Musa peyğəmbərin qardaşı Harun xalqı büt düzəltməyə yönləndirir. Sonra isə həmin xalqdan 3 min nəfər öldürülür. Bəs bu tolerantlıqdırmı? Buradan belə bir nəticə çıxarmaq olarmı ki, Tövratın təbliğ etdiyi Allah çox fərqlidir.
- Qurani-Kərimə müraciət etsək, görürük ki, digər peyğəmbərlərə gələn kitablar təhrif olunub. Bəzən də müəyyən əlavələr edilib. Heç bir zaman ola bilməz ki, Allah zorakılığı təbliğ etsin. İstər Quranda, istər Tövratda döyüş əmri var. Biz bütün ayələrə fikir versək, ciddi şəkildə onları təhlil etsək, görərik ki, təcavüzə qarşı vuruşmaq əmr edilir. Bu da təbiidir. Din təcavüzə məruz qalanların özünümüdafiə haqqını tanıyır. Məhəmməd peyğəmbər özü bütpərəst mühitdə dəvətə başlayıb. Məlum olduğu ki, ona olmazın əziyyətlər, işgəncələr verirlər. Hətta peyğəmbərin həyatında belə bir epizod var ki, onu daş-qalaq edirlər, dişini sındırırlar. Məhəmməd peyğəmbər də bir daşın üstündə oturub Allaha dua edir. Deyir: "İlahi, mənim qövmümü doğru yola yönəlt, onlar bilmədən bu işi gördülər". Peyğəmbər heç bir bəddua, qarğış etmir. Məkkə fəth edilən zamanda belə, Məhəmməd peyğəmbər heç kəsdən qisas almır, ona zülm edənləri bağışlayır. Bunlar hamısı islamın tarixidir. Kimlər üçünsə maraqlıdır ki, islam dinini qorxunc simada təqdim etsin. Buna görə də ayələr kontekstdən çıxarılır və olmayan hadisələr islam tarixinə əlavə edilir. Peyğəmbərimizin isə həyatı tarixi sənədlərlə ortadadır.
- Müsəlman dünyası Tövratın, İncilin təhrif olunduğu qənaətindədir. Amma Tövratın təhrif olunduğunu demək üçün gərək onun orijinalı ilə tanış olub müqayisə aparasan. Bu gün isə heç kim Tövratın orijinalının necə olduğunu bilmir, ancaq ortada dəyişilmədən söhbət gedir. Qəribə deyilmi?
- Həzrəti Musaya, Həzrəti İsaya nazil olan kitabların orijinal olduğunu heç kim də iddia edə bilmir. Bu kitablar peyğəmbərlərin şagirdlərinin nəql etdikləri əsasında yazılıb. Təbii ki, bu kitablarda həqiqətlər var. Amma bu özü geniş bir mövzudur. Səmavi kitabların mətninin nə zaman yazıldığı, hansı şəkildə toplandığı ayrıca elmi bir mövzudur ki, bunun ətrafında geniş danışmaq olar. Quranda ayə var: "Biz Quranı nazil etdik və onu qoruyacağıq". Daha sadə bir misal. Məsələn, bir şagird birinci sinifdə oxuyursa öz dərsliklərini qoruya bilmir. Amma yaşa dolduqca, onuncu, on birinci sinifdə oxuyanda artıq kitablarının qədrini bilir, onları qoruyur. Bəşəriyyət də təxminən belə bir vəziyyətdə idi. Bəşəriyyət öz inkişafının elə bir mərhələsinə gəlib çatdı ki, Quran nazil oldu və insanlıq özü onu qoruya bildi.
- Tövratda çəyirtkə yemək halal buyurulur, amma dəvə haram sayılır. Bununla belə elə qidalar da var ki, İslamdakı kimi haramdır: qan, donuz əti, leş. İslamda çəyirtkə hansı kateqoriya qidaya aiddir?
- Çəyirtkə ərəblər arasında da yeyilib. İslam dini çəyirtkə yeməyi qadağan etməyib. Bizdə bu yeyilmir və heç ağlımızdan da keçmir. Ərəblər isə yeyirdilər.
- Amma bildiyim qədəri ilə çəyirtkənin halal olması ilə bağlı bir ayə yoxdur.
- Quranda elə bir ayə yoxdursa da, onu haram buyuran bir hökm də yoxdur. Belə bir prinsip var ki, nəsə qadağan deyilsə, o halal sayıla bilər. Dəvə ətinə gəlincə, deyə bilərəm ki, dəvə ətinin konkret hansı səbəbdən Tövratda qadağan edildiyi barədə konkret məlumata malik deyiləm. Bunu araşdırmaq lazımdır ki, bu məsələ təhrif nəticəsində ortaya çıxıb, yoxsa yox. Onu bilirəm ki, bəzi dövrlərdə haram sayılanlar sonradan halal buyurulub. Bu insanların imtahan olunması üçündür.
- Siz dinləri geniş mütaliə edirsiniz, ilahiyyatçısınız. Buna görə də istəyirəm ki, beynimdəki bu qaranlıq nöqtəyə tutarlı cavabınızla işıq salasınız. Tövrat İbrahim peyğəmbərə nazil olub, yoxsa Musa peyğəmbərə? Tövratın süjetindəki ardıcıllığa görə bu sual yaranır.
- Bütün peyğəmbərlərə ya səhifələr, ya da kitablar nazil olub. Tövrat həzrəti Musaya nazil olub, lakin öncə peyğəmbərlər barədə məlumatlar bu kitabda yer alıb. Qurani-Kərimdə də belədir.
- Yaxşı, İbrahim peyğəmbərin dini nə olub? Bəzi mənbələrdə sabii dinindən olması göstərilir. Quranın Ənam surəsində belə bir ayələr var ki, İbrahim peyğəmbər ulduzu, Ayı, Günəşi Tanrı hesab edirdi.
- Həzrəti İbrahim təkallahlılıq dininin qəhrəmanı sayılır. Siz dediyiniz ayələr, əslində insanın tovhidə gələ biləcək yolu rəmzi mənada ifadə edir. Bilirsiniz ki, İbrahim peyğəmbər axırda deyir ki, o qürub edənlərə ibadət etməz. Əslində burada təkallahlıq məntiqini ortaya qoyur. Amma sadə şəkildə. Yəni "Günəş, Ay, ulduz mənim Rəbbimdir" demək bir danışıq formasıdır. İbrahim peyğəmbər bununla insanları düşünməyə vadar edir. Demək istəyir ki, bunlar da Allahın bir nişanəsidir. Quranda qeyd olunur ki, İbrahim peyğəmbər müsəlmandır. Müsəlman burada "Allaha təslim olan" anlamındadır. Heç bir peyğəmbər büt qarşısında səcdə etməyib. İbrahim peyğəmbər, əksinə, bütlərə qarşı mübarizə aparıb və buna görə təzyiqlərə məruz qalıb.
- Sabiilik dini Quranda kitab əhli kateqoriyasına aiddir. Amma bu dinin kitabı yoxdur, varsa da, günümüzə gəlib çıxmayıb.
- Hər peyğəmbərə kitabın nazil olması şərt deyil. Bu gün hansısa dində kitabın olmaması buna dəlalət edə bilməz ki, ümumiyyətlə belə din peyğəmbərlər təlimindən qaynaqlanmır. Kitab ya nazil olmayıb, ya da sadəcə olaraq, bu kitablar zaman keçdikcə aradan gedib.
- Sabiilik dini ilə bağlı müxtəlif versiyalar var. Elə mənbələr var ki, Məhəmməd peyğəmbərin islamdan qabaq sabii dininə ibadət etməsini bildirir. Məhəmməd peyğəmbər sabii ola bilərdimi?
-Məhəmməd peyğəmbər təkallahlılıq dinində olub. O, tək olan Allaha ibadət edirdi. Bildirilir ki, islam gəlməzdən öncə Məhəmməd peyğəmbər Hira mağarasında tənha ibadətlə məşğul olurdu. Amma heç zaman büt qarşısında ibadət etməyib. Həmin bu ibadətin forması bu gün biz qıldığımız namazdan fərqli ola bilərdi. Lakin mahiyyət etibarı ilə tək allaha ibadətdir. Tarixi mənbələr qeyd edir ki, Məhəmməd peyğəmbər həzrəti İbrahimin dinində idi.
- Amma İbrahim peyğəmbərin özünün də sabii olmasına dair fikirlər mövcuddur.
- Bu iddialarla tanışam. Amma bu, yanlış yozumdur. İbrahim peyğəmbərin sabii olması barədə tutarlı bir fakt yoxdur. Əksinə, sabiilər özlərini Həzrət İsanın həməsri olmuş Yəhya peyğəmbərə nisbət verirlər.
- Quranda İsra surəsində belə bir ayə var ki, Məhəmməd peyğəmbəri ona nazil olandan uzaqlaşdırıb səhv yola yönəltmək istəyirdilər. Allah isə Məhəmməd peyğəmbərə bildirir ki, onu bu yoldan çəkindirdilər və o, bu səhv yola getsəydi, əzabı ağır olacaqdı.
- Siz dediyiniz hadisənin nə ilə bağlı olduğunu demək istəyirəm. Burada bütpərəstlikdən söhbət getmir. Bir qrup insan Məhəmməd peyğəmbərin yanına gəlir və deyir ki, "biz islama iman gətirməyə hazırıq". Ancaq onlar deyir ki, bir müddət vaxta ehtiyacları var. Peyğəmbər bir an düşünür ki, bunlara möhlət verilsə, onlar islama iman gətirəcəklər. Ona görə Allah bəyan edir ki, "az qalırdın onlara tərəf yönələsən". Burada peyğəmbərin bir an düşünməsindən söhbət gedir. Yəni peyğəmbər düşünür və qərar verir ki, islamı qəbul edən bütdən imtina etməlidir.
- Peyğəmbərə cadu olunmuşdumu? Çünki Fələq surəsində peyğəmbərə buyurulur ki, cadugərlərin əməllərindən dolayı Allaha sığınmalıdır.
-Dinin cadu ilə bağlı mövqeyi insanları maraqlandırır. Cadu barədə fikir belədir ki, insana qarşı maddi qanunlarla izah olunmayan hansısa əməl edilə bilər. Bu təsir etmək mexanizmlərini insanlar müəyyən üsullarla öyrənirlər. Bəs bunun insana təsiri nə qədərdir? Burada əsas məsələ insanın Allaha nə qədər sığınmasıdır. Adam Allaha bağlanarsa, caduya, sehrə önəm verməzsə, o zaman cadudan insana heç bir ziyan toxunmaz. Allaha sığınan bir insan İlahinin qüdrəti sayəsində hər bir şeydən qorunmuş olar.
Peyğəmbərə cadu olunmasına gəlincə, burada müxtəlif versiyalar mövcuddur. Bəziləri deyir ki, peyğəmbərə cadu edildi və o, Nas və Fələq surələrinin yardımı ilə cadudan qorundu, Allaha sığındı. Amma bunu inkar edən mənbələr də var.
- Siz hansı tərəfdə yer alırsınız?
- Mən bu barədə konkret bir fikir söyləyə bilmərəm. Amma hər iki mənbədən olan məlumatları oxumuşam.
- Bəqərə surəsində Harut və Marut adlı mələklərin insanlara sehr, cadu öyrətdiyi bildirilir. Bu, dinin xarakterinə paradoksallıq gətirmir?
- Allah müxtəlif varlıqlar yaradıb. O cümlədən müxtəlif xüsusiyyətli mələkləri. Mələklər günahsızdır. Harut və Marut insanlara xeyir iş üçün qeyri-maddi bilikləri öyrətdilər, insanlar isə sonra onu pis məqsəd, cadu üçün istifadə etdilər. Ümumi prinsip bundan ibarətdir ki, insanlar cadu barədə düşünməməlidir, buna önəm verməməlidir.
- Siz tolerant və tənqidə dözümlüsünüz. Məndə olan məlumata görə, o qədər tolerantsınız ki, sələfilər sizi zəng edib təhqir də edəndə, onlara ağır cavab verməməsiniz.
- Dözümlü olmağa çalışıram. Xasiyyətim də belədir. Bəli, düz deyirsiniz, zəng edib məni təhqir edirlər. Amma onların hansı məzhəbdən olmasını deyə bilmərəm. Radikal insanlar istənilən məzhəbdə olur. İş görən, fəaliyyət göstərən, xidmət edən insanlara qarşı bəzilərində qıcıq yaranır. Biz hər tənqidə, təhqirə sərt mövqe nümayiş etdirsək, ondan gərək işlərimizi buraxıb ancaq onlara cavab verək. Ona görə də çalışıram ki, təhqirləri belə dözümlü şəkildə qarşılayam.
- Dövrün müasir ilahiyyatçısı imicini formalaşdıra bilmisiniz. Həm də tənqidə açıqsınız. Ona görə də bu sualın ünvanı düşünürəm ki, elə siz özünüzsünüz. "Quran", din tənqid oluna bilərmi?
-Mən dini dəyərlərin təhqir olunmasını yolverilməz hesab edirəm. Bəzi Qərb ölkələrində söz azadlığı adı altında müqəddəs şəxsiyyətlərin məsxərəyə qoyulmasının, təhqir olunmasının əleyhinəyəm. Bu, inanca qarşı sayğısızlıqdır. Tənqid isə fərq1idir. Hər bir insan istənilən məsələni, o cümlədən dini tənqid edə bilər. Dini tənqid etmək olar. Amma zəhmət çəkib, buna dözümlü yanaşıb, bu tənqidləri cavablandırmaq lazımdır. Biz dinin tənqidinə əsaslı, tutarlı cavablar verməliyik. Bəziləri bu iradlara cavab verə bilmir və qarşı tərəfi kafirlikdə ittiham edir. Tənqid tərəqqinin, inkişafın açarıdır. Amma tənqid də qərəzsiz olmalıdır.
- Bəs imamlar necə?
- Bizim etiqadımıza görə, məsum insanlar var. Bunlar peyğəmbərlər və imamlardır. Biz onların ağlımıza əsasən qəbul etməliyik. Dinimiz peyğəmbərə və imama kor-koranə itaət etməyi qəbul etmir, onları ağılla tanımaq gərəkdir. Quranda da qeyd olunur ki, insanları hikmətlə doğru yola yönəltmək lazımdır. İslamda siz dözümlülüyün həddinə baxın ki, imam Cəfər Sadiq Mədinədə yaşadığı zamanlarda Allahı inkar edən alimlərlə söhbət edirdi. O, Mədinə məscidində ateistlərin fikirlərini dinləyirdi. Buna dözümlü şəkildə cavablar verirdi. İmamların özünün həyatı ilə bağlı müəyyən suallar yarana bilər. Amma biz tutarlı mənbələrdən istifadə etmədən, Qərb müəlliflərinin yazdıqları kitablara dayanaraq tənqid etməyə tələsməməliyik. Biz tənqid etdiyimiz mövzu haqqında dolğun məlumata malik olmalıyıq. Əsaslı bir iddia ortaya qoyana isə elmi bir şəkildə dəlillərlə cavab verilməlidir.
- Siz, yəqin ki, ateizm mövzusunda da kitablar oxuyursunuz. Həqiqət demirəm, bəs ateizmdə məntiq varmı?
- İstənilən fikir yaşayırsa, burada doğru da olar, yanlış da. Mən Qərb filosoflarını, ateist müəllifləri də oxuyuram. Burada əsas problem yanaşmadadır. Filosoflar niyə lazım olan bir nəticəyə gəlib çıxmırlar? Çünki məsələlərə lazımi yanaşma ortaya qoymurlar. Hesab edirəm ki, din insanın fitrətinə, ağlına uyğun bir həqiqətdir. Biz materializmi, dini inkar edən düşüncələrin səbəblərini araşdırmalıyıq ki, onlar haradan qaynaqlanır. İnsan üçün inanc təbii bir amildir. Ağıl özü də Yaradanının varlığını qəbul edir. Bəzi ateist filosoflarına dinə qarşı çıxmalarına səbəb kilsənin həyata keçirdiyi inkvizisiyalar olub. Kilsənin elmi inkişafa qarşı kəskin mövqe tutması bir çox adamı ateist edib. Bəzən də kilsə təlimlərinin elmi görüşlərlə uzlaşmaması da rol oynayıb. Bütün bunlar bəzilərini acıqlandırıb və onlar ateizmə yönəliblər. Amma bu, məncə, Allahı inkar etməyə əsas vermir. İstənilən ateist filosofun sözlərinə baxsaq, orada həqiqət axtarmaq olar.
// Aktual.az